26 avqust 2023 02:57
574

Ağdamın ağ günləri

Bütün işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Ağdam, Füzuli, Xocavənd, Tərtər və Xocalı rayonlarını əhatə edən Qarabağ iqtisadi rayonununda bu gün genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri davam etdirilir. Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq 2026-cı ilədək Qarabağ iqtisadi rayonu üzrə 2 şəhər mərkəzinin və 32 kəndin tikilməsi, 3 məntəqənin turizmyönlü inkişaf etdirilməsi, torpaq islahatı ilə bağlı təkliflərin hazırlanması və ən azı 66 min sakinimizin öz dədə-baba torpaqlarına geri qayıdışının təmin edilməsi əsas hədəflərdir. Bu yazımızda Ağdamın timsalında həmin quruculuq işlərinə nəzər salmağa çalışacağıq.

Erməni vəhşiləri tərəfindən xarabalığa çevrilmiş, daha doğrusu, atom bombası ilə dağıdılmış Xirosima və Naqasakini xatırladan Ağdam hazırda  özünün xoşbəxt günlərini yaşayır. Ona belə günləri bəxş edən isə Prezident İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban Əliyevanın tapşırıqları əsasında bu şəhərdə aparılan yenidənqurma və abadlıq-quruculuq işləridir. Rayonda daş daş üstünə qoyulduqca sanki bu qədim diyar ağrılarını unudur.  Xatırladaq ki, Ağdamın 30 illik erməni işğalından sonra şəhərdə yeganə sağ qalan tikili məscid idi. O da erməni vandalları tərəfindən yalnız hərbi məqsədlər üçün istifadə edildiyinə görə salamat saxlanılmışdı.

İşğaldan azad edilmiş ərazilərimiz üçün təsdiqlənən ilk Baş plan kimi tarixə düşmüş Ağdamın Baş planı əsasında hazırda mövcud çətinliklərə, dağıntıların miqyasının genişliyinə və mina təhdidinə baxmayaraq, yenidənqurma, bərpa və quruculuq işləri müasir şəhərsalma prinsipləri əsasında sürətlə həyata keçirilir. Bir sözlə, bu gün Ağdam geniş tikinti meydançasını xatırladır.

Burada aparılan genişmiqyası bərpa və quruculuq işlərinə dövlət başçısı şəxsən özü nəzarət edir. Bu mənada Prezident İlham Əliyevin bu rayona hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr verməkdədir. Məsələn, ölkə başçısının cari ilin may ayının 2-də Ağdam rayonuna səfəri çərçivəsində “Azərişıq” ASC-nin Ağdam şəhərində Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin, Ağdam Muğam Mərkəzinin, 2-ci və 3-cü yaşayış məhəllələrinin, eləcə də inzibati binanın təməlləri qoyulub.

Qeyd edək ki, işğaldan əvvəl Ağdam Qarabağ regionunun sənaye, kənd təsərüfatı məhsullarının mərkəzi sayılırdı. Burada istehsal olunan məhsullar nəinki ölkəmizin, eləcə də keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə göndərilirdi. Onun bu adının qaytarılması istiqamətində artıq müvafiq addımlar atılır. Belə ki, Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli Fərmanı ilə  200 hektara yaxın ərazini əhatə edən Ağdam Sənaye Parkı yaradılır.  Sənaye parkının yaxınlığında inşa edilən 6 yaşayış binasında tikinti işləri sürətlə davam etdirilir.

Burada genişmiqyaslı nəqliyyat və dəmir yollarının salınması da diqqət mərkəzindədir.  Hazırda Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi davam etdirilir. Bu yolun Yevlax qovşağı ilə birləşməsi həm də Bakı-Tbilisi-Qars ixrac dəhlizinə qoşulma demək olacaq. Azərbaycan Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən inşa olunan bu dəmir yolu xəttinin tikintisinin cari ildə başa çatdırılması nəzərdə tutulur.

Şübhəsiz, Azərbaycan milli musiqi mədəniyyətinə görkəmli muğam ifaçıları bəxş etmiş Ağdam rayonunda Muğam Mərkəzinin inşası işğaldan azad olunmuş ərazilərimizdə digər sahələr kimi, mədəniyyətin də sürətlə dirçəldilməsi istiqamətində ardıcıl işlərin görüldüyünü göstərir. Yeri gəlmişkən, Ağdamda Cümə və Qiyaslı məscidləri bərpa olunur. Ağdam 1 nömrəli məktəbinin binasında tikinti işləri aparılır. Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası isə ağdamlılara yeksək tibbi xidmətin göstərilməsi üçün yeni imkanlar yaradacaq.  Çörək Muzeyi, Çay Evi, "İmarət" də tezliklə ikinci həyatlarına vəsiqə alacaq obyektlər sırasındadır. İmarətdə yerləşən Azərbaycanın görkəmli şairəsi və xan qızı Xurşidbanu Natəvanın qəbirüstü abidəsi özünün ilkin görkəminə qaytarılıb. Pənahəli xanın sarayında - İmarətdə və Şahbulaq qalasında yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq. Ağdamda  Zəfər və açıq hava altında İşğal muzeyləri də inşa olunacaq. Ağdamın Xıdırlı, Kəngərli, Sarıcalı və digər kəndlərində də yenidən qurulan yaşayış məskənləri sırasındadır.

Bütün bu addımlar bir daha göstərir ki, Prezident İlham Əliyev ən qısa zamanda “ruhlar şəhəri”ni cənnətə çevirəcək və Ağdamın yaralarını tam sağaladacaq. Nəticədə Ağdamın şöhrətli günləri yenidən qayıdacaq. Həm də əvvəlkindən çox fərqli, daha gözəl, daha müasir formada.

Azərbaycan Hökuməti 2026-cı ilin sonuna kimi 10 min Ağdam sakinini şəhərə qaytarmağı qarşısına məqsəd qoyub. İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bildirmişdir: “… işğaldan əvvəlki dövrdə bu şəhərdə təqribən 40, bəlkə də 50 min insan yaşayırdı.  Bizim Baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Təbii ki, bütün bunlar mərhələli yollarla ediləcək”.

Yazının sonunda isə bir məqamı xatırlatmaq istərdik. Prezident İlham Əliyev Ağdama səfərlərinin birində demişdir: “Hər dəfə buraya gələndə ürəyim ağrıyır”. Şübhəsiz, gün gələcək dövlət başçımızdan bu sözləri də eşidəcəyik: “Yenidən qurulan Ağdam ürək ağrılarıma son qoydu”.

Qvami Məhəbbətoğlu, “İki sahil”