Azərbaycan Avropa İttifaqı üçün vacib tərəfdaşdır. Biz xüsusilə enerji, islahatlar, ticarət və investisiyalar sahəsində uğurlu əməkdaşlığımızı davam etdirmək və gücləndirməkdə maraqlıyıq.
“İki sahil” xəbər verir ki, bu barədə Aİ-nin ATƏT-dəki Nümayəndəliyinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ötən gün ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışına dair bəyanatında bildirilib.
“Avropa İttifaqı xarici işlər naziri Bayramovu Daimi Şurada səmimiyyətlə salamlayır və ona çıxışına və bu forumda iştirakına görə təşəkkür edir”, - qeyd olunub.
Diqqətə çatdırılıb ki, Aİ-nin İqtisadi və İnvestisiya Planında əlaqələnmə və enerji əsas elementlərdir. Bu plan Azərbaycana 2 milyard avroyadək dövlət və özəl sərmayələrin cəlb olunmasını hədəfləyir.
“Azərbaycan Avropanı Mərkəzi Asiya və onun hüdudlarından kənarda yerləşən ölkələrlə birləşdirən Orta Dəhlizin inkişaf etdirilməsində və xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə enerji mənbələrinin və nəqliyyat marşrutlarının şaxələndirilməsində əsas rol oynayır.
2022-ci ilin iyulunda Bakıda energetika sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan əlavə, Aİ-Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar davam edir və Aİ danışıqları tezliklə yekunlaşdırmaq məqsədinə sadiq qalır”.