Turizm Azərbaycanda iqtisadiyyatın ayrıca sektoru kimi formalaşıb. Turizm üzrə rəqabətqabiliyyətlilik siyahısında Azərbaycan 148 ölkə arasında 39-cu yerdə qərarlaşıb. Ümumdünya Səyahət və Turizm Şurasının hesabatına əsasən, Azərbaycan 2010-2016-cı illərdə turizmin ən sürətlə inkişaf etdiyi 10 ölkə arasına daxil olub. Azərbaycanda turizmin inkişafını sürətləndirmək, ölkənin daxili turizm potensialını dünya bazarına çıxarmaq, xarici turistlərin diqqətini səfalı guşələrimizə cəlb etmək məqsədilə 2003-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi tərəfindən bölgələr üzrə 7 turizm marşrutu müəyyənləşdirilib. Bunlardan 4-ü əsas, 3-ü isə əlavə marşrut hesab edilir. Əsas turizm marşrutları Bakı-Xaçmaz, Bakı-Balakən, Bakı-Astara və Bakı-Qazax, əlavə marşrutlar isə Bakı-Abşeron yarımadası, Bakı-Qarabağ, Bakı-Naxçıvandır.
Azərbaycanın daxili turizm potensialı, ilk növbədə, bölgələrin əlverişli təbii-coğrafi mövqedə yerləşməsi, zəngin flora və faunası, gözəl təbiəti ilə şərtlənir. Eyni zamanda, son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb.
Ancaq təəssüflə qeyd etmək lazımdır ki, yay fəsli gələn kimi ölkəmizdəki istirahət mərkəzlərinin baha qiyməti xarici ölkələrinkindən heç də geri qalmır. Ümumiyyətlə, iyul-sentyabr aylarında bölgələrə turist axını güclü olur. Bu aylarda bölgələrdəki hotellərdə, hətta fərdi evlərdə yer tapmaq problemə çevrilir, qiymətlər isə qalxır. Rayonlara üz tutanlar arasında xarici turistlərlə yanaşı, yerli turistlər də üstünlük təşkil edir. Yerli həm də xarici turistlərin əksəriyyəti isə 5 ulduzlu otellərdə qalmağı seçim edir. Bu otellərin qiymətləri isə bir gün üçün 236 manata qədər yüksəlir.
Bəs otel idarəçiliyində ulduzların hansı əhəmiyyəti var? İnsanlar nə üçün baha olmasına rəğmən 5 ulduzlu otelləri seçirlər?
Əvvala onu qeyd edək ki, otel idarəçiliyində ulduzların əhəmiyyəti mehmanxana və ya digər yerləşdirmə obyektinin keyfiyyətini qiymətləndirmək üçün qonaqpərvərlik sənayesində istifadə olunan reytinq sistemidir. O, adətən sənaye orqanları və ya bələdçi kitabçaları tərəfindən verilir və otelin təmizliyi, otaqların keyfiyyəti, təklif olunan şərait və göstərilən xidmət səviyyəsi kimi amillərə əsaslanır. Otelə verilən ulduzların sayı potensial qonaqlar üçün otelin ümumi keyfiyyətinin göstəricisi ola bilər və onların ehtiyac və gözləntilərinə cavab verən mehmanxana seçiminə kömək edə bilər.
Bölgələrmiz müxtəlif seqmentdə həm istirahət mərkəzləri, həm də otellər fəaliyyət göstərir. Eyni zamanda, ictimai iaşə obyektləri, restoranlar da buna daxildir. Demək olmaz ki, bir bölgədə qiymətlər bahadır, digər bölgədə isə ucuz. Turistlərin getdiyi yerlərdə isə qiymətlər daha baha olur. Bu baxımdan Şamaxı, İsmayıllı, Şəki, Quba, Qusar, Xaçmaz, eyni zamanda, Qax, Zaqatala, Balakən bölgəsinə turistlər daha çox səyahət edir. Ona görə də həmin bölgələrdə qiymətlər yay mövsümünə görə normal olsa da, digər vaxtlara görə nisbətən yüksək olur. İnsanlar öz büdcələrinə uyğun, istirahət yerlərində dincələ bilərlər. Sadəcə, araşdırma aparmaq və turizm şirkətləri ilə əlaqə yaratmaq lazımdır. Çünki turizm şirkətləri bölgədə olan istirahət mərkəzlərini, otelləri yaxşı tanıdığı üçün qiymətlər baxımından insanlara köməklik göstərirlər. Hər bir turist də öz büdcəsinə uyğun otellərdə gecələyərək istirahət edə bilər.
Bütün nüansları nəzərə alaraq müxtəlif turizm təşkilatlarından aldığımız məlumata görə, insanlar daha çox həftəsonları ölkədaxili turlara üstünlük verirlər. Təbiət mənzərələrini, qədim dağ kəndlərini yaşamaq və Qafqaz mədəniyyətinə qərq olmaq istəyən hər kəs Qubanı düşünür. Böyük Qafqaz dağları mənzərələrindəki təbii gözəllik, Tenji Kanyonu və şəlalələr buranı ziyarət edənlər üçün diqqətçəkən məqamlardan yalnız bir neçəsidir. Əhalinin üstünlük veridiyi kəndlərə isə ucqar Xınalıq, Lahıc və Sarıbaş daxildir.
Əhali tərəfindən Şəki şəhərinə də maraq az deyil. Turistlər burada daha çox Çələbi Xan Restoranına, Şəki Xan Sarayına, Dairəvi Məbədə və ya Nuxa Üçmüqəddəs Kilsəsinə, Yuxarı Karvansaraya, Kiş Alban Məbədinə baş çəkirlər.
Tarix biliciləri üçün başqa bir qaynar nöqtə Şamaxıdır. Pirqulu kəndi öz təmiz təbiəti ilə Şamaxının vazkeçilməz bir hissəsidir. Təsadüfi deyil ki, Azərbaycanın Şamaxı Astrofizika Rəsədxanası da bu kənddə yerləşir. Çuxuryurd Şamaxının özünəməxsus təbiəti olan kəndlərindən biridir. Şamaxıda yaradılan Safari parkı həm böyüklərin, həm də uşaqların sevəcəyi bir yerdir. Təbiəti zəngin olduğundan burada çoxlu heyvan yaşayır.
Göygöl və onun ətrafında yayılmış meşələr öz zənginliyi və füsunkarlığı ilə nəyinki Azərbaycan əhalisini, eləcə də tursitləri özünə cəlb edir. Gəncənin “Göygöl İstirahət Turizm Kompleksi” 2015-ci ildən vətəndaşların istifadəsinə verilib. Kompleksin ərazisində yaradılan şərait, istirahət və iaşə obyektləri məkanı daha da gözəlləşdirib. Şəhər sakinləri və turistlər qoruq ərazisində yaradılan şəraitdən məmnundurlar. Kompleksi gəzməyə və görməyə gələnlər arasında bütün yaş qruplarından olan insanlara rast gəlinir.
Azərbaycanın cənub zonası da sözsüz ki, əhalinin xüsusi üstünlük verdiyi yerdir. Talış dağlarının möhtəşəm mənzərəsi cənub bölgəsinin bütün əyalətlərində fərqli görünür. Tarixə bələd səyahətçilər üçün Lerik mütləq görülməli bir yerdir. Masallıya gələn əhalinin çoxu müalicə məqsədi ilə “İsti Su” sanatoriyasını seçir. Yardımlı da digər cənub rayonları kimi, təbiəti və tarixi yerləri ilə gözəldir.
Nigar Orucova, “İki sahil”