18 iyul 2023 02:34
342

Oğru elə bağırdı ki...

İşğalçı ölkə ekoloji terroru indi də Naxçıvan Muxtar Respublikası ilə sərhəddə davam etdirmək niyyətindədir

Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə şəhər və kəndləri xarabalığa çevirmək, maddi-mədəniyyət abidələrini yer üzündən silmək, təhqir etməklə bərabər, həm də yeraltı-yerüstü sərvətlərimizi – mineral su mənbələrini, meşə fondunu (246,217 hektar meşə sahəsi), 152 dövlət təbiət abidəsini, 5 ədəd geoloji obyekti və 155 növ faydalı qazıntı yatağını talayıb. Düşmən Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərini qazanc götürmək məqsədilə məhv edərək yarımfabrikat kimi xarici ölkələrə satıb. Belə bir fakta diqqət yetirmək kifayətdir ki, işğalın son illərində Ermənistanın Qərb ölkələrinə məxsus şirkətlərin köməyi ilə meşəçilik sahəsində istehsalını 10 dəfə artırması işğal altında olan ərazilərdəki meşələrinin qırılması hesabına reallaşıb.

Ermənistanın Azərbaycana qarşı törətdiyi çoxsaylı və çoxşaxəli  cinayətlər az imiş kimi, onların üzərinə biri də əlavə olunub: ekosid. İyulun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçımızın toxunduğu məsələlərdən biri də məhz Ermənistanın məhz ekosid cinayətləri oldu. Dövlətimizin başçısı qeyd etdi ki, Qarabağ və Şərqi Zəngəzur ekoloji fəlakət zonasına çox yaxın idi: “Çünki Ermənistan həm Ermənistandakı müəssisələrin fəaliyyəti nəticəsində, eyni zamanda, o vaxt işğal edilmiş torpaqlarda – Qarabağda və Şərqi Zəngəzurda təbii resurslarımızın vəhşicəsinə istismarı nəticəsində təbiətimizə böyük zərbə vurub. Təkcə onu demək kifayətdir ki, 60 min hektardan çox meşə fondu ermənilər tərəfindən dağıdılıb, talan edilib, çıxarılıb, satılıb, yaxud parket düzəldiblər və satıblar. Yəni, bütün bu peyk görüntüləri bizdə var”.

Məsələ burasındadır ki, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə–Arazdəyəndə ABŞ sərmayəsi ilə 70 milyon dollarlıq iri metallurgiya müəssisəsi inşa etməyə hazırlaşır. Mütəxəssislərin bildirdiklərinə görə, zavodun inşasının reallaşacağı təqdirdə geniş zolaqda ətraf mühitin, ekosistemin pozulacağı, havanın zəhərli tullantılarla çirklənəcəyi, mal-qaranın və əkinlərin sıradan çıxacağı gözlənilir. Bu da Naxçıvan, o cümlədən Sədərək sakinlərinin ekoloji fəlakətlə üz-üzə qalacağını, ciddi xəstəliklərlə üzləşəcəyini indidən deməyə əsas verir.

Ekspertlər bu qənaətə gəliblər ki, müəssisə fəaliyyətə başlayandan sonra onun fəsadlarından təkcə Naxçıvan deyil, eləcə də respublikamızın digər bölgələri, habelə Türkiyə, İran, o cümlədən elə Ermənistanın da zərər çəkəcək. Həmçinin qeyd edilir ki, inşa ediləcək zavod Arazın sahilindədir. Ona görə də müəssisənin tullantılarının bu çaya axıdılacağı heç bir şübhə doğurmur. Belə bir vəziyyətin gerçəkləşəcəyi isə işğalçı dövlətin respublikamıza növbəti ekoloji terroru kimi vurğulanır. Amma təkzibedilməz faktlara əsaslanan bütün bu ekoloji terror hadisələri beynəlxalq qurumlar tərəfindən indiyədək susqunluqla qarşılanıb. Belə bir laqeyd münasibətdən sonra isə Ermənistan indiyə kimi insanlığa sığmayan əməllərini davam etdirib. İş o həddə çatıb ki, hətta Azərbaycana bu məsələdə haqq səsini ucaltdığına görə hədə-qorxu gəlməkdən belə çəkinməyib. Məsələn, bir neçə gün bundan əvvəl Ermənistan mətbuatı Arazdəyəndə iri metallurgiya zavodunun tikintisini həyata keçirən “Virtual Funding” və “CSE Global” şirkətlərinin bəyanatını yayıb.

Bəyanatda həmin özəl qurumların nümayəndələri çox güman ki, Ermənistan rəhbərliyinin diktəsi ilə guya Azərbaycanı bu müəssisənin tikintisinin qarşısını almaq cəhdinə görə vurduğu ziyanda ittiham edir və buna görə də kompensasiya tələb edəcəklərini bildirirlər. Bunlar hətta utanıb-qızarmadan tikilən zavodun Azərbaycan üçün ekoloji problem yaradacağı ilə bağlı deyilənlərin yalan olduğunu bəyan edirlər. Adları çəkilən müəssisələrin nümayəndələri inşa ediləcək zavodda gələcəkdə hazır metalların armatura çevriləcəyini, heç bir zərərli tullantıların olmayacağını iddia edirlər. Bəyanatın sonunda həyasızcasına guya tikilən zavodun transsərhəd təsiri olmadığı üçün Azərbaycanın göstərdiyi beynəlxalq konvensiyaların heç bir müddəasının pozulmadığı da bildirilir.

Yeri gəlmişkən, məsələ ilə bağlı bir müddət əvvəl Azərbaycanın ekoloji qeyri-hökumət təşkilatları da bəyanat yaymışdılar. O zaman işğalçı ölkənin ətraf mühit naziri həmin bəyanatda səsləndirilən haqlı çağırışları qəbul etməmiş, zavodun bütün hüquq normalarına uyğun tikildiyini bildirmiş, respublikamızın bu hadisəyə ciddi yanaşmasını isə Ermənistanın iqtisadi inkişafına maneə adlandırmışdı. Bu məqamda “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” məşhur Azərbaycan zərb-məsəlini xatırlamamaq olmur.

Erməni nazir bu sözləri deyərkən cəfəng fikirlərə əsaslanıb. Çünki Ermənistan həqiqətən də bütün hüquq normalarına uyğun zavod tiksəydi, Azərbaycan və digər qonşu dövlətlərlə razılaşma əldə edərdi. Həmçinin işğalçı dövlət Azərbaycan tərəfi ilə razılaşdırmadan sərhəddə belə bir müəssisə tikmək qərarına gələrkən transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında 1991-ci il Espo Konvensiyasını unudub. Halbuki Ermənistan həmin konvensiyanın şərtlərinə görə, ərazisində planlaşdırdığı iri təsərrüfat fəaliyyətinin digər ölkələrin ərazisinə mənfi ekoloji təsir göstərib-göstərməyəcəyi barədə müddəanı diqqətdə saxlamalı idi. Başqa sözlə, Azərbaycanın müvafiq qurumları ilə razılaşdırılma aparmalı, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı sənəd hazırlamalı idi.

Bölgəni təhlükəyə sürükləyən bu prosesin durdurulması çox vacibdir. Heç bir siyasi gücün, yaxud özəl və dövlət şirkətlərinin, onların arxasında dayanan qüvvələrin regionda yaşayan xalqların taleyi ilə oynamağa haqqı yoxdur.

Nigar Orucova, “İki sahil”