21 noyabr 2023 10:34
222

Gözün aydın, azad Kəlbəcər!

Kəlbəcərin işğalı Azərbaycanın gözəlliyi ilə adamı heyran qoyan rayonlarından biri də Kəlbəcərdir. Ümumi sahəsi 3054 kv.km olan Kəlbəcər 1930-cu il avqustun 8-də inzibati rayon statusu alıb. Qərbdə Ermənistanı, şimalda Daşkəsən, Göygöl, Goranboy, şimal-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Rayonun 144 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəsi var. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgəsinə daxildir. Kəlbəcər rayonu Bakıdan təxminən 450 km qərbdə, Bərdə-İstisu (Kəlbəcər) avtomobil yolunun kənarında, Tərtər çayı sahilində, sıldırım qayalıqlar üzərində yerləşir. Həmçinin rayon bir neçə kanyon və Murovdağ kimi tanınan yüksək dağ silsiləsi ilə əhatə olunmuşdur Qızıl mədənləri, sanatoriyaları ilə məhşur olan rayon həm də Azərbaycanda maldarlığın yüksək inkişaf etmiş bölgəsi idi. Strateji cəhətdən çox böyük önəm daşıyan rayon ermənilərin başlıca hədəflərindən birinə çevrilir. Müharibə zamanı həm şərq, həm də qərb tərəfdən erməni qüvvələri ilə əhatə olunan Kəlbəcərə ara-sıra hücumlar olurdu . Bununla kifayətlənməyən erməni separatçıları 1990-cı il iyul ayının 11-də "Tərtər - Kəlbəcər" sərnişin avtobusu partladaraq, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirdi. Terror hadisəsi nəticədə 14 nəfər həlak oldu, 35 nəfər yaralandı. 1992-ci ilin aprelin 8-də Kəlbəcərin Ağdaban kəndi ermənilər tərəfindən işğal olundu. Dörd istiqamətdə hücüm edən erməni qüvvələri Kəlbəcər döyüşündə 1900 kvadrat kilometrdən çox ərazini ələ keçirdi. 39 nəfər kənd sakini qəddarcasına öldürüldü, 5 nəfər girov götürüldü, 100-dən artıq ev yandırıldı. Bu, Ermənistanı Dağlıq Qarabağla əlaqələndirdi və Ermənistana yardım göndərmək üçün ikinci "dəhliz" açdı. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olundu.

Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Rayonun işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub. Erməni ekstremisləri Xocalı faciəsini Kəlbəcərdə davam etdirdi. Yerli əhali kütləvi qırğına məruz qaldı. Başlıbel faciəsi isə erməni vəhşiliyinin pik nöqtəsi oldu. Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Beynəlxalq təşkilatlar Kəlbəcər döyüşünə görə Qarabağda və Ermənistanda olan erməniləri tənqid etdi. İşğa  zamanı rayona həmçinin böyük maddi zian da dəymişdir.

İşğal vaxtı Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçmişdi. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılmış, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilmişdir. Həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni quldurları tərəfindən xarabazara çevrilib. Rayonun ərazisindəki Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları ermənilər tərəfindən qanunsuz şəkildə istismar edilirdi. Kəlbəcərin xalq təsərrüfatına vurulan ziyan 703 milyard 528 milyon rubl hesablanmışdır. Rayonun sağ qalan əhalisi 30 il boyunca Azərbaycanın 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşamağa məhkum olunmuşdu.

Nəhayət Azərbaycanın Şanlı Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu qeydşərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad olundu. Lakin artıq o çətin günlər arxada qalıb. Bu gün azad olunmuş torpaqlar yenidən qurulur, abad edilir. Bu isə bir daha güclü, qüdrətli, möhkəm dayaqlara malik Azərbaycan dövlətinin bütün problemlərin öhdəsindən gəlmək iqtidarında olduğunu göstərir. Kəlbəcər, gözün aydın sən azadsan!

Vəfa Seyidova,
M.Hacıyev adına 116 nömrəli tam orta məktəbin tarix müəllimi,
YAP Xətai rayon təşkilatının “"Cavansir 12" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü