31 may 2023 23:12
260

Böyük yola davam...

Qardaş Türkiyə sabitliyi, inkişafı və demokratiyanı seçdi

Mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda seçicilər yüksək fəallıq nümayiş etdirərək Rəcəb Tayyib Ərdoğanı növbəti 5 il üçün dövlət başçısı seçdi. Beləliklə, qardaş türk xalqı bir daha sabitlik və inkişafa, demokratiyaya səs verdi.

Mayın 14-də baş tutan birinci tur seçkilərində prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün ikinci tura ehtiyac duyulub. Bu turda Ərdoğan seçicilərin böyük etimadını qazanaraq 52,14% səslə tarixi qələbə qazanıb. O, 85 milyonluq güclü ölkədə demokratiyanın gələcək istiqamətini yönləndirməklə yanaşı, dünya siyasətinin formalaşmasında da təsirli mövqedədir. Xarici siyasətdə Ərdoğanın daha beş ili Türkiyənin Şərq-Qərb güc mübarizəsində ticarətdən tutmuş Ukraynadakı müharibəyə qədər hər şeydə müstəqilliyini qorumağa davam edəcəyinin şahidi olacaq. Liviya, İran, İraq, Səudiyyə Ərəbistanı, Qətər, Fələstin, İsrail və başqa ölkələrin nüfuzlu media orqanları da Türkiyə seçkilərinə geniş yer ayırıb, günün əsas hadisəsi kimi silsilə yazılar dərc edilib.

Ərdoğan seçkilərdə qələbə münasibətilə xalqa müraciətində bildirib ki, bu gün Türkiyə əsrinin qapısı açılıb: “Qəlbi və gözü bizdə olan dostlarımızın ümidlərini birlikdə doğrultduq. Türk xalqı 28 mayda tarix yazdı. Qarşımızda 2024-cü il var. Həmin ildə İstanbulumuzu yenidən qazanmaq üçün çox çalışacağıq”. Onun sözlərinə görə, bundan sonrakı əsas hədəf xalqın birliyinə sahib çıxmaqdır: “Heç kim bu ölkənin qazanclarına göz dikə bilməz. Qardaş ölkə prezidentləri sevincimizi bizimlə bölüşürlər.”

Ərdoğanın böyük Zəfərinə ilk təbrik Azərbaycandan gəldi

Dövlətimizin başçısı İlham Əliyev mayın 28-də Ərdoğana zəng edərək prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə təbrik edib. Azərbaycan Prezidenti, həmçinin Ərdoğana təbrik məktubu da ünvanlayıb. Məktubda qeyd edilir ki, tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil edir. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi xalqımız tərəfindən həmişə böyük minnətdarlıq hissi ilə xatırlanır. Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizi ilk səfərinizi Azərbaycana həyata keçirməyə dəvət edirəm,” – deyə məktubda qeyd olunub.

Azərbaycan Prezidentinin sözügedən təbrikinə Türkiyə mediasında geniş  yer verilib. Türkiyənin əksər televiziyaları və tanınmış xəbər agentlikləri bu xəbəri işıqlandırıb. Türk mediası dövlət başçısı İlham Əliyevin təbrikini “Prezident Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayıb. Həmçinin Prezident İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsi də xüsusi vurğulanıb.

Bu tarixi Qələbə türk dünyasında təntənəli qeyd edilir

Ərdoğanın tarixi qələbəsi Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Bakı və Gəncədə təntənəli böyük sevinclə qarşılanıb. Çoxlu sayda sakinlər Azərbaycan və Türkiyə bayraqları ilə şəhərin mərkəzi meydanında toplaşaraq bu tarixi qələbəni bayram kimi qeyd ediblər. Ümumiyyətlə, Türkiyə son 21 ildə Ərdoğanın rəhbərliyi ilə çox böyük inkişaf yolu keçib. Qardaş ölkənin milli iqtisadiyyatının, texnologiyasının inkişafı, Türkiyə Silahlı Qüvvələrinin həm Cənubi Qafqazda, həm Balkanlarda, eyni zamanda Afrikada, Yaxın Şərqdə, Qətərdə nüfuz qazanması, həmçinin dost ölkənin dünya miqyasında rolunun artması, Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi və bir çox sahələrdə əməkdaşlığın yüksək olması Azərbaycan xalqını sevindirir.

Son illər qardaş ölkə iqtisadiyyatında müşahidə edilən volatilliyə, məzənnə enişlərinə və inflyasiyaya rəğmən Türkiyə iqtisadiyyatı son 20 ildə real ifadədə 3 dəfə böyüyüb. 2003-cü ildə 314 milyard dollar ÜDM-ə malik olan Türkiyə iqtisadiyyatı indi 900 milyard dollardan böyükdür. Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu il Türkiyədə ÜDM-in 1 trilyon 29 milyard dollara çatması gözlənilir. Bu isə o deməkdir ki, xarici şoklar olmazsa, bu il Türkiyə trilyon dollarlıq iqtisadiyyata malik ölkələr qrupuna daxil olacaq.

Türkiyə hazırda hərbi, avtomobil sənayesində xüsusi üstünlüyə malik olan ölkələrdən hesab olunur. Bu isə o deməkdir ki, qardaş dövlət növbəti illərdə iqtisadiyyatın keyfiyyətcə daha da genişləndirilməsinə nail ola bilər. Turizm gəlirləri fonunda innovativ sənaye məhsulları ixracatı ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradacaq. Türkiyə Azərbaycanın haqq işinə hər zaman dəstək verən ölkələrdəndir. İstər Vətən müharibəsində, istərsə də Qarabağ və Şərqi Zəngəzurda quruculuq prosesində Türkiyənin dəstəyi hər zaman hiss edilib. İşğaldan azad olunan ərazilərimizdəki hər iki beynəlxalq hava limanlarının açılışında, Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin təməlqoyma mərasimində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı və eləcə də Müttəfiqlik Bəyannaməsinin Şuşada imzalanması da bunları təsdiq edir. Bu isə o deməkdir ki,  Ərdoğanın yenidən seçilməsindən sonra iki ölkə arasında birgə strateji əməkdaşlıq daha da dərinləşəcək.

İki qardaş ölkənin regionda mühüm əhəmiyyət daşıyan  birliyinin gələcəyi və bölgədə baş verən proseslərə təsir imkanları da böyükdür. Biz “Bir millət, iki dövlət” düsturu ilə bu münasibətləri çoxşaxəli əməkdaşlıq, tərəfdaşlıq və qardaşlıq kimi görürük. Hər iki ölkə birgə dünya üçün çox mühüm layihələr həyata keçirir. Söhbət enerji və nəqliyyat layihələrindən gedir. Bu strateji tərəfdaşlıq hazırda bütün dünya xalqları və ölkələri üçün nümunə ola biləcək bir inkişaf modelidir. Bu, bir işıqlı yoldur. Həmin model bütün dünya üçün çox vacibdir. Bir sözlə, təkcə bizim bölgədə deyil, dünyada sabitliyin və inkişafın təməl sistemini formalaşdıra bilən Azərbaycan - Türkiyə birliyi daha böyük gələcəyə malikdir.

Bütövlükdə, Türkiyədə seçkinin nəticələri region üçün də əhəmiyyətli idi. Şübhə yoxdur ki, Rəcəb Tayyib Ərdoğanın yenidən Prezident seçilməsi mövcud regional düzənin daha da möhkəmlənməsinə şərait yaradacaq.

Cavid Əkbərov, “İki sahil”