10 aprel 2018 00:48
1148

İndi də yırtılan maskalarını yamayırlar

Artıq orduxanların-morduxanların, turalların-muralların... ölkəmiz əleyhinə apardıqları qondarma təbliğat kampaniyaları xaricdə yaşayan həmvətənlərimizi də cana doydurub. Odur ki, onlar fəal şəkildə bu haqsızlıqlara qarşı çıxırlar. Məsələn, Avropa Azərbaycanlıları Konqresinin və Benilüks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Brüssel şəhərində ölkəmizin Belçika Krallığındakı səfirliyi və Avropa Birliyindəki daimi nümayəndəliyinin binası qarşısında həmrəylik aksiyası keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizin əldə etdiyi uğurlardan, artan iqtisadi və hərbi gücündən, yüksələn beynəlxalq nüfuzundan əsaslı dəlillərlə söz açmaqla yanaşı, bəzi antiazərbaycan qrupların heç bir etik çərçivə gözləmədən ölkəmizin imicini ləkələməyə istiqamətlənən fəaliyyətlərini pisləyiblər. Hətta bildiriblər ki, orduxanlar-morduxanlar, turallar-murallar... müxalifət adı ilə xaricdə Azərbaycanın nüfuzunu havadarlarının sifarişi ilə ləkələməyə çalışırlar. Bu niyyətlə söyüşdən, digər təhqiredici sözlərdən belə istifadə edirlər. Bütün bunlara görə həmin şəxsləri Avropada yaşayan Azərbaycan müxalifətinin təmsilçiləri də qəbul etmirlər. Ümumiyyətlə, o şəxslərin bu hərəkətlərdən sonra xaricdə Azərbaycanı təmsil etmək, azərbaycanlılar adından danışmaq haqları da yoxdur. Belə bir tədbir ölkəmizin Niderland Krallığının Haaqa şəhərindəki səfirliyi qarşısında da keçirilib. Belarusda, İtaliyada yaşayan soydaşlarımız isə bəyanatlar yayıblar.

... 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərinə artıq bır gün qalıb. Ölkədə prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası heç bir nöqsana yol verilmədən uğurla başa çatdırılıb. Hətta bununla bağlı dünyanın bir sıra tanınmış simalarının fikirləri beynəlxalq mətbuatda yer alıb. Amma bütün bunlar xarici ölkələrdə sülənən, antiazərbaycan qüvvələrin alətinə çevrilmiş “həmvətənlərimizi”, xüsusilə Orduxan Teymurxanı, Tural Sadıqlını yaman qıcıqlandırmaqdadır. Elə buna görə də orduxanlar-morduxanlar, turallar-murallar... Azərbaycan əleyhinə yeni yalanlarla, böhtanlarla silahlanaraq yenə Avropanın küçələrinə çıxmaq niyyətindədirlər. Məlumata görə, bu dəfə onlar Berlindəki Azərbaycan səfirliyinin qarşısına üzlərinə maskalar taxmaqla çıxacaqlar. Yəqin soruşacaqsınız, niyə maskalar ilə?  Orduxanlar-morduxanlar, turallar-murallar... özləri israr edirlər ki, guya onlar ailələrini təhlükə (?) altında qoymaq istəmədikləri üçün belə bir addım atırlar. Əslində bu, onların uydurduqları cəfəngiyyatdan, “qəhrəmanlıqlarına” don geyindirməkdən başqa bir şey deyil. Bu, hər şeydən əvvəl, xaricdə yaşayan vətənsevər soydaşlarımızın yuxarıda ərz etdiyimiz tədbirlərindən sonra onların “üzlərini” gizlətməyə calışmaları ilə bağlıdır. Axı belə tədbirlər onları yaman məyus edib, qəm dəryasına batırıb. Bütün bunlar isə orduxanların-morduxanların... sifətlərinə də sirayət edib. Odur ki, öz məyusluqlarını maska ilə ört-basdır etmək istəyirlər.

Digər tərəfdən, gün kimi aydındır ki, antiazərbaycan təbliğatı aparanların sifətləri taxdıqları maskalardan əsla fərqlənmir. Buna rəğmən, onlar dübarə maskalanmağa, oynamağa, cildə girməklə sadəcə öz təlxəkliklərinə yeni çalarlar əlavə etmək istəyirlər. Nədən ki, bu iblislərə ağaları belə buyurublar. Üstəlik, buyurublar ki, bu üsulla Azərbaycanı daha qorxunc bir ölkə kimi təqdim etsinllər. Buyuruq qulları da onların bu kimi istəkləri ilə milyonlarla vətənsevərin nıfrəti altında oturub-durmalıdırlar. Onlara əl çalan isə ancaq və ancaq  şər olacaq. Xalq şairi Bəxtiyar Vahabzadə yaxşı deyib:

Yoğrulub İblisin mayası kindən,

İblis ləzzət alır öz pisliyindən.

Orduxanlar, turallar... sadəcə bu üsulla öz şoularına daha çox insanı, daha doğrusu, piket təşkil olunacaq ərazidən keçən uşaqları cəlb etmək və həmişə boş qalmış “auditoriyalarını” bu dəfə qismən də olsa onların hesabına doldurmaq, üzərlərinə götürdükləri missiyanı yerinə yetirməyə cəhd etdiklərini öz havadarlarına göstərmək məqsədilə maskanırlar. Bu mənada onların taxacaqları maskalar indiyə qədər yırtılan maskalarını yamamaq kimi bir nəsnədir. Görünür, dahi Şekspir “həyat bir səhnə, insanlar isə aktyor”lardır ifadəsini elə bil onlar üçün deyib.

Bir də... bu dəfə də orduxanların-morduxanların, turalların-muralların “əməyinin” boşa çıxacağı kimsədə şübhə doğurmur. Çünki Avropa ölkələrində yaşayan azərbaycanlılar orduxanların-morduxanların, turalların-muralların maska üstündəki maskalarını yırtmağa, onların havadarlarından aldıqları ənamları boğazlarında qoymağa qadirdirlər.

Qvami Məhəbbətoğlu