03 iyun 2023 02:57
1575

İran anklavlarla bağlı niyə bu qədər təlaş keçirir?..

Tarixən Azərbaycana və türk dünyasına qarşı ikiüzlü, hiyləgər və məkrli siyasət yürüdən İran xüsusilə ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən bərpa edən respublikamıza qarşı davamlı olaraq təxribatçı, riyakar addımlar atıb. Sözdə “İslam respublikası” olan İran bütün dövrlərdə işğalçı Ermənistanın yanında olduğunu, onun maraqlarını müdafiə etdiyini öz çirkin əməlləri ilə təsdiq edib. Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Tehran hökuməti Ermənistanla siyasi, iqtisadi-ticarət, humanitar əlaqələrini inkişaf etdirib, birgə layihələr həyata keçirib.

Otuz il işğal altında olan Azərbaycan torpaqlarında məscidlərin, dini abidələrin erməni barbarları tərəfindən dağıdılmasına, təhqir edilməsinə göz yuman, qırx dörd günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərini həzm edə bilməyən mollakratiya müharibədən sonra təcavüzkar Ermənistanla işbirliyini daha da möhkəmləndirib.

Azərbaycanın torpaqları işğal altında olan dövrdə yalnız növbətçi bəyanatlarla kifayətlənən İran rəsmiləri postmüharibə mərhələsində Ermənistanın ərazi bütövlüyünün “qırmızı xətt” olması ilə bağlı ardıcıl bəyanatlar verib, Azərbaycana qarşı hədələr səsləndirib, sərhədlərimizdə hərbi təlimlər keçirib, bütün mümkün vasitələrlə işğalçını müdafiə ediblər. 

Bu gün də İrandan Azərbaycana yönəlik təhdidlər müxtəlif formalarda özünü göstərməkdədir. İran rejimi bu gün də cidd-cəhdlə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla regional inkişafı ləngidir. Molla rejiminin rəsmiləri həyasızcasına bəyan edirlər ki, Naxçıvan bölgəsini Azərbaycandan ayıran və İranla Ermənistan arasında sərhəd bölgəsi olan Zəngəzur Azərbaycanın nəzarətinə keçərsə, bir tərəfdən İranın Rusiya, Qafqaz və Avropa ilə əlaqəsi kəsiləcək, geosiyasi mövqeyi risk altına düşəcək, digər tərəfdən isə Azərbaycan Türkiyəyə birləşəcək, Türkiyə və NATO Xəzər dənizinə çıxışa malik olacaq, İsrailin də bölgədə nüfuzu artacaq və s.

Bir müddət əvvəl İranın ölkəmizdəki sabiq səfiri Əfşar Süleymani molla rejiminin cəfəngiyyatını məntiqli sualları ilə alt-üst etmişdi: “Birincisi, İranın Rusiya, Qafqaz və Avropa ilə əlaqəsi nə vaxtdan Ermənistan vasitəsilə həyata keçirilir ki, bundan heç kimin xəbəri yoxdur? Bu cür daşlı-kəsəkli, bahalı və təhlükəli marşrutda belə hərəkət dayandırılmayıb. Heç bir fakta əsaslanmayan bu təhlillərin müəllifləri mənim kimi savadsız insanları inandırmaq üçün İran və qeyri-İran qoşqu və yük maşınlarının Ermənistan üzərindən Avropaya yük daşıması ilə bağlı statistik məlumatları təqdim etsinlər və onları Türkiyə vasitəsilə Avropaya və ya Azərbaycan vasitəsilə Rusiya, Gürcüstan və Qara dənizə çıxan yük maşınlarının statistika ilə müqayisə etsinlər. İran həmişə Rusiya, Şərqi Avropa, Gürcüstan, Qafqaz və Qara dənizə Xəzər dənizi və ya Azərbaycan vasitəsilə çıxıb, Türkiyə vasitəsilə isə Avropa ilə nəqliyyat əlaqəsi qurub”.

İndi də Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana aid 8 kəndi “Azərbaycandakı anklavlarla dəyişməyə” hazır olduğunu bildirməsi mollakratiyanın yuxusunu ərşə çəkib. Belə ki, N.Paşinyan bildirib ki, Ermənistan ərazisində elə anklav yoxdur ki, onun qaytarılması ilə həlledilməz yol problemi yaransın. Tehran rəsmiləri isə haray-həşir salıblar ki, Naxçıvanın Sədərək rayonuna aid olan Kərki kəndinin Azərbaycana qaytarılması yolverilməzdir. Çünki o zaman İran-Ermənistan yolu Azərbaycanın nəzarətinə keçəcək. Yeri gəlmişkən, Ermənistanın Gürcüstana yolu hazırda Qazax rayonunun ermənilərin nəzarətində olan anklav kəndlərindən keçir. Həmin anklavlar Azərbaycana geri qaytarıldıqda (şübhəsiz, gec-tez bu baş tutacaq) Ermənistanın İran və Gürcüstanla quru yolla əlaqələri ölkəmizin nəzarətinə keçəcək.

Hazırda molla rejimi ən çirkin vasitələrə əl ataraq bu prosesin qarşısını almağa çalışır. Bu yaxınlarda anti-Azərbaycan mövqeyi və molla rejiminə yaxınlığı ilə tanınan iranlı ekspert Ehsan Movəhhedianın açıqlamaları bunun əyani sübutudur: “İranın Ali Milli Təhlükəsizlik Şurasının yeni katibinin ilk prioritetlərindən biri İranın Ermənistan və Gürcüstana tranzit marşrutu üzərindəki 8 kəndin Bakıya verilməsi xəbərinin həqiqiliyini araşdırmaq olmalıdır. Bununla İran-Ermənistan sərhədi praktiki olaraq kəsilir. Türk dünyası, NATO və sionistlərin planlaşdırdığı blokada Orta Dəhlizin açılmasını hərbi qarşıdurmasız mümkün edəcək. Sonra isə Ermənistanın cənubu zorla, yaxud yeni sülhə məcburetmə yolu ilə işğal olunacaq ki, Bakının Zəngəzur dəhlizi üzərindən Naxçıvana və Türkiyəyə çıxışı təmin edilsin. 30 ildir bu yola çıxışı olan İran isə marşrutdan kənarlaşdırılacaq. NATO, sionistlər və Türkiyə İrana olan bu ehtiyacı aradan qaldıraraq, mühasirəmizi tamamlamaqla İranın şimal-qərbində müharibə və parçalanma həyata keçirməyə can atırlar!”.

Şübhəsiz, Tehran rejiminin, eləcə də bu rejimin dili ilə danışan ermənipərəst “ekspertlər”in anklavlarla bağlı haray-həşirləri tam əsassızdır və heç bir nəticə verməyəcək. Bu şarlatanlar bilmədirlər ki, mollakratiyanın anklavlarla bağlı məkrli planları ölkəmizə qarşı yönəlik əvvəlki bütün cəhdləri kimi iflasa uğrayacaq. Çünki Azərbaycan haqq-ədalət yolundadır və bu yoldan dönməyəcəkdir…

Zahid Rza, “İki sahil”