26 oktyabr 2026 17:59
147

Şəhərlərin gələcəyi bu gün necə planlaşdırılır?

Qarabağ və Şərqi Zəngəzurda 12 şəhərin hamısının Baş planı hazırlanıb, 100-dən çox kənd və qəsəbə üzrə ərazi planlaşdırılması işləri başa çatdırılıb

Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma prosesi yalnız dağıdılmış yaşayış məntəqələrinin əvvəlki vəziyyətinə qaytarılması ilə məhdudlaşmır. Qarşıya qoyulan əsas məqsəd müasir infrastruktur, dayanıqlı inkişaf prinsipləri və iqtisadi imkanlar əsasında yeni yaşayış mühiti formalaşdırmaqdır. Bu baxımdan şəhər və kəndlərin Baş planlarının hazırlanması, ərazi planlaşdırılması işlərinin aparılması regionun gələcək inkişafının sistemli şəkildə qurulması üçün mühüm əhəmiyyət daşıyır.

Artıq işğaldan azad edilmiş ərazilərdəki 12 şəhərin hamısının Baş planı hazırlanıb, 100-dən çox kənd və qəsəbə üzrə ərazi planlaşdırılması işləri başa çatdırılıb. Bu göstəricilər bərpa prosesində yalnız tikinti işlərinə deyil, yaşayış məntəqələrinin gələcək quruluşunun əvvəlcədən müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirildiyini göstərir. Çünki şəhərlərin inkişafı yeni binaların inşasından daha geniş məzmun daşıyır. Burada nəqliyyat əlaqələri, mühəndis-kommunikasiya sistemləri, sosial xidmətlər, ictimai məkanlar və iqtisadi fəaliyyət imkanları vahid yanaşma əsasında nəzərə alınmalıdır.

Baş planlar məhz bu istiqamətləri əlaqələndirən əsas sənədlərdir. Onlar ərazilərdən səmərəli istifadəni, yaşayış məntəqələrinin genişlənmə istiqamətlərini və infrastrukturun yerləşdirilməsini müəyyənləşdirməklə gələcək inkişaf üçün çərçivə yaradır. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərsalma mühitinin formalaşdırılması, məskunlaşmanın dəstəklənməsi və iqtisadi potensialın üzə çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bərpadan dayanıqlı inkişafa doğru

İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin əsas hədəflərindən biri insanların doğma torpaqlara qayıdışı üçün müasir və əlverişli şərait yaratmaqdır. Bunun üçün yaşayış evlərinin tikilməsi ilə yanaşı, təhsil və səhiyyə xidmətlərinin əlçatanlığı, nəqliyyat infrastrukturunun inkişafı və məşğulluq imkanlarının formalaşdırılması da vacibdir. Baş planların hazırlanması həmin ehtiyacların əvvəlcədən nəzərə alınmasına və layihələrin əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə imkan verir.

Yeni şəhərlərin və iqtisadi mərkəzlərin formalaşdırılması regionun gələcək inkişafında mühüm rol oynaya bilər. Ərazilərin iqtisadi potensialına uyğun inkişaf etdirilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi və sahibkarlıq fəaliyyəti üçün şəraitin yaradılması yaşayış məntəqələrinin yalnız fiziki baxımdan deyil, sosial-iqtisadi cəhətdən də canlanmasına xidmət edir. Bu baxımdan, şəhərsalma sənədləri bərpa işlərinin uzunmüddətli inkişaf məqsədləri ilə uzlaşdırılması üçün mühüm vasitədir.

Azərbaycanda şəhərlərin inkişafı uzunmüddətli planlaşdırmaya əsaslanır

Şəhərsalma sahəsində həyata keçirilən işlər təkcə Qarabağ və Şərqi Zəngəzurla məhdudlaşmır. Ümumilikdə Azərbaycanın 79 şəhərindən 68-nin yeni Baş planı hazırlanıb və ya mövcud baş planları yenilənib. Bu sənədlər həmin şəhərlərin növbəti 20 il üçün inkişaf çərçivəsini müəyyənləşdirir. Digər şəhərlərin də Baş planlarının hazırlanması davam etdirilir.

Uzunmüddətli planlaşdırmanın əhəmiyyəti şəhərlərin gələcək ehtiyaclarının əvvəlcədən nəzərə alınmasında üzə çıxır. Əhali artımı, nəqliyyat yükü, kommunal xidmətlərə tələbat və ictimai məkanlara ehtiyac şəhər mühitinin davamlı inkişafını şərtləndirən əsas amillərdəndir. Bu məsələlərə sistemli yanaşma infrastrukturun pərakəndə qurulmasının qarşısını almağa, mövcud ərazilərdən daha səmərəli istifadəyə və gələcək layihələrin düzgün istiqamətləndirilməsinə kömək edir.

Baş planların hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi və müasir şəhərsalma meyillərinin tətbiqi də mühüm yer tutur. Müasir yanaşmalar şəhərlərin yalnız ərazi baxımından genişlənməsini deyil, nəqliyyat, yaşayış, xidmət və ictimai məkanlar arasında tarazlığın yaradılmasını nəzərdə tutur. Bu isə şəhər mühitinin daha funksional və insanların gündəlik ehtiyaclarına uyğun qurulmasına imkan verir.

Bakının inkişafında yeni şəhərsalma yanaşması

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan paytaxtın gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas sənədlərdən biridir. Bir neçə il əvvəl təsdiq edilmiş planda Bakının daha çoxmərkəzli, əlaqəli və tarazlı inkişafı nəzərdə tutulur. Yeni şəhər mərkəzlərinin yaradılması, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi, keçmiş sənaye ərazilərinin transformasiyası əsas istiqamətlər sırasındadır.

Çoxmərkəzli inkişaf modeli şəhər həyatının və iqtisadi fəallığın yalnız bir mərkəzdə cəmləşməsinin qarşısını almağa, müxtəlif ərazilərdə yeni fəaliyyət məkanları yaratmağa yönəlir. Belə yanaşma iş yerlərinin və xidmətlərin daha geniş ərazi üzrə formalaşmasına, şəhərin ayrı-ayrı hissələri arasında əlaqələrin güclənməsinə şərait yarada bilər. Bununla yanaşı, yeni mərkəzlərin səmərəli fəaliyyəti üçün nəqliyyat əlçatanlığı və zəruri infrastrukturun təmin edilməsi vacibdir.

Keçmiş sənaye ərazilərinin transformasiyası da paytaxtın gələcək inkişafı baxımından diqqət çəkir. Bu ərazilərin yeni funksiyalar əsasında yenidən təşkili şəhər məkanından daha səmərəli istifadə üçün imkanlar yaradır. Əsas məsələ həmin ərazilərin şəhərin ümumi inkişaf konsepsiyasına uyğunlaşdırılması və digər infrastruktur layihələri ilə əlaqələndirilməsidir.

Göründüyü kimi həm işğaldan azad edilmiş ərazilərdə, həm də ölkənin digər şəhərlərində Baş planların hazırlanması şəhərsalma siyasətində uzunmüddətli yanaşmanın əhəmiyyətini göstərir. Qarabağ və Şərqi Zəngəzurda əsas hədəf yeni yaşayış mühitinin və iqtisadi mərkəzlərin formalaşdırılmasıdırsa, Bakı və digər şəhərlərdə prioritetlər mövcud şəhər məkanının təkmilləşdirilməsi, infrastrukturun inkişafı və gələcək ehtiyacların nəzərə alınması ilə bağlıdır. Hər iki istiqamətdə başlıca məqsəd insanların rahat yaşaması, iqtisadi imkanların genişlənməsi və dayanıqlı inkişaf üçün əlverişli şəraitin yaradılmasıdır.

Nigar Orucova, “İki sahil”