Biləsuvar Rayon İcra Hakimiyyəti, YAP Biləsuvar rayon təşkilatı və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev - Müstəqil Azərbaycan Konstitusiyasının müəllifi” mövzusunda konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, konfransda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı, siyasi elmlər doktoru, professor Murtəza Həsənov, Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Məmmədov, YAP Rayon təşkilatının ərazi partiya təşkilat sədrləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, partiya veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Konfransa başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunmuşdur. Sonra Heydər Əliyev Mərkəzinin foyesində eksponatlar və Ulu öndərin 102 illiyi münasibətilə təşkil olunmuş rəsm sərgisinə baxış keçirilib.
Konfransın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin anılması ilə öz işinə başlayıb.
Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransda çıxış edənlər tarixi şəxsiyyət, görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin xalqımızın taleyində misilsiz rolundan danışıb, Azərbaycanın yeni tarixinin dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu bildiriblər. Qeyd olunub ki, Ümummilli Lider Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb. Məhz Ulu öndərin məqsədyönlü, uzaqgörən siyasətinin nəticəsində ölkəmiz tənəzzüldən tərəqqiyə qədəm qoymuş, müasir, gündən-günə inkişaf edən Azərbaycanın müstəqilliyi əbədi və dönməz olmuşdur.
Bildirilib ki, Ulu öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi onun həyatının bütün mərhələlərində özünü göstərmişdir. Bu müdrikliyin ən bariz təzahürlərindən biri isə Azərbaycan dövlətçiliyinin davamlılığını təmin edəcək liderin – Prezident cənab İlham Əliyevin siyasi varisliyini vaxtında və strateji uzaqgörənliklə müəyyən etməsi olmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutması, böyük nüfuza və beynəlxalq arenada söz sahibi olan güc mərkəzinə çevrilməsi Ulu öndər Heydər Əliyevin siyasi iradəsinin, starteji düşüncəsinin və xalqımıza olan sonsuz sevgisinin bəhrəsidir.
Sonra YAP Biləsuvar rayon təşkilatı qarşısındakı xidmətlərinə görə 2025-ci ildə yubiley yaşı tamam olmuş bir qrup partiya veteranına fəxri fərmanlar və partiya üzvlüyünə qəbul olunmuş bir qrup şəxsə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin hazırladığı konsert proqramı ilə davam edib.
Sonda iştirakçılarla xatirə fotosu çəkilib.