04 iyun 2023 16:44
312

Ölkəmizin beynəlxalq statusunu artıran önəmli amil

25 may 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında iştirak etmişdir. Ölkəmizin başçısı tədbirdə çıxışı zamanı Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə əsasını qoyduğu neft strategiyası və həmin il imzalanmış “Əsrin müqaviləsi”ni yada saldı.

Cənab Prezident İlham Əliyev 1994-cü ilin Azərbaycanın siyasi və iqtisadi cəhətdən çətin mərhələlərindən olduğunu xatırladaraq bildirdi ki, bu ildə atəşkəs imzalanması ilə Birinci Qarabağ müharibəsi başa çatdı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yeni müstəqilliyini əldə etmiş, əraziləri işğal olunmuş, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması yaşaması dövlətin iqtisadiyyatını yenidən dirçəltməkdə çətinlik yaradırdı. Belə bir vəziyyətdə ölkəyə sərmayə qoymağa ehtiyyatla yanaşılırdı. Həmin dövrlərdə ölkənin neft kəmərlərinin və infrastrukturun olmaması, mülki infrastruktur da geridə qalmasını diqqətə çatdıran cənab Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin imzalanması yeganə çıxış yolu olduğunu bildirdi

Məhz ilk dəfə 1994-cü ildə Xəzər neft-qaz sərgisinin keçirilməsilə Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim edilirdi. Cənab Prezident İlham Əliyev 30 il ərzində ABŞ və Böyük Britaniya ilə yaranmış enerji sahəsində uğurlu əməkdaşlığı yüksək qiymətləndirərək artıq Azərbaycanın istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şəraiti təmin etdiyini bildirdi. Yaşadığımız dövrdə enerji təhlükəsizliyinin milli təhlükəsizliyə və hətta milli təhlükəsizlik gündəliyində mühüm yer tutduğunu diqqətə çatdırdı.

Ölkəmizin başçısı ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığına dair Anlaşma Memorandumun imzalandığını yada saldı. Azərbaycan Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının üzvü olduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cənub Qaz Dəhlizini “birgə tarixi nailiyyət” kimi qiymətləndirdi.  

Artıq 28 ildir neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilən “Caspian Oil&Gas” Sərgisi hər il tədbirdə bir çox ölkələrdən olan şirkətlərin, yüksək səviyyəli qonaqların, dövlət xadimlərinin və beynəlxalq enerji ekspertlərinin Bakıya toplaması və ən əsası Ölkəmizin başçısının açılış mərasimində iştirakı ilə sərginin yüksək statusunu bir daha təsdiqləyir.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri