29 noyabr 2023 11:55
558

Bakı Ali Neft Məktəbinin yaradılmasından 12 il ötür

Bu gün SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) yaradılmasının 12 illiyidir. BANM Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə SOCAR-ın tərkibində dövlət ali təhsil müəssisəsi statusunda yaradılıb. Bakı Ali Neft Məktəbi tam ingilisdilli ali təhsil müəssisəsidir.

Ali Məktəbin kampusu Qafqaz regionunun zəngin maddi-texniki bazaya malik ən böyük kampuslarından biridir. Burada müasir standartlara cavab verən laboratoriyalar, tələbə şəhərciyi, yeməkxana kompleksi, iki idman zalı və hovuz fəaliyyət göstərir. Kampusun açılışı 2017-ci il may ayının 1-də Prezident İlham Əliyev tərəfindən həyata keçirilib.

Bakı Ali Neft Məktəbi 12 il ərzində böyük nüfuz qazanıb, rekord göstəricilərə imza atıb, Prezident təqaüdçülərinin sayına, ən yüksək keçid balına, yüksəkixtisaslı kadr hazırlığına görə ön sırada olub. BANM ilk qəbul aparılan ildə Dövlət İmtahan Mərkəzinin (DİM) tərtib etdiyi reytinq cədvəlində 51 ali təhsil müəssisəsi arasında lider kimi tarixə düşüb və uğurunu qoruyub. İlk ildə iki ixtisas üzrə qəbul həyata keçirilən Ali Məktəbdə hazırda 6 ixtisas üzrə bakalavr, 4 mühəndislik ixtisası və MBA proqramı (4 istiqamət) üzrə magistratura, 3 ixtisas üzrə doktorantura səviyyələrinə və təkrar ali təhsilə qəbul aparılır.

Bu illər ərzində qəbul yerlərinin və ixtisasların sayı artsa da, təqdim etdiyi bütün ixtisaslar və təhsilin hər pilləsi üzrə ən yüksək qəbul göstəricilərə nail olub, qəbul yerləri tam dolub. 2023/2024-cü tədris ili üzrə ən yüksək keçid balı qeydə alınan ilk 4 ixtisasın 3-ü BANM-in ixtisasları olub. Bu tədris ilində 29 Prezident təqaüdçüsü ilə BANM yenə də liderliyini qoruyub. Bakı Ali Neft Məktəbində tədris istehsalla inteqrasiya şəklində aparılır. Hər il tələbələr müxtəlif müəssisələrdə istehsalat təcrübəsi keçirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olan Bakı Ali Neft Məktəbi tələbələrinə yüksək keyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi əhəmiyyət verir. Bu gün BANM məzunları müxtəlif böyük yerli və xarici şirkətlərdə, dövlət müəssisələrində uğurla fəaliyyət göstərir, bəziləri təqaüd qazanaraq təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirirlər.