02 iyun 2023 18:18
268

Böyük sərmayələr, yeni ixrac imkanları...

Dövlətimizin başçısı Litva səfəri zamanı ölkəmizin potensialını yüksək səviyyədə təqdim etdi

Azərbaycan Avropa İttifaqına (Aİ) üzv olan bir sıra dövlətlərlə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Ölkəmizlə Aİ-nin üzvü Litva Respublikası ilə sıx siyasi əlaqələr mövcuddur. İkitərəfli əlaqələr digər sahələrdə də əməkdaşlığa böyük təkan verir.

22 may 2023-cü il tarixində Prezident İlham Əliyev Litvaya rəsmi səfəri çərçivəsində bir sıra dövlətlərarası rəsmi sənədlər imzalanıb. Mətbuata bəyanatla çıxış edən dövlətimizin başçısı Azərbaycan-Litva əlaqələrinin inkişafından, ölkəmizin Aİ-nin enerji təhlükəsizliyinə verdiyi töhfələrdən, respublikamızda yaradılan müasir nəqliyyat və logistika infrastrukturları barədə məlumat verib.

Bu gün Azərbaycanla Litva arasında fəal siyasi əlaqələr mövcud olsa da, iqtisadi-ticari münasibətlər hər iki ölkənin arzuladığı səviyyədə deyil. Son dövrlər iqtisadi əlaqələrin inkişafı istiqamətində böyük işlər görülüb. Ötən il Litva Prezidentinin ölkəmizə rəsmi səfəri və Bakıda Azərbaycan-Litva Biznes Forumunun keçirilməsi ticari əlaqələrin genişləndirilməsinə təkan verdi.

Prezident İlham Əliyevin Litvaya səfəri, iki dövlət arasında bir sıra sahələri əhatə edən sənədlərin  imzalanması və bu ölkənin paytaxtı Vilnüsdə Azərbaycan-Litva Biznes Forumunun keçirilməsi iqtisadi və siyasi əlaqələri daha da genişləndirəcək. Litva ilə ikitərəfli əməkdaşlıq Aİ ilə Azərbaycan arasında mövcud yaxın əlaqələrə də öz müsbət təsirini göstərir. Azərbaycan və Litva bərpa olunan enerji sahəsində çox ciddi və paralel işlər aparır. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb marşrut xətlərinin qovşağında yerləşdiyindən ölkəmizdə şaxələndirilmiş böyük nəqliyyat və logistika infrastrukturu yaradılıb. Bunun sayəsində Azərbaycan ərazisindən keçən yüklərin həcmi hər il artmaqdadır.

Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutunu da reallaşdırmaq üçün bütün imkanlar mövcuddur. Hər iki dövlət bu marşrut xəttinin yaradılması və fəaliyyəti istiqamətində birgə real işlər aparır.

Vilnüsdə keçirilən Azərbaycan-Litva Biznes Forumunda Prezident İlham Əliyev ölkəmizlə Aİ arasında enerji sahəsində əməkdaşlıq, bununla yanaşı, bərpa olunan enerjinin Avropa ölkələrinə ixracı  barədə də ətraflı çıxış etdi. Həm Azərbaycanda, həm də Litvada keçirilən Biznes forumlarında hər iki ölkə Prezidentlərinin iştirakı biznes mühitinə və sahibkarlar arasında əlaqələrin inkişafına göstərilən diqqətin bariz nümunəsidir. İki dövlət arasında yaradılmış birgə komissiya iqtisadi-ticari əlaqələrin yaradılmasına və gələcəkdə imkanların dəyərləndirilməsinə böyük təkan verəcək.

Ləman Hacıyeva,
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının fəalı