Son vaxtlar başda otuz ildən bəri ölkəmizin siyasi palitrasında funksionallığını itirən, sosial bazası olmayan radikal müxalifət düşərgəsinin lidercikləri olmaqla bir qrup avantürist, riyakar, xəyanətkarın Azərbaycan əleyhinə apardığı qarayaxma kampaniyasını cidd-cəhdlə davam etdirməsinin arxasında müəyyən xarici ölkələrin xüsusi xidmət orqanlarının və erməni lobbisinin dayandığı açıq-aşkar görünür. Həmin dairələrdən aldıqları qrantların müqabilində dövlətimizə və dövlətçiliyimizə qarşı təbliğat aparan, qərəzli dairələrin köləliyini məmnuniyyətlə qəbul edən bu xəyanətkar şəbəkənin çirkin niyyətlərinin, qaranlıq əməllərinin üstündən, necə deyərlər, sirr pərdəsi qalxır.
Bu gün Avropa və ABŞ-da “siyasi mühacir” adı ilə lövbər salan bu melanxoliklərin əməllərindən, sosial şəbəkələrdə, internet TV-lərdə çıxışlarının hər cümləsindən, onların ritorikasından Azərbaycan əleyhdarı olan dairələrin sifarişlərinin, təlimatlarının və çirkli pullarının iyi gəlir. Necə deyərlər, əskinas keşişin cibinə düşür, günahkarın ruhu rahatlıq tapır.
Dünya erməniliyinə xidmət edən bu antimilli ünsürlər bunun əksini edirlər. Bütün milli-mənəvi dəyərlərə, əxlaqi-insani keyfiyyətlərə zidd hərəkətlərə yol verərək Sevinc Osmanqızının internet TV-sində, eləcə də Qənimət Zahidin “Azərbaycan saatı”nda ermənipərəst dairələrin sifarişlərinə uyğun olaraq Azərbaycanın əleyhinə şər-böhtan kampaniyası aparır, sağa-sola təhqir və söyüş püskürürlər. Birmənalı demək lazımdır ki, bu zatların daha doğrusu, zatıqırıqların çoxu erməni lobbisi və ermənipərəst dairələrlə sinxron fəaliyyət göstərirlər. Aparılan araşdırmalardan aydın olur ki, bu antimilli ünsürlərin ölkəmizə qənim kəsilən ermənipərəst dairələr qarşısında öhdəlikləri var.
Bununla bağlı konkret faktlara müraciət edək. Diqqətimizi S “Osmanqızı” internet kanalında tez-tez peyda olaraq həyasızcasına anti-Azərbaycan təbliğatı aparan, hökumət rəsmilərinə hədyanlar və təhqirlər yağdıran, özünü jurnalist və siyasi mühacir adlandıran Beydulla Manafov adlı personaya fokuslandıraq. Yəqin ki, çoxları bir neçə il bundan əvvəl Avropada yaşayan bir jurnalist həmvətənimizin bu zatla bağlı Strateq. az saytına verdiyi maraqlı açıqlamanı yaxşı xatrılayır. Gəlin həmin açılamaya bir daha nəzər salaq: “Əvvəlcə mənə dedilər ki, Əliyevlər hakimiyyətinin təqibindən yaxa qurtarmaq üçün ABŞ-a sığınıb. Ancaq sonra onu yaxından tanıyan şəxslərdən eşitdim ki, Beydulla Manafov əslində həyat yoldaşının erməni olması və bunu da əksəriyyətin bilməsi səbəbindən Azərbaycanda yaşamaq istəməyib və ailəsini də götürüb ABŞ-a köçüb. Onun özündən bir yaş böyük olan həyat yoldaşı Raisa Qaykovna adlı xanımdır, 1946-cı ildə anadan olub və uzun müddət Nəsimi rayonunda yaşayıblar, hazırda Texas ştatında, Dallasda qalırlar. İki övladları var və hamısı da ABŞ vətəndaşlığı alıblar. Qızları Məlahət Manafova da Losornio Antoni Ray adlı amerikalıya ərə gedib. Tez-tez bura- Londona gəlib-gedirlər. Onların hamısının ABŞ-da siyasi sığınacaq və vətəndaşlıq almalarında “erməni amili” mühüm rol oynayıb və bu işdə ABŞ-dakı erməni lobbisinin köməyindən yararlanıblar. Ancaq bunu gizlədirlər…”.
Daha sonra orada bildirilir ki, həmin bu Beydulla Manafov özünü hər yerdə jurnalist kimi təqdim etsə də, o, əslində Nəsimi Rayon Partiya Komitəsinin təlimatçısı işləyib: “Beydulla Manafov ixtisasca jurnalistdir, ancaq o, keçmiş kommunistdir, uzun müddət Nəsimi Rayon Partiya Komitəsinin təlimatçısı işləyib və Sovet hökumətini təbliğ edib. İndi olub “böyük demokrat”.
Acı gerçəklik budur ki, erməni lobbisi uzun illərdir Beydulla Manafov kimi xəyanətkarların vasitəsilə Azərbaycan əleyhinə dezinformasiyalar yayaraq beynəlxalq ictimaiyyəti aldadır. Dünya erməniliyi qarşısında xalqına, ölkəsinə qarşı şərəfsizcəsinə öhdəliklər götürən, erməni boyunduruğunu könüllü olaraq boynuna keçirən B.Manafov, S.Osmanqızı kimilərin sosial şəbəkələrdəki anti-Azərbaycan çıxışları onların necə məkrli, xəyanətkar xislətə malik olduqlarına bir daha dəlalət edir.
Zahid Rza, “İki sahil”