14 iyun 2023 11:52
253

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyində 15 iyun- Milli Qurtuluş Günü qeyd olunub

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi nümayəndəliyində 14 iyun 2023-cü il tarixində 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları vətənimiz Azərbaycan uğrunda canından keçmiş bütün şəhidlərin, həmçinin, ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdi, dahi liderə və şəhidlərimizə hörmət və ehtiramlarını bildirdilər.

“İki sahil” xəbər verir ki,  tədbirdə çıxış edən Daimi Nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov müstəqillik tariximizin ən böyük bayramı- xalqımızın və dövlətçiliyimizin Qurtuluşu münasibətilə daimi nümayəndəliyin kollektivini təbrik edib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan olunması və Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirlərinin təkcə ölkəmizdə deyil, eləcə də, ölkəmizin hüdudlarından kənarda möhtəşəmliklə qeyd olunmasının müstəsna əhəmiyyətindən, Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış, xalqımızın taleyində müstəsna rol oynayan əlamətdar Qurtuluş Gününün yaranmasından və tarixi zərurətindən ətraflı danışıb. Natiq qeyd etdi ki,  Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, məhz həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən biri şanlı tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün, bizim hamımız üçün müqəddəsdir. Ona görə ki, ötən əsrin 90-cı illərində başımızın üstünü almış böyük təhlükələrin sovuşmasına, milli dövlətçiliyimizin xilasına və bu gün müstəqil Azərbaycanda sabitlik, əmin-amanlıq şəraitində yaşamağımıza görə bu günə borcluyuq. Bu şanlı tarixi yazan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rola malik, daim xalqına arxalanan ümummilli liderimiz Heydər Əliyev idi.

Daimi nümayəndəliyin rəhbəri Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı olan Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib: “Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq və aparıcı şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub-yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Heydər Əliyev bütün həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə, əmin-amanlığına həsr edən böyük vətəndaş olmuşdur. Ulu Öndərin həyatının mübarizələrlə dolu olan mərhələlərini öyrəndikcə görürük ki, Heydər Əliyev həqiqətən böyük xarakterə malik, misilsiz şəxsiyyət olmuşdur.”

“Müstəqilliyini yenicə əldə etmiş o zamankı Azərbaycanda yaşanan siyasi qeyri-sabitlik, tez-tez təkrarlanan hakimiyyət dəyişiklikləri, iqtisadi tənəzzülün dərinləşməsi, xaos və anarxiyanın idarəçilik sistemini bütünlüklə iflic etməsi, yaranmış daxili böhrandan faydalanan erməni təcavüzünün getdikcə daha çox Azərbaycan torpaqlarını əhatə etməsi, ölkənin xaricdən təcrid olunması və əslində, təklənməsi onun böyük Heydər Əliyev fenomeninə qayıdışını qaçılmaz edirdi. Getdikcə daha artıq insan bu ideyanın təsiri altında dərk edirdi ki, zamanında müstəqillik məfkurəsinin möhkəmlənməsinə müstəsna töfvələr verən böyük siyasi lider Heydər Əliyev qazanılmış müstəqilliyin müstəqil dövlətə çevrilməsinin yeganə təminatı ola bilər.”-deyən Bəxtiyar Əsgərov vurğuladı ki, “Məhz onun sayəsində müstəqillik ideyaları həqiqi gerçəkliyə çevrilə, qazanılmış dövlət müstəqilliyi geriyə dönməzlik imunitetinə sahib çıxa bilərdi. Qətiyyətlə iddia etmək olar ki, XX əsrin 90-cı illərinin başlıca siyasi gerçəkliyi olan bu həqiqətin dərk edilməsi çağdaş tariximizə əslində müstəqillik məfkurəsində şəxsiyyət fenomeninin təntənəsi, sözün həqiqi mənasında, Heydər Əliyevə qayıdış və əlbəttə, Heydər Əliyevin tarixi qayıdışının təməlinin qoyulması kimi daxil olub. Azərbaycan müstəqillik məfkurəsini şəxsiyyət fenomeni ilə tamamlamaq üçün Heydər Əliyevə qayıdışa, qazanılmış müstəqilliyi geriyədönməz milli sərvətə – müstəqil dövlətə çevirmək üçün isə Heydər Əliyevin qayıdışına möhtac idi. Azərbaycanın müstəqilliyin bərpası ərəfəsində və ilk illərində ciddi təhlükələr məngənəsində yaşamağa məhkum olması, son həddə çatmış siyasi qeyri-sabitlik, sürətli iqtisadi tənəzzül, erməni təcavüzünün coğrafiyasının genişlənməsi və bütün bunların qaçılmaz nəticəsi kimi əhalini bürüyən bədbinlik hisslərinin getdikcə güclənməsi cəmiyyətin dövlət qurucusu anlamında başadüşülən güclü şəxsiyyətə ehtiyacını artıran ən möhtəşəm arqumentlər idi. Ötən əsrin 90-cı illərinin ictimai ovqatının dövlət qurucusu olan güclü lider ideyası üzərində kökləndiyini sübuta yetirmək üçün kifayət qədər dəlillərin gətirilməsi mümkündür. Müdrik, təcrübəli və qüdrətli şəxsiyyət olmadan ölkəni əhatə etmiş total böhranın aradan qaldırıla biləcəyinə heç kimdə ümid qalmamışdı. Bir növ, güclü şəxsiyyət Azərbaycanın nicatı kimi qavranılırdı və bu mənada qüdrətli lider ideyası o dövrün siyasi gerçəkliyinin əsas aparıcı qüvvəsinə çevrilmişdi.

Qeyd olundu ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Həmin dövrdə Naxçıvan blokadada idi və məhz ulu öndərin siyasi qüdrəti və böyük zəkası sayəsində bu bölgə özünü layiqincə qorudu. Eyni zamanda, AXC-Müsavat cütlüyü hakimiyyətinin bu böyük siyasi xadimin Naxçıvanın rəhbərliyindən qanunsuz yollarla devirmək cəhdlərinin də qarşısını sadə insanlar qətiyyətlə aldı və bu zaman hamı ulu öndərə olan xalq sevgisinin bir daha şahidi oldu. Sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi dahi lider xilas edə bilər. Bunun üçün isə ulu öndərin hakmiyyətə gəlməsi zəruri idi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə düzgün siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir vəziyətdə xalq ümummilli liderin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.”

Bəxtiyar Əsgərov həmçinin qeyd etdi ki, “Heydər Əliyevin möhtəşəm tarixi qayıdışı zərurətinin nəzəri-ideoloji əsası özünün ifadəsini məhz yuxarıda haqqında söhbət açdığımız güclü şəxsiyyət ideyasında tapır. Heç şübhə yoxdur ki, Azərbaycanın XX əsr tarixinin ən ecazkar hadisələrindən olan məşhur tarixi qayıdış ümummilli ictimai düşüncə səviyyəsində dərk edilən zərurət olduğundan, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilk növbədə xilaskarlıq missiyası ilə dolu idi. Xalqımız böyük Heydər Əliyevin qayıdışına xilaskarlıq missiyası kimi yanaşdığından, Heydər Əliyevə də məhz xilaskar kimi baxırdı. Azərbaycanın müasir tarixinin real təhlükələrin altında, sözün həqiqi mənasında, əzildiyi bir vaxtda ictimai düşüncədə xilaskar kimi daha da böyüyən ümummilli liderimiz Heydər Əliyev obrazının formalaşmasının təsadüfi olmadığını əsaslandırmaq bəlkə də artıqdır. Əslində, Heydər Əliyevin məlum tarixi proseslərin müasiri olması faktı kifayət edirdi ki, xalq öz taleyinin xilas edilməsini ona həvalə etsin. Qeyd etməyə dəyər ki, Heydər Əliyev ən təhlükəli anlarında Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını möhtəşəm qayıdışın elə ilk aylarında sübuta yetirə bildi. Qısa bir zaman kəsiyində ölkəni bir neçə il ərzində taqətdən salan hərc-mərcliyə qətiyyətlə son qoyuldu, sabitlik və əmin-amanlıq təmin edildi, hərtərfli böhran cilovlandı, erməni təcavüzünün Azərbaycanın dərinliklərinə irəliləməsinin qarşısı alındı. Beləliklə, ulu öndərin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün – 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Qurtuluş olmasaydı, nə Azərbaycan, nə də müstəqil dövlətimiz olmayacaqdı. Ümummilli liderin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı... Beləliklə, respublikamız müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Azərbaycanın sabitlik və inkişafla səciyyələnən qurtuluş tarixi başladı. Ümummilli liderin 1969-cu ildə ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın dirçəliş və çiçəklənmə dövrü kimi səciyyələnirsə, 1993-cü ildə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı Milli Qurtuluş tariximizin yazılması ilə əlamətdardır. Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkədə sabitliyi bərpa etdi, fürsətdən istifadə edən başıpozuq separatçı qüvvələri zərərsizləşdirdi, 1994-cü, 1995-ci illərdə dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə aldı. Məhz bu mərhələdən sonra xalqımız sakit həyat tərzi sürməyə başladı. Əlbəttə ki, bunun kökündə ümummilli liderimiz tərəfindən müəyyənləşdirilmiş milli birlik və həmrəylik konsepsiyası dayanırdı. Görkəmli dövlət xadiminin müəllifi olduğu azərbaycançılıq ideologiyası nəinki azərbaycanlıları, ölkəmizdə yaşayan bütün xalqları, dünyada yaşayan soydaşlarımızı azərbaycançılıq, vahid ideya- Heydər Əliyev ideyası ətrafında sıx birləşdirdi.”

Bəxtiyar Əsgərov vurğuladı ki, “Xalqımızın böyük etimadı ilə Ulu Öndər Heydər Əliyev ilk dəfə 1993-cü il oktyabrın 3-də, ikinci dəfə isə 1998-ci il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsilə, ən qısa müddətdə siyasi sabitliyi bərqərar etdi, qeyd edildiyi kimi, dövlət çevrilişi cəhdlərinin qarşısını aldı, cəbhədə atəşkəsə nail olundu, Azərbaycanın beynəlxalq əlaqələri inkişaf etməyə başladı. Ümummilli lider iqtisadiyyatda ciddi dönüşə nail olmaq üçün respublikanın Xəzər dənizi hövzəsində malik olduğu zəngin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni vacib sayırdı. 1994-cü il sentyabr ayının 20-də dünyanın 8 aparıcı ölkələsinin 13 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi” adını almış möhtəşəm layihə imzalandı. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Bununla da Ulu Öndər Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Ümummilli liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması tarixi hadisə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu,dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi. Böyük Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması, vətəndaş müharibəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasındadır. Böyük Heydər Əliyev Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrilməsi, ölkəmizin maddi, mənəvi və intellektual dəyərlərinin dünya ictimaiyyətinə çatdırılması, milli təhlükəsizlik və inkişafın əsas aspektlərinin nəzərə almaqla, həm regionda, həm də dünyada Azərbaycan dövlətinin maraqlarının təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirib. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərinə görə ümummilli lider səviyyəsinə yüksəlmiş Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illər Azərbaycanın bir dövlət kimi qurulduğu, formalaşdığı və beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrildiyi mərhələdir. Məhz bu 10 ildə Azərbaycan Respublikasının milli inkişaf strategiyası reallaşdırılıb, xalqımız nadir tarixi fürsətdən maksimum faydalanıb, böyük əziyyətlər bahasına müstəqilliyini əbədi və dönməz edib. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə desək: “Müasir tariximiz 1993-cü ildən başlayır. O ildən Azərbaycan böyük və uğurlu yol keçmişdir, dövlətçiliyin əsasları qoyulmuşdur. Ulu Öndərin xalq qarşısında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan xalqı Heydər Əliyev siyasətini qəlbində yaşadır və yaşadacaqdır”.

Müstəqil Azərbaycan Respublikasının qısa zaman kəsiyində qazandığı tarixi nailiyyətlərdən bəhs edən daimi nümayəndəliyin rəhbəri dedi ki, “Bu gün qalib müstəqil Azərbaycan inamla gələcəyə doğru irəliləyir, yüksəlir və qüdrətlənir. Azərbaycanın yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri hər birimizin gözü önündə canlanır. Bütün bunlar həm də onu göstərir ki, ölkəmizin strateji inkişaf kursunu yeni dövrün tələblərinə uyğun şəkildə, yüksək dinamizmlə həyata keçirən Prezident İlham Əliyev fəaliyyətini və verdiyi vədləri əməli işi ilə doğrultmaqla ulu öndər Heydər Əliyevin ən layiqli siyasi davamçısı olduğunu sübuta yetirib. Prezident seçkilərində həmişə xalqın böyük inam və etimadını qazanaraq yalnız ona güvəndiyindən güclü siyasi iradə, əzm və cəsarət sahibi olan cənab İlham Əliyev müstəqil Azərbaycanı Heydər Əliyev siyasi kursuna sadiq olaraq daha yeni, dövrün və qloballaşmanın tələblərinə uyğun daha müasir inkişaf yoluna çıxardı. 30 illik işğala son qoyaraq ölkəmizin ərazi bütövlüyünü, suverenliyini və xalqımızın birliyini təmin etdi. Müsbət iqtisadi göstəriciləri ilə yanaşı respublikamız həm də siyasi baxımdan sabit ölkə, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş, qlobal enerji və nəqliyyat layihələrinin iştirakçısı kimi tanınır. Bakı-Tbilisi-Ceyhan neft kəmərindən başlamış Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi”nin istifadəyə verilməsinə qədər bütün möhtəşəm uğurlarımızın müəllifi Prezident İlham Əliyevdir.  Azərbaycan çox sürətlə inkişaf edir və təsadüfi deyil ki, ölkəmiz XXI əsrin ən uğurlu gənc dövləti statusunu qazandı. Lakin həyata keçirilən bütün bu tarixi, misilsiz işlərlə yanaşı, bir az əvvəl qeyd etdiyimiz kimi, Prezident İlham Əliyevin qarşısında müqəddəs sayıla biləcək ən böyük vəzifə - Ata vəsiyyətinin - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident İlham Əliyevin, özünün də qeyd etdiyi kimi, həyata keçirilən bütün işlərin, siyasətinin, atılan hər addımının son qayəsi məhz Qarabağ idi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən başlayaraq, ulu öndərimizin yaratdığı möhkəm təməllər üzərində, torpaqların azad edilməsi, balanın anaya, yəni, Qarabağın Azərbaycana yenidən qovuşması istiqamətində addım-addım, inamla və qətiyyətlə irəliləyirdi. “Azərbaycanın ərazi bütövlüyü heç zaman danışıqlar mövzusu olmayıb və olmayacaq” – deyən Prezident İlham Əliyev işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin ritorikanı dəyişdiyi anındaca “Qarabağ Azərbaycandır və nida işarəsi” səsləndirərək, son zərbənin endiriləcəyi anonsunu verdi. Prezident cənab İlham Əliyev bu bəyanatı ilə Azərbaycanın ərazi bütövlüyü məsələsində artıq heç kimlə məsləhətləşilməyəcək bir məqama gəldiyini bəyan etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Bu, Ali Baş Komandan İlham Əliyevin qələbəsi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə Xalqımızın, Milli Ordumuzun, Milli Birliyimizin, Haqqın və Ədələtin Zəfəri idi. Azərbaycan bu günü 30 il gözlədi. Bu günün gələcəyinə əminliklə inanaraq, bu düşünülmüş, uzun yolu ləyaqətlə, şərəflə, inamla, rəşadətlə irəlilədi.”

Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ayrıca qeyd ki, “Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə ləyaqətlə xidmət etmək və sədaqət olub. Bu baxımdan Prezident İlham Əliyevin dövlətçiliyə və xalqa xidmət amalını həm də bir mötəbər ailə ənənəsi kimi qiymətləndirsək, yanılmarıq. Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə ölkə Prezidentinin ömür-gün yoldaşı və ən yaxın silahdaşı isə məhz Respublikamızın Birinci vitse-prezidenti, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət çox hörmətli Mehriban xanım Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Mehriban xanım, həmçinin ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına dəyərli töhfələr verir, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır. Xalqımızın sosial rifahının daha da yüksəlməsinə hesablanmış bir çox uğurlu layihələrin müəllifi olan xanım Mehriban Əliyeva ölkəmizin birinci xanımı adını da şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını ləyaqətlə təqdim edir. Hər zaman olduğu kimi, 44 günlük Vətən müharibəsi zamanı Mehriban xanım Əliyeva, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu üzərinə düşən tarixi missiyasını da ləyaqətlə, şərəflə yerinə yetirdi, Birinci xanım döyüşə gedən hər bir gəncimizə bir doğma ana kimi xeyir-duasını verdi,  yaralı əsgərlərimizi ziyarət etdi, onların bütün problemlərini dinlədi və həll etdi, bir sözlə, xalqımızın taleyüklü məsələsinin həllində birbaşa onun yanında oldu. Bu gün Mehriban xanım Əliyeva çoxşaxəli fəaliyyətində ümummilli liderin zəngin dövlətçilik və idarəçilik fəlsəfəsinə əsaslanaraq milli-mənəvi və intellektual yüksəlişə xidmət edən idealların cəmiyyətdə daha da möhkəmlənməsinə çalışır. Azərbaycanın birinci xanımının istər milli-mənəvi irsin qorunması və dünya miqyasında təbliği, istər elm və təhsilin səviyyəsinin yüksəldilməsi, istərsə də səhiyyənin inkişafı, insanların fiziki-mənəvi sağlamlığının təminatı yönümündə həyata keçirdiyi strateji layihələr onun fəal vətəndaşlıq mövqeyində dayanmasının, yüksək milli-mənəvi məsuliyyətinin təzahürüdür.  Cəmiyyətdə bir sıra mütərəqqi yeniliklərin təşəbbüskarı kimi çıxış etməklə yanaşı, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq “Birinci xanım” ənənəsini də öz fəaliyyəti ilə məhz Mehriban xanım Əliyeva formalaşdırmış, bu statusda böyük hörmət, ictimai-siyasi rəğbət və sarsılmaz etimad qazanmışdır. Məhz Azərbaycan Respublikasının Birinci xanımının timsalında deyə bilirik ki, məhz onun aydın və yüksək mövqeyi ilə cəmiyyətimizdə inama, humanist fəaliyyətə, qayğıkeşliyə pasport əldə edildi, eləcə də hansısa problemlərlə qarşılaşan, hansısa məqamda hüquqları pozulan sıravi vətəndaşların ümidi ölmədi, tam əksinə haqq-ədalət vaxtında yerini almış oldu. Bu gün inamla demək olar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkənin demokratikləşdirilməsi və hərtərəfli, davamlı inkişafı sahəsində yeritdiyi ardıcıl siyasətə Heydər Əliyev Fondu böyük  töhfələr verir. 2004-cü ildən müqayisəsiz fəaliyyət göstərən Heydər Əliyev Fondu nəcib, xeyirxah və humanist insani dəyərlərə tapınaraq ümummilli liderin zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl iş aparır. Heç kimə sirr deyil ki, Heydər Əliyev Fondu ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi altında təkcə ölkəmizdə deyil, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasını sürətləndirilməsində, onun nüfuzunun artmasında xüsusi rola malikdir. Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi nəinki daim diqqətdə saxlayır, onların qayğısına qalır, həm də onların ailə üzvlərinin hüquqlarını yüksək səviyyədə təmin edir, qoruyur. Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərləri, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikin ti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında ayrıca xüsusi yer tutur. Bu məqamda Mehriban xanım Əliyevanın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki kövrək sözlər həmişə yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin.” Azərbaycanın bu gün Qərblə Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolu oynaması, sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı Azərbaycanın bir çox ölkələrə nümunə olması haqqında dünyada müsbət təsəvvürün formalaşmasında Prezident cənab İlham Əliyevlə yanaşı, xanım Mehriban Əliyevanın da müstəsna xidmətləri vardır və bu məqama xarici mətbuat da xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, ABŞ-ın nüfuzlu “Washington Times” qəzetində onun haqqında dərc edilən məqalədə belə yazılıb: “Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müsəlman dünyası qadınları üçün ən yaxşı nümunədir.””

Çıxışının sonunda  Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixdə imzaladığı, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının və bu proqramda nəzərdə tutulmuş məsələlərin, eləcə də, açılacaq Zəngəzur dəhlizinin  böyük əhəmiyyətindən danışan Bəxtiyar Əsgərov vurğuladı ki, “Bütün bunların əsasını yaratmış böyük Heydər Əliyev həyatını canı qədər sevdiyi Azərbaycana, onun tərəqqisinə, inkişafına, müstəqilliyinə, milli təhlükəsizliyinə, əmin-amanlığına həsr etmiş  böyük şəxsiyyət, dünya şöhrətli dövlət xadimi, nəhəng siyasi xadimdir. Ulu öndərin həyatının mübarizələrlə dolu olan mərhələlərini öyrəndikcə görürük ki, bu dahi insan həqiqətən böyük xarakterə malik, misilsiz tarixi şəxsiyyət kimi Azərbaycanın müstəqilliyi qədər- əbədi yaşayacaq! Tanınmış filosoflar Heydər Əliyev kimi şəxsiyyətlər haqqında belə deyiblər: “Böyük xarakterə malik belə insanlar öz əməlləri, fəaliyyətləri ilə böyük məqsədlərə çatır, obyektiv tələblərə uyğun, ağıllı şəkildə əsaslandırılmış və sosial əhəmiyyətli idealları əldə edir və xalqı üçün öndərə çevrilirlər”. Ulu öndər Heydər Əliyevin ən ali məqsədi, böyük amalı heç şübhəsiz müstəqil, azad və firavan Azərbaycan dövlətini qurmaq və onun əbədi yaşamasını təmin etmək olmuşdur. Bu məqsəd və amal bütün həyatı boyu onu mübarizəyə, çevik siyasi gedişlərə vadar etmişdir. Bu gün şəxsiyyəti və xalqımızın həyatındakı misilsiz xidmətləri, rəhbərlik fəaliyyəti ilə bütün dünyada dövlətimizin atributu, simvolu kimi tanınan ümummilli liderimiz Heydər Əliyevin irsi – vətənə, xalqa sədaqətlə xidmət etmək, müstəqilliyimizi göz bəbəyi kimi qorumaq və bu yolda canını belə əsirgəməmək kimi müqəddəs dəyərləri təkcə xalqımız üçün deyil, elm adamları, bütün dünya idarəçiləri və s.üçün həyat məktəbidir. Çağdaş Azərbaycan tarixinin ən parlaq simalarından olan böyük Heydər Əliyev ulu Tanrının xalqımıza bəxş etdiyi həm də böyük möcüzədir. Heydər Əliyev taleyin İlahi vergisidir. Dövlətçilik və azərbaycançılıq onun fundamental fəaliyyətinin və ömür yolunun, bioqrafiyasının əsas məzmununu təşkil edir. Ulu öndər Heydər Əliyev XX əsrin reallıqlarında müstəqil Azərbaycan dövlətçiliyinin yaradılması, güclü idarəetmə qabiliyyəti, nəhəng dövlət mexanizminin təkmilləşdirilməsinə rəhbərliyi və əldə edilmiş real nəticələri ilə bir daha sübut etdi ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusudur! Bu gün müasir Azərbaycan Heydər Əliyevin şah əsəri kimi inkişaf edir, yüksəlir. Ölkəmizin gələcək inkişafı da bu dahi şəxsiyyətin ideyalarının davamı və inkişafı ilə birbaşa bağlıdır. Ümummilli liderin özünün də dediyi kimi, “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam” sözləri, əslində, qədirbilən xalqımızın “Heydər-Xalq, Xalq-Heydər” fikri ilə tam üst-üstə düşür- desək, yanılmarıq. Beləliklə, Qurtuluşdan başlanan intibah bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin və xalqının yüksəlişinə xidmət edir.

Tədbir digər çıxışlarla davam etdirilib.