03 iyun 2023 13:59
412

Tarixi Zəfərimiz əbədi qürur mənbəyimizdir

Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra ölkəmizin həyatında başlayan yeni mərhələ hər an  biri-birindən mühüm uğurlarla diqqətdədir. Şanlı Zəfərimizin  yaratdığı reallıqlar fonunda  işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri hər birimizi qürurlandırır.  Azərbaycan bərpa işləri ilə dünyanın hərb tarixinə yeni səhifə yazıb. Bu baxımdan ki, müharibədən dərhal sonra  quruculuq işlərinə başlamaq qeyri-mümkündür.  Azərbaycan, eyni zamanda, bütün işləri sıfırdan öz daxili imkanları hesabına  həyata keçirir.

Son illərin qürurverici hadisələrindən biri də tarixi günlərin, bayramların işğaldan azad edilmiş ərazilərdə qeyd edilməsidir. Bu ilinin 28 May-Müstəqillik Gününün  özəlliyi ondan ibarət oldu ki, laçınlılar Laçın şəhərinə qayıtdı. Dövlət başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşündə  bu tarixi günlə bağlı fikirlərini belə ifadə etdi ki, bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda,
 istənilən nəticəni əldə etməyə qadirdir.

Azərbaycan  bütövlükdə regionun iqtisadi mənzərəsinə ciddi təsir göstərən, dünyada  əsl söz sahibinə çevrilən   bir dövlət kimi yeri və rolunu möhkəmləndirir.  Regional əməkdaşlığın aparıcı qüvvəsi kimi Azərbaycanın töhfələri davamlılığı ilə diqqət çəkir.  Azərbaycan  sözün həqiqi mənasında ciddi regional faktora çevrilib. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrimiz qarşılıqlı hörmət və milli maraqlar prinsipi əsasında qurulur. Beynəlxalq aləmdə xoşbəxt, islahatçı  ölkə kimi tanınan Azərbaycan davamlı  uğurları ilə bu xoşbəxtliyinə yeni əlavələr edir. Tarixi Zəfərimizdən sonra ölkəmizin  sözünün imzası qədər əhəmiyyətinin daha da artması reallıqdır. Bu gün Azərbaycan qalib ölkə olaraq yeni reallıqları qəbul etdirən tərəfdir. Hər bir uğurumuzu şərtləndirən amillərdən bəhs edərkən Prezident-Xalq birliyini xüsusi qeyd edirik. Xalqa arxalanan, xalqdan güc alaraq ölkənin gələcəyi naminə  yeni-yeni hədəflərə doğru inamla addımlayan Liderə milyonların sevgisi şəksizdir. Cənab İlham Əliyevin  Laçın şəhərinə qayıdan əhali ilə görüşündə  söylədiyi fikirlər də bu sevginin aydın mənzərəsini yaradır. “Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Mən adətən öz ad günlərimi, o cümlədən yubiley sayılan ad günlərimi qeyd etmirəm, 60 yaşımı Cıdır düzündə qeyd etmişəm, 50 yaşımı isə Taxtakörpü qəsəbəsində laçınlılarla qeyd etmişəm. O vaxt Taxtakörpü qəsəbəsində laçınlılar üçün 550-dən çox evdən ibarət bir qəsəbə salınmışdı. O görüşdə demişdim ki, gün gələcək, biz sizin üçün Laçında daha gözəl evlər tikəcəyik və gün gəldi” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, o tarixdən cəmi 11 il keçib. Sizinlə artıq Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz. Hamımız bu gün xoşbəxtlik, böyük nikbinlik, qürur hissi ilə yaşayırıq. Çünki İkinci Qarabağ müharibəsi  əbədi qürur mənbəyimizdir. Bu Zəfər bizimlə əbədi olacaq. Gənc nəsil, uşaqlar bu Zəfərin  qüruru ilə yaşayacaqlar.

Artıq iki ildən çoxdur ki, azad Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Dövlət başçısı İlham Əliyevin  mayın 27-də Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi sosial obyektlərin say tərkibinə diqət yetirmək kifayətdir.  Onu da qeyd edək ki, ötən ilin 26 avqust tarixində Müzəffər Ali Baş Komandan belə bir müjdəni xalqa çatdırdı ki, biz Laçın şəhərinə qayıtdıq. Sentyabr ayında dövlət başçısı Laçın rayonuna səfəri zamanı şəhərin mərkəzində Azərbaycan Bayrağını ucaltdı, bərpa-quruculuq işlərinə başlanıldı. Qısa zamanda, 8 ay müddətində görülənişlər laçınlıların ilkin məhələdə Laçın şəhərinə qayıdışını təmin etdi. Ölkə Prezidenti məhz bu işlərin miqyasının genişliyinə söykənərək bildirir ki,  bugünkü Laçın şəhərinin siması,  halbuki birinci mərhələdir,  qurub-yaradan xalq olduğumuzu göstərir. Bu torpaq bizimdir.

Göründüyü kimi, bütün planlar ardığıllıqla həyata keçirilir. Dövlət başçısı İlham Əliyev “Biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm” söyləyərək qarşıdakı dövrün hədəflərini açıqlayır.

Gülər Kərimova, 
 YAP Şabran rayon təşkilatının məsləhətçisi