11 iyun 2023 21:16
329

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir

Azərbaycan 1991-ci ilin oktyabrında müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi.

1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Ulu Öndərimiz təkcə qardaş qırğınının qarşısını almadı, həm də möhtəşəm qurtuluşun ola biləcəyinə ümid, inam yaratdı. Məhz həmin inamın təcəssümü olaraq Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

Ümummilli Liderimizin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən, atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olunmuşdur.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı.

Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Ondan sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu Öndərimizin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Ulu Öndər Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli coğrafi-strateji mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərib. Onun böyük siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində əhəmiyyətli beynəlxalq müqavilələrə imza atılmış və onların həyata keçirilməsinə başlanılmışdır.

Ulu Öndər Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəal üzvü