02 iyun 2023 18:05
319

Azərbaycan-Litva əməkdaşlığının  gələcədə daha da genişləndirilməsi üçün önəmli addımlar atılacaq

“Biz ümid edirik ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək”. Bu fikirləri Prezident İlham Əliyev Litva Respublikasına səfəri çərçivəsində mətbuata bəyanatla çıxışında bildirib.

Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərinə diqqəti çəkərək  işğalın acı fəsadlarını xatırladıb. Ölkə başçısı vurğulayıb ki, Azərbaycan torpaqları uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında idi. Bir milyon azərbaycanlı bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş, ərazilərimizin təxminən 20 faizi işğal olunmuşdu. İşğal edilmiş ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələr işğalçılar tərəfindən dağıdılmışdır. Prezident İlham Əliyev onu da vurğuladı ki, sülh danışıqlarının aparılması nəticə etibarilə Qafqaza uzunmüddətli sülh gətirəcək. Sülh anlaşmasının imzalanması qaçılmazdır. Azərbaycan öz tərəfindən bu məqsədə çatmaq üçün konstruktiv səylər göstərir. Təbii ki, bu sülh anlaşması beynəlxalq norma və prinsipləri əhatə etməlidir. Litva ilə ikitərəfli əməkdaşlıq Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud əlaqələrə də öz müsbət təsirini göstərməkdədir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Litva Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi Avropa ölkələri üçün ən aktual və prioritet məsələlərdən biridir.

Qeyd edilməlidir ki, Azərbaycan son illər ərzində Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində hərtərəfli inkişaf yolu keçib. Azərbaycan enerji təhlükəsizliyi baxımından Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edən strateji tərəfdaşdır. Çünki Azərbaycan özünün enerji təhlükəsizliyini təmin edib. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Dünyanın bir sıra nöqtələrində baş verən müharibələr dünya iqtisadiyyatına da ciddi zərər vurmaqdadır və belə bir şəraitdə enerji böhranının yaranması qaçılmazdır.  Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Bu baxımdan Prezident İlham Əliyevin cari ilin may ayının 22-də Litvaya etdiyi rəsmi səfər çox mühüm əhəmiyyətə malikdir. Yüksək səviyyədə olan Azərbaycan-Litva əməkdaşlığının  gələcədə daha da genişləndirilməsi üçün önəmli addımlar atılacaq. Mətbuata bəyanatla çıxış edən ölkə başçımız Azərbaycan-Litva əlaqələrinin inkişaf etməsindən, Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, ölkəmizdə yaradılmış nəqliyyat və logistika infrastrukturları barədə məlumat verib. İqtisadi əlaqələrin inkişaf etdirilməsi istiqamətində son dövrlər böyük işlər görülüb. Ötən il Litva Prezidentinin Azərbaycana səfər etməsi və Bakıda Azərbaycan-Litva biznes forumun keçirilməsi ticari əlaqələrin genişləndirilməsinin başlanğıcı olub.

Ülvü Abbasov,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının məsləhətçisi