03 iyun 2023 13:05
511

4 iyun hadisələri: Qurtuluşa gedən yolun başlanğıcı

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.  İllər biri-birini əvəzlədikdə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur.  Zəfər tarixini yazan Azərbaycanın bugününü müstəqilliyinin ilk illərindəki durumu ilə müqayisə etdikdə düşünürük ki, əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlı bu həqiqəti etiraf etmiş olar ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdıb xilaskarlıq missiyasını yerinə yetirməklə ölkəmizi böyük bəlalardan, qarşıdurmalardan, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi, bugünkü uğurlarımızın bünövrəsini qoydu. 

Reallıq budur ki, müstəqilliyimizin ilk illərində biri-birindən mürəkkəb hadisələr burulğanında  çabalayan xalqın sabaha inamı itmişdi, vəziyyətdən çıxmaq üçün yollar axtarırdı.   Paytaxtda yaranan xaosun davamı kimi Gəncədə baş verən hadisələr Azərbaycanın hərtərəfli məhv edilməsinə yönəldilmiş bir qığılcım idi.  Gəncə qiyamı o dövrdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarının yanlış əməllərinin, səriştəsizliklərinin nəticəsi idi. Əslində o dövr Azərbaycanda  hakimiyyətsizlik illəri kimi xatırlanır. Sürət Hüseynov kimi  cinayətkar «milli qəhrəman»  adına layiq görülmüş, elmi işçi baş nazir təyin edilmiş,  texniki-peşə məktəbində komsomol təşkilat katibi  cəbhəçilərin  bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olmuş, institut müəllimi xarici siyasət idarəsinə başçılıq etmiş, müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi  Rəhim Qazıyev kimilərə  tapşırılmışdı. İdarəçilikdən xəbəri olmayan ünsürlərin  cılız iddiaları  Azərbaycanı parçalanmaq, müstəqilliyini itirmək təhlükəsi qarşısında qoymuşdu.

Ölkə Prezidenti müstəqilliyimizin ilk illərinin problemlərindən bəhs edərkən həmin dövrdə hakimiyyətdə olanların təcrübəsizliyini, xəyanətini xüsusi qeyd edir: «Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti xalqımız üçün böyük bəla, böyük biabırçılıq idi. Birincisi, 1992-ci ildə onlar hakimiyyəti qanunsuz yollarla zəbt etmişdilər. O vaxt Dağlıq Qarabağda qanlı döyüşlər gedirdi. Ancaq onların əsas məqsədi nəyin bahasına olursa-olsun hakimiyyətə gəlmək idi. Hətta bəziləri sevinirdilər ki, Şuşa, Laçın işğal altına düşüb və bu, tezliklə əvvəlki hakimiyyətin yıxılmasına gətirib çıxaracaqdır. O vaxtkı tarix çox acınacaqlıdır, çox ağırdır, o, tariximizin qara səhifələridir. Hakimiyyəti zəbt edəndən sonra onlar Azərbaycanı faktiki olaraq uçurum kənarına qoymuşdular. Birincisi, əgər o vaxt Azərbaycana rəhbərlik edənlərin şəxsiyyətlərinə nəzər salsaq, heç bir şərhsiz görərik ki, bu adamlar nəinki ölkəni, bir kolxozu da idarə edə bilməzlər. İndi gənclər təbii ki, bu tarixi, əlbəttə bilə bilməzlər. Amma baxın, kimlər Azərbaycanı idarə etmişlər.»

Dövlətimizin başçısı İlham Əliyevin bu fikirləri  AXC-Müsavat hakimiyyətinin bir illlik dövrünün aydın mənzərəsini yaradır. Əvvəldə də qeyd etdiyimiz kimi, tarix heç nəyi silmir. Tarixi təhrif etmək, ictimai fikri yayındırmaq cəhdləri əbəsdir. Həmin dövrdə hakimiyyətdə olanların bu gün özlərini «xalqa yaxın» obrazda təqdim etmələri gülüncdür  və ikrah doğurur.  Azərbaycanın 1993-cü ildən bu yana keçdiyi inkişaf yolu, yeni-yeni hədəflərə istiqamətlənməsi bu ünsürlərin bir illik hakimiyyətlərinin fəsadlarını daha qabarıq şəkildə nümayiş etdirir.

1993-cü il iyunun 4-də  Gəncədə baş verən qiyam,  silahlı dəstələrlə dinc əhali arasında yaranan  qarşıdurma bütövlükdə  Azərbaycanın varlığını təhlükə altına aldı. Elə o ağır vaxtlarda nicat gözləyən xalqın nəzərləri Naxçıvana yönəldi, xilaskarını Bakıya dəvət etdi. 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev Bakıya gəldi.  İyunun 13-də mövcud vəziyyəti öyrənmək üçün bir qrup jurnalistin müşayiəti ilə  Gəncəyə yola düşdü. Ölkədə  yaranan xaosu xalqın taleyinə yazılan qaranlıq səhifə adlandıran  Ulu Öndər Heydər Əliyev Gəncə hadisələrindən vahiməyə düşən xalqı səbirli olmağa çağırdı: «Əminik ki, Gəncə hadisələri diqqətlə araşdırılacaq, mübahisəli məsələlər bütün Azərbaycan xalqının mənafeyi, milli dövlət quruculuğu naminə danışıqlar, qarşılıqlı anlaşma və sülh yolu ilə həll ediləcək.» Ümummilli lider Heydər Əliyev   təmkinlilik göstərərək qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün tədbirli hərəkət etməyi   biri-birini ittiham edən tərəflərin hər ikisindən tələb edirdi. Yenə də  vətəni təhlükəli vəziyyətdən xalqın birliyi və həmrəyliyi qurtardı. 4 iyun hadisələri qurtuluşa gedən yolun başlanğıcı kimi qəbul olunur.  15 iyun 1993-cü ildə Milli Məclisin iclasında təşkilati məsələyə baxılaraq, həmin dövrdə  Naxçıvan Ali Məclisinin Sədri Heydər Əliyev parlamentin Sədri seçildi.  Ulu öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı  gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı. Bu tarix Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Qurtuluşdan başlanan yol Azərbaycanın daha yüksək zirvələri fəth etməsini şərtləndirir.

1993-2003-cü illər tariximizdə dirçəliş, inkişaf dövrü, 2003-cü ildən sonrakı dövr isə Böyük Yolun davamı kimi yer tutur. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət  nəticəsində Azərbaycan xaos, anarxiya, özbaşınalıq və iqtisadi böhrandan xilas oldu, sabitlik, inkişaf dövrünü yaşadı. Ölkəmizin bugünkü uğurları Heydər Əliyev siyasətinin nəticəsi, məntiqi ifadəsidir. Ümumxalq məhəbbətini qazanmış Ümummilli Lider  Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Ulu öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəldi. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi. 1994-cü il may ayının 12-də  Ermənistanla atəşkəs sazişinin imzalanması ulu öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi idi. Bu mühüm addım sonrakı proseslərin müsbət istiqamətdə inkişafına geniş imkanlar açdı.  Ölkəmizdə yaradılan sabitlik normal biznes mühitini şərtləndirdi ki, bu da Azərbaycana investisiya axınını sürətləndirdi. Ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verməsi uzaqgörən siyasətinin nəticəsi idi.  Ümummilli Lider  dünyanın qabaqcıl dövlətlərinin təcrübəsində uğurla sınaqdan çıxmış müsbət inkişaf modellərinin potensialına müraciət edərək,  onların Azərbaycan reallıqlarına adaptasiyasına müvəffəq oldu.  Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsi də deyilənlərin təsdiqidir.  Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə istinadən bildirirdi ki, səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü il sentyabr ayının 20-də «Əsrin müqaviləsi» imzalandı. Bununla da Azərbaycanın iqtisadi inkişafının və dünya iqtisadi sisteminə inteqrasiyasının təməli qoyuldu.

Azərbaycanın iqtisadi inkişafı demokratikləşmə prosesi ilə sıx bağlıdır. İqtisadi və siyasi islahatların paralel şəkildə aparılması hərtərəfli inkişafı təmin edir.  Ulu Öndər hər zaman demokratik düşüncə və dəyərlərə öz sadiqliyini nümayiş etdirmişdir. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır» söyləyən ümummilli lider Heydər Əliyev 1993-cü ildən başlayaraq bu amallar uğrunda mübarizə aparmışdır. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız və onun əsasını təşkil edən azərbaycançılıq məfkurəsi qəbul olundu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gələrək müstəqil Azərbaycanın bugünü və gələcəyi naminə birgə səylər göstərməsi, həqiqətlərimizin dolğun şəkildə dünya ictimaiyyətinə çatdırılması üçün 2001-ci  ildə Dünya Azərbaycanlılarının I Qurultayı  keçirildi. Bu birlik, həmrəylik 2020-ci ildə tarixi Zəfərimizi şərtləndirən amillər sırasında xüsusi yer aldı. Bu ilin mühüm hadisələri sırasında yer alan Zəfər Qurultayının iştirakçıları Qarabağın tacı, Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtı  Şuşada bir araya gəldilər və bir daha bu məkandan dünyaya birlik mesajını ünvanladılar.

Ulu öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində kiçik  bir ölkə olan Azərbaycan qısa müddət ərzində dünyada tanınan nüfuzlu bir dövlətə çevrildi. Azərbaycanın uğurlarının miqyası bütün dünyada heyrətləndirici  şəkildə böyük və diqqətçəkən oldu.  Qısa müddət ərzində müstəqil Azərbaycan Respublikasının xarici siyasətində böyük dönüş yarandı və uğurlar əldə olundu. Dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar və ölkəmiz beynəlxalq münasibətlər sisteminin suveren aktoruna çevrildi. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadası yarıldı.

Bütün bu uğurların təməlində Ulu Öndər Heydər Əliyevə milyonların sevgisi dayanırdı. Ümummilli Lider xalqa inanır, güvənirdi.  Ümummilli Lider Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxardı,  ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdi və onun həyata keçirilməsi üçün mühüm addımlar atdı. Qeyd etdiyimiz kimi, Ulu Öndər hər zaman xalqın dəstəyinə arxalanırdı. Xalq da heç vaxt ondan öz dəstəyini əsirgəməmişdir. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, ulu öndər Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqın, dövlətin maraqlarını qoruyacaq və xalqın mənafeyi ilə bağlı ən düzgün qərar verəcək.

Bu reallıq da inkaredilməzdir ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən haldır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz Lider kimi təsdiq etmişdir. Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qaşısında xidmətlərindən bəhs edərkən onun 2003-cü ildə xalqa növbəti inam və etimad ünvanını göstərməsi oldu. Cənab  İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən söylədiyi   «Heydər Əliyevin şah əsəri olan müasir Azərbaycan dövləti daha da qüdrətli, zəngin olacaq, hərtərəfli inkişafa nail olacaqdır» fikri bugünkü reallıqlarımızda öz əksini tapıb. Böyük fəxr hissi ilə qeyd edirik ki, ulu öndər Heydər Əliyevin müstəqilliyini daimi və sarsılmaz etdiyi Azərbaycan bu gün qalib ölkə kimi dünyanın diqqətindədir. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətinə sadiqliyini hər addımda təsdiqləyən cənab İlham Əliyev Azərbaycana ən yüksək zirvələri fəth etdirir. Ölkəmiz bütün sahələrdə  təkmil təcrübəyə malikdir. Dövlət başçısı İlham Əliyevin təkmilləşməyə, yeniləşməyə yönələn siyasəti  nəticəsində Azərbaycan  dayanıqlı iqtisadi inkişafa, zəngin demokratik təcrübəyə malik ölkə kimi tanınaraq etibarlı tərəfdaş kimi də mövqeyini möhkəmləndirdi. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Yeganə problemimiz olan, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin ədalətli həlli üçün möhkəm hüquqi baza formalaşdı. Bütün bu uğurlar 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə yol açdı. Azərbaycan bu gün Zəfərin yaratdığı reallıqları yaşayır.

Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun ideyalarının uğurla həyata keçirilməsi ölkəmizin qarşısında geniş imkanlar açır. Ümummilli Liderin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Məhz bu arzunun reallaşması fonunda  ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt  hiss edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın bundan sonra da  uğurla inkişaf edəcəyini, müstəqilliyinin, ərazi bütövlüyünün  daimi olacağını bildirir.

Yeganə Hadıyeva, "İki sahil"