01 iyun 2023 00:00
620

Uşaqların sevinci dünyanın sevincidir

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsi Azərbaycanda bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. Cəmiyyətimiz həmişə uşaqlara xüsusi məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb, necə deyərlər, hər şeyin yaxşısını uşaqlara verib.

 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşəndən və bütün dünya ictimaiyyəti tərəfindən təntənəli şəkildə qeyd olunmağa başlayandan sonra ölkəmizdə də bu tarix əlamətdar günə çevrilmişdir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ilk beynəlxalq sənəd - Uşaq Hüquqları haqqında Konvensiya Beynəlxalq Demokratik Qadınlar Federasiyasının təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən 1950-ci ildə qəbul edilib. O vaxtdan da dünyanın ayrı-ayrı ölkələrində 1 İyun-Uşaq Hüquqlarının Müdafiəsi Günü qeyd olunmağa, bu münasibətlə müxtəlif tədbirlər keçirilməyə başlanıb. Sonrakı on illər ərzində Uşaq Hüquqları haqqında Konvensiyaya qoşulan ölkələrin sayı artmaqda davam edib.

Azərbaycanda uşaq siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Uşaqları bütün varlığı ilə sevən Ulu Öndərimizin təşəbbüsü ilə Azərbaycan 1994-cü ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulmuş, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, “SOS Kinderdorf İnternational” təşkilatı ilə Azərbaycan hökuməti arasında əldə olunmuş razılaşmaya əsasən “Bakı SOS uşaq kəndi” salınmışdır. Heydər Əliyev xalqımızın sabahını – gənc nəsli yaşatmaq, uşaqlar arasında həyat səviyyəsini yaxşılaşdırmaq üçün xarici ölkələrin diqqətini respublikamıza yönəltmişdi. 2002-ci ildə isə müstəqil Azərbaycan Respublikası Uşaq Hüquqları haqqında Konvensiyaya iki Əlavə Protokola qoşularaq uşaq hüquqlarının daimi müdafiəsinə sadiqliyini bir daha təsdiq edib. Əlamətdar cəhətlərdən biri kimi onu da qeyd etmək lazımdır ki, Azərbaycan 1999-cu ildə Uşaq Hüquqları Haqqında Konvensiyanın müddəalarına əsaslanaraq "Azərbaycan Respublikasının uşaq hüquqları haqqında" Qanununu qəbul edib. Eyni zamanda, məlum Konvensiyaya qoşulduqdan sonra ölkəmiz mütəmadi olaraq özünün uşaq hüquqları ilə bağlı qanunvericilik bazasını və hüquqi-normativ aktlarını təkmilləşdirib,uşaq hüquqlarının müdafiəsi, onların əsl vətəndaş kimi formalaşmaları, ilk növbədə isə sağlam böyümələri, lazımi təhsil və tərbiyə almaları üçün ardıcıl tədbirlər görüb. Ulu Öndərin qanunvericilik təşəbbüsü əsasında 1998-ci ildə Milli Məclisdə "Uşaq hüquqları haqqında", 1999-cu ildə "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunlar qəbul edilib. Müstəqillik illərində Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da birbaşa bu məqsədlərin uğurla həyata keçirilməsinə xidmət edir.

Ulu Öndər Heydər Əliyev deyirdi: “Xalqımızın xüsusiyyəti, ən gözəl ənənələrindən biri də ondan ibarətdir ki, bizim insanlarımız, təkcə valideynlər yox, ümumiyyətlə, hamı uşaqlara xüsusi qayğı, xüsusi münasibət göstərir, uşağı böyütməyi, ərsəyə gətirməyi, uşağa tərbiyə verməyi insanların əksəriyyəti həyatının mənası və məqsədi hesab edir. Bu gün mən bu sözləri ona görə deyirəm ki, bizim, ümumiyyətlə xalqımızın uşağa münasibətini, eyni zamanda ölkəmizdə, vətənimizdə uşağa nə qədər yüksək qayğı göstərildiyini bir daha dünyaya bəyan edim. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur.”

Bu gün ölkəmizdə uşaqların sağlamlığı, inkişafı, təhsili, onların hüquqlarının qorunması üçün bütün tədbirlər uğurla davam etdirilir. Dövlətimiz hər bir azərbaycanlı uşağın yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Ölkəmizdə dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ilin "Uşaq İli" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həlli ilə bağlı vacib proqramlar reallaşdırılır. Fondun təhsil və səhiyyənin bir sıra problemlərinin həlli, yeni məktəblərin inşası, körpələr evi və internat məktəblərinin əsaslı təmiri və yenidən qurulması prosesində yaxından iştirakı Azərbaycanın gələcəyi olan uşaqlara yüksək qayğı nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu yöndə səfərbər olunmasına yönəlmişdir. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında ötən illər ərzində respublikanın ən müxtəlif bölgələrində 250-dən çox müasir tipli orta məktəb inşa olunaraq istifadəyə verilmiş, "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" və "Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması" layihəsi çərçivəsində körpələr evi, bağça və internat məktəbi əsaslı təmir olunmuşdur. Uşaq evləri və internat yetirmələrinin sosial-psixoloji reabilitasiyasına imkan yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və zəif görən uşaqlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsi", "Təhsilə dəstək" və "İnklüziv təhsil" proqramlarının həyata keçirilməsi də fondun xidmətləri sırasında xüsusi vurğulanmalıdır.

Uşaqlar sabahın vətəndaşı, gələcəyimizin zəmanətidirlər. Məhz bu səbəbdən azyaşlıların qorunması, qayğı ilə təmin olunması, sağlamlığı, təhsilə yiyələnməsi, fiziki və mənəvi təzyiqlərdən uzaq tutulması cəmiyyət üçün bir çox cəhətdən önəmlidir. Dünyamızın gözəlləşməsi, insanların xoşbəxtlik və səadəti uşaqların hüquqlarının qorunması və sağlam şəkildə yetişdirilməsindən asılıdır. Cahandakı gözəllikləri dadmaq sülh şəraitində yaşamaqdan başlayır. Uşaqların Beynəlxalq Müdafiəsi Günündə hər bir azyaşlının ortaq duyğuları yaşaması dünyada bütün xalqların sülh və əmin-amanlıq şəraitində yaşaması üçün bir ümid çırağıdır. Bu çırağın daha parlaq işıq saçması üçün valideyn himayəsindən məhrum uşaqların, hər gün yaxınları tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalan azyaşlıların, müharibə şəraitindəki ölkələrdə ac və susuz şəraitdə yaşayan çağaların, əqli və fiziki qüsurlu körpələrin bircə gülüşü kifayətdir. Çünki uşaqların sevinci dünyanın sevincidir.

Sevinc Azadi, “İki sahil”