18 oktyabr 2023 01:58
820

Ulu Öndər Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinədir

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın, eləcə bir sıra mühüm qanun və məcəllələrin qəbul edilməsi, vətəndaş  cəmiyyətinin formalaşdırılması və yeni  sosial- iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin gərgin əməyinin, böyük siyasi və idarəetmə təcrübəsinin nəticəsidir.

30 il bundan əvvəl, 1993-cü il oktyabrın 3-də keçirilmiş Prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün  yeni bir mərhələnin başlanğıcı idi.  Xalqımız müstəqilliyi, dövlətçiliyi,  inkişafı, rifahı əsas götürərək  böyük səs çoxluğu ilə  Ulu Öndər Heydər Əliyevi Prezident seçdi.  Xalq ona, o isə xalqa arxalanırdı,   gücü ondan alırdı. Müdrik siyasətçi özü bu haqda fikir bildirərkən qeyd edirdi ki “ Ölkənin ağır vaxtında prezident seçiləndə, prezident kürsüsünə qalxanda da, and içəndə də mən təkcə Azərbaycanın ərazisində olan azərbaycanlılara yox, bütün dünyada yaşayan azərbaycanlılara müraciət etdim. Bildirdim ki, respublikanın bu ağır dövründə hər bir azərbaycanlı, damarlarında azərbaycanlı qanı axan hər bir insan gərək Vətənin bu gününə yansın, münasibətini bildirsin, kömək etsin”. Ümummilli Lider  həmin çətin günlərdə bütün azərbaycanlıları səfərbər edir, hər bir təklifi, müraciəti diqqətlə dinləyir, qərarlar verirdi.

Bütün ruhu, varlığı ilə öz xalqına, doğma yurduna bağlı olan bu böyük şəxsiyyət müxtəlif sistemlərdə, bir-birinə zidd siyasi quruluşlarda fəaliyyət göstərsə də, həmişə, ən çətin tarixi dövrlərdə və amansız təqiblər şəraitində belə, doğma Azərbaycana xidmət etmişdir. Böyük dövlət xadiminin ömür yolunun bütün məqamlarını bir nadir keyfiyyət səciyyələndirir - Vətən mücadiləsi və hər zaman, hər yerdə, bütün vəzifələrdə ana Vətənin, doğma xalqın tərəqqisi üçün can qoymaq!

    Ulu öndər Heydər Əliyevin müdrik siyasəti ilə xalqımız dünyada təklənmək təhlükəsindən xilas olmuşdur. Bir fakta diqqət yetirək. Dahi şəxsiyyətin Lissabon sammiti zamanı göstərdiyi müdriklik xalqımızın tarixinə qızıl hərflərlə yazılmışdır. Bu bir həqiqətdir ki, neçə illərdən bəri Ermənistan havadarları ilə birlikdə dünya diplomatiyası sahəsində Azərbaycanın düşmən obrazını yaratmışdı. Ölkəmiz siyasət aləmində tənha qalmışdı. Dost xalqlar da bizim haqq sözümüzü deməkdə çətinlik çəkirdilər. Hər yerdə Azərbaycan günahkar hesab edilirdi. Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi dünya siyasətində Azərbaycan haqqında yaranmış qeyri - obyektiv münasibəti və baxışları alt-üst etdi. Onun uzaqgörən siyasəti addım-addım Avropaya pəncərə açdı, BMT-nin yüksək kürsüsündən dünyaya yayıldı. Azərbaycanın haqq sözünü deyənlərin sayı artdı. Lissabon sammiti məhz bu haqq və ədalətin təntənəsi idi: 52 dövlət Azərbaycanı müdafiə etdi. Bu, böyük qələbə idi... Belə faktların sayı istənilən qədərdir.

Ulu Öndər Heydər Əliyevin ölkə əhəmiyyətli nailiyyətlərindən biri də neftlə bağlıdır. Azərbaycan neftinin dünya bazarına çıxarılması, əldə olunan gəlirlə milli büdcəni bərpa etmək, möhkəmləndirmək, əhalinin sosial səviyyəsinin yüksəldilməsi həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsi idi. 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi “məhsulun pay bölgüsü” haqqında müqavilə imzalandı. Müqavilə neft sahəsində Heydər Əliyevin qazandığı uğurların hələ başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunması, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. 

Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.

Mənalı həyatını öz xalqına bəxş etmiş Ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Heydər Əliyevin irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.

Arzu Əliyeva,
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı