03 iyun 2023 02:14
370

"Həmrəylik Halqası": Yeni iştirakçılar, ideyalar, planlar…

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, çıxışlarda səslənən fikirlər təsdiqlədi ki, enerji təhlükəsizliyində təkcə marşrutların deyil, mənbələrin şaxələndirilməsinə də diqqəti artıran Azərbaycan ümumavropa qaz təchizatçısına çevrilir

Paytaxtımızda öz işinə başlayan və üç gün davam edəcək Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – «Caspian Oil&Gas» və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – «Caspian Power» sərgilərinin təşkili ilə Azərbaycan yenidən dünya ictimaiyyətinin diqqət mərkəzinə gəlib. 38 ölkədən 331 şirkətin iştirak etdiyi bu ilki Bakı Enerji Həftəsinin ölkəmizdə tənətənə ilə qeyd olunan «Heydər Əliyev İli»nə təsadüf etməsi sərgi iştirakçılarının da marağına səbəb olub.

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində qeyd olunduğu kimi, bu ilki tədbirin” Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf etməsi əlamətdar bir hadisədir. Müraciətdə qeyd olunan «Azərbaycanda enerji üzrə dialoq platformasının və sərgi fəaliyyətinin formalaşması Heydər Əliyevin müstəsna rolu ilə bağlıdır. «Xəzər Neft və Qaz” sərgisi»nin bünövrəsinin qoyulması və Ümummilli Liderin rəhbərliyi ilə işlənib hazırlanan neft strategiyasının elan olunması eyni vaxta – 1994-cü ilə təsadüf etmişdir. Məhz həmin il imzalanmış «Əsrin müqaviləsi»”ndən sonra enerji təhlükəsizliyinin etibarlı təminatçısına çevrilən Azərbaycan neft-qaz sahəsində bütün xarici tərəfdaşlarla əməkdaşlıqda və enerji resurslarının ixracında uğurlu nümunə yaratmışdır. Hazırda Azərbaycan «yaşıl enerji» ixracına dair layihələr həyata keçirməklə özünün neft-qaz tarixindəki uğurunu təkrarlayır» sözləri dünyanın enerji xəritəsini dəyişən neft strategiyasının müəllifi Ulu Öndər Heydər Əliyevin xatirəsinə beynəlxalq səviyyədə göstərilən hörmət və ehtiramın ifadəsidir.

Sərgi münasibətilə Prezident İlham Əliyevə səmimi arzularını çatdıran Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin dövlət başçımıza ünvanladığı məktubda 30 ildə hər iki dövlət arasında daha da möhkəmlənən əməkdaşlıqdan məmnunluq ifadə olunur.

«Bu tədbir ölkələrimizin təhlükəsiz və təmiz enerji ilə bağlı gələcəyə birgə sadiqliyini vurğulayır. Azərbaycan bu səylərin həyata keçirilməsində vacib rol oynayır. Azərbaycan təhlükəsiz enerji təchizatına olan tələbatın ödənilməsinə yardım etməkdədir – buraya Cənub Qaz Dəhlizi daxil olmaqla, Orta Dəhlizin inkişafı və enerji çevikliyini gücləndirən enerjinin şaxələndirilməsinin artırılması daxildir. Qlobal iqlim məqsədlərinə nail olmaq üçün Azərbaycanın səyləri, o cümlədən bərpaolunan enerjinin inkişafının artırılmasına və enerji səmərəliliyinin gücləndirilməsinə dair təşəbbüslər məni sevindirir.» Məktubda əlavə olaraq qeyd edilir ki, Azərbaycan xalqı üçün imkanların artırılmasına yönəlmiş islahatların həyata keçirildiyi dönəmdə ABŞ yanınızda olacaqdır. Bununla yanaşı, biz gələcək nəsillər üçün Cənubi Qafqazda sülhün və rifahın təşviqinə kömək göstərəcək ədalətli və dayanıqlı sülhü dəstəkləməyə davam edəcəyik.

Ənənəvi olaraq hər il keçirilən Bakı Enerji Həftəsində dünyanın enerji xəritəsində rolu artan Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələrin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev mühüm tədbiri qlobal enerji təhlükəsizliyinin təmini, alternativ və bərpa olunan enerji potensialı, o cümlədən «yaşıl enerji» layihələrinin təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi, habelə enerji mənbələrinin şaxələndirilməsi istiqamətində müzakirələr üçün fürsət kimi dəyərləndirdi. Müasir dövrümüzün əsas enerji hədəfi olan «yaşıl enerji»yə keçidlə bağlı ölkəmizdə görülən işlərin sürətləndirilməsini Avropa dövlətlərinin enerji tələbatının ödənilməsi istiqamətində önəmli addımlar adlandırdı. Bildirildi ki, xüsusilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı layihələrin həyata keçirilməsi, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda «yaşıl enerji» zonasının yaradılması enerji istehsalçısı və ixracatçısına çevrilən Azərbaycanın alternativ resurslardan səmərəli istifadə qitə dövlətləri üçün əlverişli mənbədir.

1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasından sonra təşkil olunan Xəzər Neft-Qaz Sərgisi, artıq ənənəvi keçirilən Bakı Enerji Həftəsi beynəlxalaq tədbirlər arasında əməkdaşlıq formatının genişlənən coğrafiyası ilə fərqlənir. Avrasiyanın enerji xəritəsini qlobal layihələri ilə dəyişdirən, istehsalçı kimi tranzit ölkələr, istehlakçılar üçün təhlükəsiz şərait yaradan Azərbaycan milli təhlükəsizlik qədər əhəmiyyətli olan enerji təhlükəsizliyinin gündəliyində önəmi ilə fərqlənir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə başlanan enerji dialoqu uğurla icra edilir. «Biz artıq enerji dialoqumuzu başlamışıq, uğurla davam edir. Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvləriyik, o, hər il fevral ayında Bakı şəhərində baş tutur. O da çox böyük əhəmiyyətə malikdir ki, bizim bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün bizim yeni vəzifələrimiz var. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir» sözləri ilə yenilənən, bərpa olunan enerji ilə bağlı layihələrin əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji təhlükəsizliyi təkcə marşrutların şaxələndirilməsi deyil, eyni zamanda, mənbələrin şaxələndirilməsidir.

Ötənilki Bakı Enerji Həftəsindən sonra qitə dövlətləri ilə birgə həyata keçirilən tədbirlər, mərasimlər qarşılıqlı əməkdaşlığın nəticəsidir. 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatını iki dəfə artırmağı nəzərdə tutan Azərbaycanın enerji səmərəliliyi və bərpa olunan enerji məsələsi üzrə təklifləri beynəlxalq səviyyədə dəstəklənir. Yunanıstan-Bolqarıstan interkonnektorunun açılması ilə Azərbaycanın təbii qazı Bolqarıstana, sonra isə digər ölkələrə çatdırılacaq. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar vaxtında inşa edilsə, bu ilin sonuna qədər Azərbaycanın təbii qazı Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da ölkəmizin qaz ixracı üzrə marşrutu genişlənəcək.

Ötən il Buxarestdə Azərbaycanın, Gürcüstanın, Macarıstanın, Rumıniyanın, və Avropa Komissiyasının Prezidentinin iştirakı ilə yaşıl enerjiyə və transmissiyaya dair sənədin imzalanması, layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisinin ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli Azərbaycanla qitə dövlətləri arasındakı qarşılıqlı əməkdaşlığın nəticəsidir. Sofiya şəhərində Azərbaycanın, Bolqarıstanın, Macarıstanın, Rumıniyanın və Slovakiyanın daxil olduğu «Həmrəylik Halqası»nın reallaşması ilə Azərbaycan ümumavropa qaz təchizatçısı adlandırılır.

«Bizim təchizatın coğrafiyası, əminəm ki, genişlənməkdə davam edəcək. Çünki Azərbaycan qazına ehtiyac artmaqdadır. Son ilyarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Əlbəttə, biz bütün dostlarımızın ehtiyaclarını ödəməyə çalışırıq» söyləyən Prezident İlham Əliyev bərpa olunan enerji sahəsində də Azərbaycanın zəngin potensialını diqqətə çatdırıb.

TANAP-ın, TAP-ın ixrac imkanlarının genişləndirilməsi ilə digər Avropa boru kəmərlərinə, Balkanlara çıxışı təmin etməklə Avropada interkonnektorların sayı artırılmalıdır. Prezident İlham Əliyevin «Ona görə də biz bu komanda işini davam etdirməliyik. Dediyim kimi, Cənub Qaz Dəhlizi layihəsi artıq başa çatsa da, Məşvərət Şurasının işi hər il fevral ayında Bakıda davam edir. Növbəti toplantı üzümüzə gələn fevral ayında Bakıda keçiriləcəkdir. Çünki artıq yeni iştirakçılarımız var, yeni ideyalarımız var, planlarımız var. Biz bunları reallaşdırdıqca, bütün işlərimiz uğurla gedəcəkdir» sözlərini təsdiqləyən ABŞ Dövlət katibinin enerji ehtiyatları üzrə köməkçisi Cefri Pyattın vurğuladığı kimi, Azərbaycan enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olub. ABŞ bundan sonra da əməkdaşlığı davam etdirəcək və əmindir ki, etibarlı enerji mənbələri Azərbaycan tərəfindən təmin olunacaq.

Xuraman İsmayılqızı, «İki sahil»