03 iyun 2023 22:27
323

Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində əsas tərəfdaşdır

Mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı olub. Sərginin açılışında iştirak edən cənab Prezident İlham Əliyev Azərbaycanın energetika sektorundakı önəmli rolunu vurğulayaraq, yerli və beynəlxalq iştirakçıları bir araya gətirdi.

Prezident İlham Əliyev sərgilərin açılış mərasimindəki çıxışında,Azərbaycanın müxtəlif enerji resurslarının zənginliyi və qənaətbəxş energetika siyasəti sayəsində, dünya enerji bazarında aktiv rol oynadığına diqqət çəkdi.

Azərbaycanın bu gün belə nəhəng tədbirlərə ev sahibliyi etməsi, dünyanın aparıcı şirkətləri ilə əlaqə, investisiya mühitinin getdikcə yaxşılaşması, ölkəmizin, eləcə də cənab Prezidentin etibarlı tərəfdaş imicinin formalaşması onu göstərir ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol düzgün qət edilməkdədir. Cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı belə ifadə etmişdir:“1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyini yeni əldə etmişdi, müstəqilliyimizin 3 yaşı var idi və əlbəttə ki, bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi, ölkəmizin harada yerləşdiyini bilmirdi və ölkəmiz keçid dövründə idi, sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar, əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək. Məsələn, bizim BP kimi 30 illik tərəfdaşımızı və ilk konsorsiumun ovaxtkı üzvlərini də buraya dəvət etmək üçün olduqca böyük səylər lazım oldu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə addım idi ki, o, Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.”

“Əsrin müqaviləsi” imzalandıqdan sonra neft sektorunun inkişafı özlüyündə qeyri-neft sektorunun da inkişafını təmin etdi. Məhz bu layihədən əldə olunan gəlir sayəsində Azərbaycan vətəndaşlarının sosial təminatının yüksəldilməsi istiqamətində əsaslı addımlar atıldı, müxtəlif layihələr həyata keçirildi. Ölkədə sabitliyin yaranması isə yeni-yeni sahələr üzrə investisiyaların Azərbaycana cəlb olunmasına köməklik göstərdi. Bu da nəticə etibarı ilə ölkəmizdə regionların sosial-iqtisadi inkişafını və digər mühüm aspektləri özündə ehtiva edən genişmiqyaslı proqramların, konsepsiyaların reallaşmasına şərait yaratdı.

Enerji tərəfdaşlığında neft və qazdan sonra, bərpaolunan enerjinin Azərbaycan üzərindən Avropaya ixrac edilməsi də diqqət mərkəzindədir. Xəzər dənizinin Azərbaycan sektorunda əldə edilən elektrik enerjisinin yeraltı kabel xətləri ilə Avropaya ötürülməsi nəzərdə tutulur ki, bu da layihə çərçivəsində 4 qiqavat “yaşıl enerji” deməkdir. Bu sahənin inkişaf etdirilməsi üçün böyük miqdarda investisiya tələb olunur. Azərbaycanın əldə etdiyi uğurlar və etibarlı tərəfdaşlar sayəsində bu sahəyə gələcəkdə böyük investisiya yatırılacaq və ölkəmiz şaxələndirilmiş enerji mənbələrində əhəmiyyətli çəkiyə malik olacaq.

Prezident İlham Əliyevin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində atdığı addımlar dövlətin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, eyni zamanda etibarlı tərəfdaş imicinin formalaşmasını da təmin edəcəkdir.

Cavid Mehdizadə, 
YAP Xətai rayon təşkilatının fəalı