28 noyabr 2023 17:12
490

Ukraynada Heydər Əliyevin adına poçt marka dəsti dövriyyə buraxılıb

Ukrayna paytaxtı Kiyevdə Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan poçt marka dəstinin təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, təqdimat mərasimində Ukrayna Ali Radasının vitse spikeri Olena Kodratyuk, xarici ölkələrin səfirləri, diplomatları, Ukrayna Parlamentinin deputatları, ölkədəki ali məktəblərin rəhbərləri, ekspertlər, Azərbaycanın diaspor nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Kiyevdəki Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini yad etdikdən sonra baş tutan təqdimat mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, poçt markası Azərbaycanın müasir tarixində silinməz izlər qoymuş, eləcə də Azərbaycan ilə Ukrayna arasında möhkəm dostluq münasibətləri yaradan Ümummilli Liderin xatirəsinə əbədi ehtiram olacaq:

“Heydər Əliyev Azərbaycanın dinamik inkişaf edən güclü və özünü təmin edən ölkəyə çevrilməsi üçün geniş imkanlar açmış dahi rəhbər olub. Ulu Öndər öz müdrikliyi və dəmir iradəsi sayəsində Azərbaycanı ictimai-siyasi pərakəndəlikdən, eləcə də bütün sahələrdə müşahidə olunan dərin iqtisadi tənəzzüldən xilas edə bilib, xalqın davamlı inkişafına yol açıb.Ümumilli liderinlayiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ömürlük missiyasının və irsinin təntənəsidir. Ulu Öndər Azərbaycan və Ukrayna münasibətlərinin memarıdır və hazırda Prezident İlham Əliyev iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsini uğurla davam etdirir”, deyə səfir vurğulayıb.

Səfir qeyd edib ki, Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın Ermənistan tərəfindən işğalından sonra Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etmək idi:

"Onun arzusu müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi gerçəkləşdi. Bu gün üçrəngli bayrağımız Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin hər bir guşəsində qürurla dalğalanır".

Ulu Öndər haqqında sənədli film nümayiş etdirildikdən sonra çıxış edən Ukrayna Ali Radasının sədrinin müavini Olena Kondratyuk bildirib ki, Heydər Əliyevin Ukrayna dövləti və xalqına xidmətləri əvəzedilməzdir:

“Azərbaycanın dəstəyi lazım olanda Heydər Əliyev həmişə Ukraynanın yanında olub. Heydər Əliyev Azərbaycan ilə Ukrayna arasında dostluq və əməkdaşlığın inkişafındakı müstəsna xidmətlərinə görə hələ 1997-ci ildə Ukraynanın ali mükafatı “Yaroslav Mudrı” ordeni ilə təltif edilib. Bu gün də Azərbaycan və Ukrayna arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur. Müharibə dönəmində Azərbaycan Ukraynaya humanitar yardımlarını davm etdirməkdədir”, deyə Olena Kondrtyuk vurğulayıb.

“Ukrpoçta”nın Kiyev şəhər Departamentinin rəhbəri Olesa Kopçuk isə çıxışında Heydər Əliyevin 100 illik yubileyinə dair poçt markası dəstinin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra poçt marka dəstinin imzalanma mərasimi olub.

Tədbirin iştirakçılarına xatirə kimi marka və zərflər verilib.

Qeyd edək ki, “Azərpoçt” tərəfindən Azərbaycanın Ukraynadakı səfirliyi ilə sıx əməkdaşlıq əsasında və Ukraynanın milli poçt operatoru “Ukrpoçta” şirkətinin sifarişi ilə hazırlanmış poçt marka dəstində Heydər Əliyevin 1993-2003-cü illərdə Azərbaycan Prezidenti vəzifəsində işlədiyi dövrlər təsvir edilib. Heydər Əliyev markası fərdi möhür kimi buraxılıb və yalnız 2000 markadan ibarət məhdud tirajda mövcuddur.