18 noyabr 2023 02:58
507

Qərbi Azərbaycan səlnaməsi

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı təbii qarşılanmalıdır, çünki bu, beynəlxalq hüquqa və tarixi ədalət prinsiplərinə əsaslanır

Postmüharibə dövründə ciddi müzakirə mövzularından biri də Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın dədə-baba yurdlarında yaşamaq hüququnun tanınması ilə bağlıdır. Qərbi Azərbaycan İcması bu yöndə aktiv fəaliyyətdədir və dövlət səviyyəsində də bu məsələ diqqətdədir. İcmanın Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa davam etməsi, həmçinin qəzet səhifələrində və internet saytlarında “Qərbi Azərbaycan” başlığı ilə ayrıca rubrikalar açılması, “Qərbi Azərbaycan salnaməsi” adlı yeni videoseriyaya başlanılması rəsmi İrəvanı əməlli-başlı təşvişə salıb. Ən çox narahatlıq doğuran məsələ isə  İrəvanın da Azərbaycana məxsus olması faktı ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı məlumatlardır. Halbuki 1918-ci ildə yeni yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə əzəli şəhərimiz - İrəvanın Ermənistana bağışlanması tarixi faktdır. Məhz bundan sonra erməni millətçiləri min bir fitnə-fəsadla Zəngəzuru, Göyçəni və Azərbaycanın bir sıra digər torpaqlarını sovet hakimiyyətinin köməyi ilə “özününküləşdiriblər”. 1948-1953-cü illərdə xalqımıza qarşı törədilən növbəti cinayət nəticəsində soydaşlarımız Qərbi Azərbaycan torpaqlarından deportasiyaya məruz qalıblar. 1980-ci illərin sonlarında belə cinayətlər sistemli formada həyata keçirilib. Bu illərdə Ermənistandan 250 minə yaxın azərbaycanlı deportasiya edilib. Bununla da tarixi Azərbaycan torpaqlarında monoetnik erməni dövlətinin əsası qoyulub.

Yeri gəlmişkən, erməni politoloq Davit Karapetyan sözügedən məsələlərlə bağlı maraqlı açıqlama verib. O qeyd edir ki, azərbaycanlı qaçqınların Ermənistana qayıtması məsələsi sülh müqaviləsi çərçivəsində nəzərdən keçirilir. Ekspert artıq bu məsələnin BMT səviyyəsində də müzakirə olunduğunu söyləyib. Xatırladaq ki, məsələ ilə bağlı sözügedən təşkilata müraciəti Qərbi Azərbaycan İcması ünvanlayıb. Karapetyan qeyd edib ki, söhbət 100-150 min azərbaycanlının Ermənistanın cənubunda, yəni tarixi Azərbaycan ərazilərində yerləşdirilməsindən gedir. Politoloq bura Dərələyəz, Göyçə, Basarkeçər, Zəngəzur və digər bir sıra ərazilərin daxil olduğunu bildirib: “Bu durumda 100-150 min azərbaycanlı dövlət tərəfindən təmin edilməlidir, burada səsvermə və mülkiyyət hüquqları olmalıdır. Hazırda dövlətin ərazisində mütləq çoxluq bizik, yəni çoxmillətli deyilik və azərbaycanlılar artıq ölkədə ermənilərdən sonra növbəti çoxluğu təşkil edəcək”. 

Bu günlərdə Ermənistanın “Hraparak” nəşri də belə bir iddia ilə çıxış emişdi ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə Bakının əsas tələblərindən biri azərbaycanlıların öz yurdlarına – Qərbi Azərbaycana qayıtmasının təmin edilməsi, İrəvanın onların təhlükəsizliyinə zəmanət verməsidir: “Azərbaycan Prezidenti İlham Əliyev bunu əsas şərtlərdən biri kimi irəli sürüb. Rəsmi mənbələrin məlumatına görə, müqavilənin imzalanmasında problemli məsələlərdən biri də budur”. Nəşr yazır ki, Nikol Paşinyan hakim partiyanın üzvləri ilə son qapalı görüşündə bu barədə açıq danışıb: “Bildirib ki, onlar bir tərəfdən beynəlxalq konvensiyaların əksinə çıxa, qaçqınların geri qayıtmasını rədd edə bilməzlər, digər tərəfdən isə bunun Ermənistan üçün fəlakət olacağını da anlayırlar. Mümkün hər şeyi edəcəklər ki, bu baş verməsin”.

Nəşr qeyd edir ki, Azərbaycan qaçqınların öz yurdlarına qayıtması məsələsini artıq beynəlxalq gündəliyə daxil etməyə nail olub: “Artıq ABŞ, Avropa və Rusiyanın yüksək səviyyəli rəsmiləri bu haqda danışmağa başlayıb. Bildirilir ki, bu məsələ Ermənistan-Azərbaycan danışıqlarının mövzusudur. Bu ilin 15 iyulunda Brüsseldə keçirilən Əliyev-Mişel-Paşinyan görüşündə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtması məsələsi müzakirə olunub. Görüşdən 10 gün sonra Paşinyan da belə bir müzakirənin olduğunu dolayısı ilə təsdiq edib”.

Ermənistanın “Vətəndaş qərarı” partiyasının keçmiş icraçı katibi Suren Saakyan da Azərbaycanın bu məsələdə məqsədinə nail olacağını bildirib: “Ermənistanla bağlı çox pis proqnozlarım var. Qərbi Azərbaycan anlayışı, azərbaycanlıların Ermənistana qayıtması - bunlar oxşar müzakirələrdir, problem budur. Təhlükəni vaxtında hiss etməkdə böyük problemimiz var. Yəni təhlükə burnumuzun dibindədir, biz heç nə etmirik. Biz faktiki təhlükələri vaxtında hiss edib onların qarşısını ala bilmirik. İşlərimiz yaxşı deyil. İstəsək də, istəməsək də küçələrə çıxmalıyıq, Ermənistanın siyasətini dəyişməliyik”.

Hər halda, Azərbaycan məhz sülh müstəvisində Qərbi azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarına qayıdışında maraqlı tərəfdir. Bunun sülh müqaviləsində əksini tapması isə tamamilə mümkündür. Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bir daha bildirib ki, ölkəsi Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır: “İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına tərəflər arasında etimadın olmaması mane olur, məhz bu faktor dialoqu ləngidir və tərəfləri sülh sazişi layihəsinin müddəalarını dəfələrlə müzakirə etməyə məcbur edir”. Hökumət başçısı onu da əlavə edib ki, sülh sazişi layihəsinin əsas prinsipləri tərəflər arasında razılaşdırılıb. Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirib ki, İrəvanla Bakı arasında bu ilin sonuna qədər sülh müqaviləsi imzalana bilər. Spiker qeyd edib ki, iki ölkə arasında sülh müqaviləsinin tez bir zamanda imzalanmasının mümkünlüyünü görür.

Bu məqamda Prezident İlham Əliyevin aşağıdakı sözlərini da xatırlatmaq istərdik: "Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar".

Sevinc Azadi, “İki sahil”