05 sentyabr 2023 00:24
1366

Məktəbli formaları nə üçün vacibdir?

Bu geyimlər, bizdə və xarici ölkələrdə

Yeni dərs ilinin başlanmasına az qalıb. Nədənsə yeni dərs ilinə hazırlıq həmişə valideynlər üçün problem yaradır. Xüsusilə məktəbli geyimi ilə bağlı narahatlıq hər il təkrarlanır. Bu il də eyni söz-söhbətlər eşidilməyə başlayıb. Valideynlərin kimisi keyfiyyətdən, kimisi qiymətdən, kimisi isə dizayndan və s. səbəblərdən narahatlıq keçirir...

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə 2011-ci ildən etibarən ölkədə vahid məktəbli formasından istifadə olunur. Bu, məktəblərdə sosial bərabərliyin təmin olunmasını təmin edir, şagirdlərin bir-birindən maddi vəziyyətə görə fərqlənməsinin qarşısını alır. Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” qərarına əsasən, orta məktəblər üçün geyim formaları təsdiq edilib. Məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.

Artıq Bakı Tikiş Evinin (BTE) hazırladığı məktəbli geyimləri 18 məkanda satışa çıxarılıb. BTE-nin tikdiyi yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətəklər isə 25 manatdır.

Məktəbli forması niyə vacibdir?

Bu barədə kiçik bir araşdırma etdik. Əvvəla onu qeyd edək ki, təlim prosesinə biliklərin ötürülməsi, eləcə də uyğunlaşma və davranışın inkişafı daxildir. Burada harmoniya və nizam-intizamın əldə edilməsində geyimin də böyük əhəmiyyəti var. Məktəbin öz geyim dizaynının olması isə şagirdlərin harmoniyasını gücləndirir, təhsilin keyfiyyətini artırır.

Hər bir məktəbin özünəməxsus imici var. Geyim bu imici daşıyan mühüm elementlərdən biridir. Bu da şagirdlərin məktəbdə birliyini, nizam-intizamı və daxili rifahını artırır.

Məktəbli formaları praktikidir. Yəni bu kombinasiyalarda ümumiyyətlə geyinilməsi asan olan məhsullara üstünlük verilir. Bununla da şagirdlər üçün hər gün paltar seçmək zərurəti aradan qalxmış olur və valideynlərin vaxta qənaət etmələri sadələşir. Həmçinin təhsilalanların ailələrinin maddi imkanları həmişə bərabər olmaya bilər övladları üçün yaxşı və keyfiyyətli paltar almaq valideyn üçün çətin ola bilər. Maddi bərabərsizliyin görünməsi məktəblilər arasında sosial birlik üçün risk yaradır. Məktəbli forması görünən bərabərsizliyi aradan qaldırır.

Geyim seçimi insan psixologiyasına böyük təsir göstərir. Bu təsir xüsusilə uşaqlıq və erkən gənclik fərdlərində daha yüksəkdir. Şagird özü ilə eyni paltarı geyinən qrupa daha asan uyğunlaşır. Eyni zamanda, şagirdlər gündəlik vaxtlarının çoxunu məktəbdə keçirirlər. Hər kəsin eyni paltarı geyinməsi təhsilanların özlərini bir qrupa aid hiss etməsinə şərait yaradır. Bu, xüsusilə birincilərin məktəbə getməyə həvəsli olmasına, həm də dərslərin uğurlu keçməsinə kömək edir.

Formanın korporativ şəxsiyyəti olmalıdır. Bu baxımdan bu geyimlərin vahid formada olması və məktəbin emblemini daşıması bir çox mütəxəssislər tərəfindən vacib hesab olunur. Rəng seçimi məktəbin iddiasına və korporativ mesajına uyğun gəlməlidir. Rəng seçimi həmçinin şagirdlərin psixologiyası üçün də önəmlidir. Həddindən artıq tutqun, parlaq rənglər və kəskin tonlar xüsusilə uşaq psixologiyasına mənfi təsir göstərə bilər. Bu səbəbdən məktəbli formalarında mümkün qədər yumşaq rənglərdən istifadə etmək lazımdır.

Sadalanan bütün bu amillərə və məktəbli formalarından istifadəyə dünyanın bir çox ölkələrində müxtəlif yanaşmalar mövcuddur.

Məsələn, məktəbli formasının tətbiq edildiyi ən böyük Avropa ölkəsi Böyük Britaniyadır. İngiltərədə məktəbli forması hamı üçün məcburidir. Dövlət məktəblərinin əksəriyyətində forma eyni, özəl məktəblərdə isə fərqlidir. Hindistan, İrlandiya, Avstraliya, Sinqapur, Cənubi Afrika, Kipr və Hong-Kong kimi keçmiş müstəmləkələrin bir çoxunda müstəqillik qazanıldıqdan sonra belə forma ləğv edilməyib.

Fransada vahid məktəbli forması 1927-1968-ci illər arasında mövcud idi. Polşada isə bu üsul 1988-ci ilə qədər tətbiq edilib. Belçikada məktəbli geyimləri yalnız bəzi Katolik məktəblərində, həm də ingilislər tərəfindən qurulan özəl məktəblərdə mövcuddur. Tünd mavi rəngdə şalvar və ətəklər, ağ və ya mavi köynək, qalstuk tipik forma sayılır.

Almaniyada onun tətbiqi ilə bağlı debatların davam etməsinə baxmayaraq vahid məktəbli forması yoxdur. Düzdür, bəzi məktəblərdə forma hesab edilməyən vahid məktəb geyimləri tətbiq olunur. Çünki şagirdlər onun dizaynının formalaşmasında iştirak edə bilərlər. Xarakterik olan odur ki, hətta Üçüncü Reyx zamanında belə məktəblilərin vahid forması yox idi – şagirdlər "hitleryuqend” adlanan gündəlik geyimlərdə və ya digər uşaq ictimai təşkilatlarına məxsus formalarda dərslərə davam edirdilər.

ABŞ və Kanadada bir çox özəl məktəblərdə məktəbli geyimləri var. Bəzi məktəblərdə paltar geyinmə qaydaları tətbiq olunsa da dövlət məktəblərində vahid forma yoxdur. Kubada isə məktəblərdə şagirdlər və universitetlərdə bütün tələbələr üçün forma məcburidir.

Çində bütün orta, eləcə də bəzi ibtidai məktəblərdə məktəbli forması tələb olunur. Forma adətən beş cür olur: iki formal və 3 gündəlik dəst. Hər bir formal dəst yay, qış, bazar ertəsi və ya xüsusi tədbirlərdə geyinilir. Qızlar üçün yay geyimi ağ qısaqol köynəkdən, ətəkdən, qış üçün sviterdən, oğlanlar üçün isə hər iki fəsilə uyğun kostyumdan ibarətdir.

Yaponiyanın əksər orta və yuxarı sinifləri üçün də məktəbli geyimləri məcburi sayılır. Hər məktəbin özünəməxsus variantı olsa da əslində seçim o qədər də çox deyil. Adətən bu, oğlanlar üçün ağ köynək, tünd şalvar və pencək , qızlar üçün ağ köynək, tünd ətək və ya dənizçi fuku – "dənizçi kostyumu”. Adətən böyük bir çanta və ya portfel də formaya əlavə edilir. İbtidai məktəb uşaqları bir qayda olaraq adi uşaq geyimlərindən – oğlanlar qara gödəkçələr və qızlar 19-cu əsrin əvvəllərindəki ingilis hərbi- dəniz mundirinin bənzəri olan"matroska” adlanan geyim nümunələrindən istifadə edirlər.

Türkiyədə məktəbli formalarının qədim tarixi var. Məktəbli forması bütün dövlət və özəl müəssisələrdə istifadə olunur. Özəl müəssisələrin öz forması var. Məktəbli formasının ləğvi Türkiyədə çox müzakirə mövzusu olub. Bu fikri dəstəkləməyənlər xüsusilə ciddi gəlir boşluğu olduqda sinfi fərqlərin daha aydın görsənəcəyini iddia edirlər. Formanın ləğvinin təhsilin keyfiyyətinin və nizam-intizam problemlərinin azalmasına səbəb olacağını da iddia edirlər.

Digər tərəfdən, forma əleyhdarları üçün o da açıq fakt olaraq qalır ki, rahat geyim şagirdlərin sinifdə özlərini daha komfort şəraitdə hiss etmələrini təmin edə bilər...

Nigar Orucova, “İki sahil”