02 iyun 2023 23:13
400

İşğaldan azad olunmuş Laçın rayonu yeni inkişaf mərhələsində

28 May – Müstəqillik Günündə Cənab  Prezident İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb.

Dövlətimizin başçısı görüşdə çıxış edərkən  bildirmişdir ki, azad edilmiş torpaqlarda yaradılmaqda olan bütün şəhər və kəndlərimiz təxminən bax bu səviyyədədir. Azad edilmiş bütün ərazilərdə geniş quruculuq işləri aparılır. Yəni, bu, bir daha onu göstərir ki, biz - o torpaqların sahibləri gəlmişik qurmaq üçün, yaratmaq üçün. Mənfur düşmən 30 il bizim şəhər və kəndlərimizi dağıdıb, viran qoyub, özü də yaşamayıb, bizə də yaşamağa imkan verməyib. Biz isə cəmi iki il yarım ərzində artıq keçmiş köçkünlərin birinci qrupunu Ağalı kəndinə, Talış kəndinə yerləşdirmişik və üçüncü yaşayış yeri, hara ki, keçmiş köçkünlər qayıdır, Laçın şəhəri olub. Biz bu ilin sentyabr ayına qədər Zabux kəndini də tamamilə inşa edib zabuxluların sərəncamına verəcəyik. Bildiyiniz kimi, Zabux və Sus kəndləri də Laçın şəhəri ilə eyni gündə işğalçılardan azad edilmişdir və orada da fəal iş aparılır. Beləliklə, həm Laçın rayonunda, həm bütün başqa rayonlarda biz ildən-ilə daha da böyük işlər görməklə öz vətəndaşlarımızı normal şəraitlə təmin edəcəyik.

Dövlətimizin başçısı Laçın rayonunun malik olduğu potensialdan, rayonda həyata keçirilən infrastruktur layihələrindən, kənd, qəsəbə yollarının bərpasından geniş bəhs edərək görülən işlərin yüksək keyfiyyətlə aparılmasının, ətraf mühitin mühafizəsinin və qanunvericiliyə əməl olunmasının vacibliyinə diqqət çəkdi. Prezident İlham Əliyev Laçın şəhərində görülən işlərin fonunda qeyd etdiyi kimi, Laçın nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək, eyni zamanda, bir cənnət məkan olacaqdır. İki ildən artıq dövrdə bu torpaqlarda aparılan bərpa-quruculuq işləri Azərbaycanın iqtisadi imkanlarının təqdimatıdır. Bütün bu işlər ölkəmizin daxili imkanları əsasında həyata keçirilir. Bircə faktı qeyd etmək lazımdır ki, Azərbaycan qısa zamanda həm Qarabağın, həm də Şərqi Zəngəzurun hava qapılarını dünyaya açdı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının ardınca 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində Şərqi Zəngəzurun növbəti hava qapısı dünyaya açılacaq. Belə ki, Laçın Beynəlxalq Hava Limanı qeyd edilən vaxtda istifadəyə veriləcək.

Eyni  zamanda Cənab Prezident İlham Əliyev öz çıxışında bir daha vurğulamışdır ki , İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önəmli idi. Çünki müharibə başa çatanda, demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra onlar nə ilə məşğul olacaqlar. Ermənistan tamamilə aciz vəziyyətdə idi, o, acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük psixoloji zədə, travma vuruldu, bu, təbiidir. Ona görə Azərbaycan burada yenə də liderlik göstərdi. Yəni, bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Biz demişik ki, ATƏT-in Minsk qrupunun xidmətlərinə, - əslində, bu, ayı xidməti idi, - ehtiyac yoxdur. Biz dedik ki, Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Biz 23 aprel tarixində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoyaraq məsələni birdəfəlik həll etdik, ərazi bütövlüyü məsələlərini birdəfəlik həll etdik. Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır.

Cənab Prezident İlham Əliyevin  yürütdüyü siyasət nəticəsində Laçın ən qısa zamanda  ölkəmizin işğaldan öncəki illərdəkindən də inkişaf etmiş bölgələrindən birinə çevriləcək. Təkcə Laçın deyil, bütün işğaldan azad edilən bölgələrimiz cənnətməkana  çevriləcək.

Aliyə Orucova,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı