02 iyun 2023 22:33
107

Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi

Mayın 28-də - Müstəqillik Günündə xalqımız ikiqat sevinc hissi yaşadı. Ölkəmizdə bayramın bayrama qarışması onunla bağlı idi ki, laçınlıların bir qrupu uzun fasilədən sonra məhz bu tarixdə doğma torpaqlarına qayıtdılar. Azərbaycanın füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Otuz bir il bundan əvvəl - 1992-ci il mayın 18-də uca dağlar qoynunda qərar tutan və alınmaz qala sayılan Laçın rayonu Ermənistanın işğalı altına düşdü. İşğal illərində ermənilər Laçında misli görünməmiş vandalizm əməlləri törədiblər və təbii sərvətlərimizi vəhşicəsinə talayıblar. Hətta ermənilər Laçın şəhərini tərk etməmişdən buradakı evlərə, yaşayış binalarına, meşələrə və qəbiristanlıqlara od vurmuşlar.

Prezident İlham Əliyev 31 il bundan əvvəl Laçının işğal altına düşməsinin səbəblərinə diqqət çəkərək bildirib: “Laçın rayonunun işğal altına düşməsi hamımız üçün böyük faciə idi, ilk növbədə sizin üçün. Çünki siz artıq doğma torpaqlarda yaşaya bilmirdiniz. Eyni zamanda gənc, müstəqil Azərbaycan üçün. Çünki Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılmışdır. Laçın rayonu 1992-ci ilin may ayında-Şuşadan 10 gün sonra işğal olunmuşdu. Bizim müstəqilliyimizin bərpasının heç bir yaşı tamam olmamışdı. Mənfur düşmən bizə qarşı artıq açıq təcavüzə keçmişdi. Əfsuslar olsun ki, nə ovaxtkı Azərbaycan rəhbərliyi, nə də rəhbərliyə can atan müxalifət qüvvələri öz məsuliyyətini dərk edə bilməmişlər, bir çox hallarda hər ikisi xəyanət törətmişdir. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı. Hakimiyyəti istənilən yollarla ələ keçirmək üçün ən çirkin əməllərə də əl atdı, Şuşanı, Laçını demək olar ki, düşmənə təhvil verdi. Görün, bu tarixlərin, yəni Laçının azad olunmasının və bu gün bizim burada keçirdiyimiz görüşün tarixlərinin də rəmzi mənası var. May ayında Laçın işğal altına düşdü, may ayında laçınlılar Laçına qayıtdılar. Düzdür, 31 ildən sonra, amma biz qayıtmışıq”.

İlham Əliyev Laçında qısa müddətdə aparılan bərpa-yenidənqurma işləri ilə bağlı  danışıb. Oraya qayıdan 20 ailəyə xeyir-dualarını çatdıraraq evlərin açarlarını təqdim edib. Prezident qeyd edib ki, cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub. İyun ayının sonuna qədər əlavə bir çox ailələr Laçında yerləşəcəklər. Birinci mərhələdə burada 4 minə yaxın, bəlkə də, çox insan yaşayacaqdır.

Dövlət başçısı çıxışında laçınlıların uzun illər ərzində çəkdikləri həm fiziki, həm mənəvi əzablara, ağır şəraitdə, yataqxanalarda, vaqonlarda, çadır şəhərciklərində yaşamasına da toxunub. Daha ağır əzabın öz doğma torpağına qayıda bilməmək olduğunu vurğulayıb.  O, belə qeyd edib: ”Mən dəfələrlə həm Laçından, həm də o vaxt işğal edilmiş digər rayonlardan köçkünlərlə görüşəndə onlara ürək-dirək verirdim, deyirdim ki, qayıdacağıq, qayıdacağıq! Görürdüm ki, son vaxtlar ümidlər bir az səngiyir, bu da təbiidir. Yəni 30 ilə yaxın. Bunu anlamaq olar. Amma deyə bilmirdim ki, nə vaxt qayıdacağıq. Necə deyə bilərdim? Amma bilirdim ki, qayıdacağıq və əgər indi 11 il bundan əvvəlki görüşün videoyazısına baxsanız, görərsiniz, demişdim ki, qayıdacağıq və Laçında daha gözəl evlər tikiləcək. Bax belə də oldu”.

İlham Əliyev çıxışının sonunda artıq uzun əzablı illərdən sonra burada rahat yaşayacaqlarını, onlar üçün ən yaxşı şəraitin yaradılacağını qeyd edib. Onları bir daha həm Laçına qayıtmaqları, həm də bayram münasibətilə təbrik edib. Can sağlığı, uğurlar arzu edib.  

Səbinə Qasımlı,
YAP Xətai rayon təşkilatının "Mehmandarov 78" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü