"Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq və xalqların birliyi amilinə əsaslanan münasibətlər iki qardaş ölkənin dövlət başçılarının birgə səyləri ilə strateji tərəfdaşlıq səviyyəsindədir və əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələr daim genişlənir".
“İki sahil”in məlumatına görə, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.
O, əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə ötən dövrdə iki ölkə arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin daim genişlənməkdə olduğu və bu sahədə 7 əməkdaşlıq sənədinin imzalandığı bildirilib. İki nazirlik arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin əlaqələrin genişləndirilməsində xüsusi önəmi qeyd olunub. Gələn il Komissiyanın növbəti 11-ci iclasının keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
V.İşıkhan Türkiyə üçün qardaş ölkə olan Azərbaycanda səfərdə olmasından məmnunluğunu ifadə edib. O ikitərəfli əalqələrin genişləndirilməsi üçün ardıcıl işlər aparıldığını və uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib. Görüşdə iki nazirlik arasında əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sahələrində gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Qeyd edək ki, Türkiyə nümayəndə heyəti İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən 5-ci konfransında iştirak etmək üçün Azərbaycanda səfərdədir.