29 noyabr 2023 14:24
124

Məhkəmə "Baku Steel Company"nin keçmiş rəhbərinin əmlakları ilə bağlı qərar verib

"Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun üzərinə həbs qoyulmuş bəzi əmlaklarının müsadirəsi ilə bağlı məhkəmə qərarından verilmiş kassasiya protesti və apellyasiya şikayətinə baxılıb.

“İki sahil” xəbər verir ki, Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Məhkəmə apellyasiya instansiyasının verdiyi qərarı qüvvədə saxlayıb. Dövlət ittihamçısının protesti və kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, "Baku Steel Company"nin rəhbəri olmuş Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. İş üzrə üzərinə həbs qoyulmuş 70 milyon manatlıq əmlaklar müsadirə olunub.