04 noyabr 2023 10:48
215

Nazir: Zəngilanda uzaqdan zondlama üsulu ilə 19 min hektarda meşə quruluşu işləri aparılıb

İşğaldan azad edilmiş ərazilərdə meşə fondu torpaqlarının hüdudlarının, eləcə də meşələrin növ tərkibinin, yaş qruplarının və ehtiyatlarının müəyyən edilməsi məqsədilə inventarlaşdırma işlərinə zərurət var.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmə zamanı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

O bildirib ki, bu günə kimi regiondakı 260 min hektar ümumi meşə fondu sahəsindən yalnız Zəngilan rayonu ərazisində uzaqdan zondlama üsulu ilə cəmi 19 min hektarda meşə quruluşu işləri aparılıb:

“Meşə quruluşu işlərinin yekunlaşdırılması və bu ərazilərdə mühafizə tədbirlərinin, eləcə də idarəetmənin təşkili olduqca əhəmiyyətlidir.

Xüsusi mühafizə olunan təbiət ərazilərinin fəaliyyətinin bərpa edilməsi də prioritetlərdən biridir. Bunun üçün dövlət təbiət qoruqlarının və yasaqlıqların sərhədlərinin müəyyənləşdirilməsi, oradakı təbiət obyektlərinin inventarlaşdırılması və lazımi mühafizə tədbirlərinin görülməsi zəruridir.

“Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyətinin təşkili ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı Qoruğun sanitariya-mühafizə zonası müəyyənləşdirilib, əsasnaməsi və xəritəsi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunub. Qoruq ərazisində bioloji müxtəliflik komponentlərinin öyrənilməsi məqsədilə alimlərin iştirakı ilə məhdud ərazilərdə çöl-tədqiqat işləri aparılmış, flora və faunanın mövcud vəziyyəti araşdırılıb. 107 hektar sahəsi olan Təbiət Qoruğunun ərazisinin yarısında Şərq çinarları və digər ağaclar məhv olub, ümumilikdə flora və faunaya külli miqdarda ziyan vurulub. Lakin Qoruq ərazisində mina və partlamamış hərbi sursat təhlükəsi baxımından çöl-tədqiqat və təbiət obyektlərinin inventarlaşdırılması işlərinin yekunlaşdırılması, bu işlərə beynəlxalq ekspertlərin cəlb olunmasında gecikmələr var”.