11 fevral 2024 22:30
1402

Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurub - YENİLƏNİB

Məzahir Pənahovun sədrliyi ilə fevralın 11-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsinə baxılıb.

Namizədi qeydə alınmış siyasi partiyanın səlahiyyətli nümayəndəsi, beynəlxalq müşahidə missiyasının təmsilçisi, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media mənsublarının iştirak etdikləri iclasda əvvəlcə seçkilərin hazırlanıb keçirilməsi istiqamətində atılan addımlar və reallaşdırılan layihələr barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə, işğaldan azad edilmiş regionlarımız da daxil olmaqla, respublikanın hər bir bölgəsində prezident seçkiləri yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməklə ölkəmizin ictimai-siyasi həyatında müstəsna əhəmiyyətli tarixi hadisəyə çevrilib. Prezident seçkiləri ilə əlaqədar bütün fəaliyyət Seçki Məcəlləsinin tələbləri əsas götürülməklə MSK tərəfindən hazırlanıb təsdiq edilmiş Təqvim Planına uyğun ardıcıl, sistemli və mütəşəkkil qaydada gerçəkləşdirilib, istər Komissiya, istərsə də aidiyyəti qurumlar tərəfindən seçki qanunvericiliyində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin dəqiqliklə yerinə yetirilməsinə xüsusi diqqətlə yanaşılıb. Seçki prosesinin mühüm mərhələləri olan seçicilər siyahısının dəqiqləşdirilməsi, seçicilər də daxil olmaqla bütün seçki subyektlərinin maarifləndirilməsi, prezidentliyə namizədlərin irəli sürülməsi və qeydə alınması, bərabər şərtlərə əsaslanan seçkiqabağı təşviqat imkanlarının yaradılması, müşahidəçilər və media nümayəndələrinin fəaliyyəti üçün sərbəst və maneəsiz şəraitin təmin edilməsi, seçki günü səsvermənin təşkili ilə əlaqədar prosedurlara düzgün əməl olunması və digər tədbirlər qanunvericiliklə müəyyənləşdirilmiş qaydada, vaxtında və keyfiyyətlə həyata keçirilib.

Bildirilib ki, MSK seçkilərə start verildikdən sonra seçicilərin məlumatlandırılması, seçki iştirakçılarının maarifləndirilməsi, dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə fərqli istiqamətlər üzrə çoxsaylı layihələri əhatə edən genişmiqyaslı kampaniya reallaşdırıb və maarifləndirmə proqramı əlaqədar qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilib.

Qeyd olunub ki, prezident seçkilərində 17 iddiaçı namizəd qismində iştirak etmək üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib və namizədliklərinin irəli sürülməsi təsdiq olunaraq onlara imza vərəqələri verilib. Namizədliyinin irəli sürülməsi təsdiq edilən 17 iddiaçıdan 10-u imza vərəqələrini ümumiyyətlə geri qaytarmayıb. İmza vərəqələrini və ona əlavə olunmuş sənədləri geri qaytaran 7 iddiaçının hamısının namizədliyi qeydə alınıb ki, onlardan 5-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb, 2-si isə öz təşəbbüsü ilə seçkilərə qatılıb. Namizədlərin sənədlərinin yoxlanılması prosesi bütün maraqlı şəxslər üçün şəffaf şəkildə aparılaraq ictimaiyyətə tam açıq həyata keçirilib. Prezidentliyə namizədlərin və siyasi partiyaların səlahiyyətli nümayəndələri, beynəlxalq müşahidə missiyalarının təmsilçiləri və media nümayəndələri istənilən vaxt prosesləri birbaşa izləmək, sənədlərlə yaxından tanışlıq imkanına malik olublar.

Habelə bildirilib ki, qeydə alınmış namizədlərə öz seçkiqabağı platformalarını sərbəst şəkildə seçicilərə çatdırmaq üçün bərabər şərait, hərtərəfli və geniş imkanlar yaradılıb. Mərkəzi Seçki Komissiyasının qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətində qanunvericilikdə nəzərdə tutulandan 2 dəfə artıq – həftəlik 6 saat (3 saat televiziyada, 3 saat radioda) pulsuz efir vaxtı, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti və “Bakinski raboçi” qəzetlərində dərc üçün ödənişsiz yer ayrılıb. Ödənişli təşviqat üçün 44 media qurumundan təklif edilən qiymətlər MSK-ya təqdim olunub, bu məlumatlar namizədlərin tanış olmaları üçün Komissiyanın internet səhifəsində yerləşdirilib və bütün namizədlər üçün şərtlərin bərabərliyi prinsipi daim diqqətdə saxlanılıb. Seçki Məcəlləsinin tələblərinə əsasən qeydə alınmış namizədlərin və namizədi qeydə alınmış siyasi partiyaların seçicilərlə görüşlərinin keçirilməsi üçün ilkin mərhələdə respublikanın şəhər və rayonlarında 125 seçki dairəsi üzrə 139-u açıq, 142-si qapalı olmaqla, ümumilikdə 281 ödənişsiz yer ayrılıb. Ardınca isə daha geniş imkanlar təmin olunması məqsədilə demək olar ki, respublikanın əksər yaşayış məntəqələrini əhatə edən 4500-ə yaxın əlavə görüş yerləri də təşviqat subyektlərinin sərəncamına verilib. Namizədlər və namizədi qeydə alınmış siyasi partiyalar ödənişsiz və heç bir icazə tələb olunmadan, sadəcə, müvafiq dairə seçki komissiyasını əvvəlcədən məlumatlandırmaqla həmin yerlərdə öz seçiciləri ilə görüşlər keçiriblər. Namizədlərin təşviqatı üçün bütün seçki məntəqələrini əhatə edən 10 mindən çox böyükölçülü lövhələr də quraşdırılıb. Seçkiqabağı təşviqat subyektləri MSK tərəfindən yaradılan bütün bu imkanlar və bərabər şəraitdən azad, sərbəst şəkildə, səmərəli istifadə ediblər. Yanvarın 15-dən start götürən seçkiqabağı təşviqat kampaniyası səsvermənin başlanmasına 24 saat qalanadək davam edib və ümumilikdə müasir tələblərə cavab verən şəraitdə keçirilib.

O da vurğulanıb ki, prezident seçkiləri ilə əlaqədar seçki prosesinin demək olar bütün iştirakçıları ilə yanaşı, seçicilər üçün də geniş maarifləndirmə kampaniyası həyata keçirilib. Seçkilərin keçirilmə tarixi, səsvermə qaydaları, eləcə də istiqamətverici və çağırış xarakterli müxtəlif növdə yüz minlərlə plakat çap edilərək bütün yaşayış məntəqələrinin ərazisində asanlıqla görünə bilən yerlərdə asılıb. MSK tərəfindən səsvermədə iştiraka çağırış, seçki gününün diqqətə çatdırılması, seçici siyahılarında adın yoxlanılması, əlavə seçicilər siyahısı əsasında səsvermə, qeydiyyatdan çıxma vəsiqəsindən istifadə və səsvermə proseduru ilə bağlı hazırlanmış ümumilikdə 8 video və audio çarx televiziya və radio kanallarında, habelə sosial media platformalarında mütəmadi şəkildə nümayiş etdirilib.

İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, seçkilərdə bütün seçici qrupları ilə yanaşı, görmə, eşitmə və hərəkət qabiliyyəti məhdud olan seçicilərin də sərbəst səs vermələrinin təmin olunması üçün müxtəlif layihələr gerçəkləşdirilib. Gözdən əlil seçicilər onlar üçün hazırlanmış və seçki bülletenindəki məlumatların Brayl əlifbası ilə əks olunduğu trafaretdən istifadə etməklə seçki günü öz konstitusion hüquqlarını kimsənin yardımı olmadan reallaşdırıblar. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilərin sərbəst şəkildə seçki məntəqələrinə gələrək səs verə bilmələri üçün müvafiq binaların müəyyənləşdirilməsi və onlarda panduslar quraşdırılması yolu ilə ehtiyac duyulan 2042 seçki məntəqəsində xüsusilə bu kateqoriyadan olan seçicilər üçün əlverişli şərait yaradılıb. MSK-nın seçici maarifləndirmə proqramı çərçivəsində bütün videoçarxlar alt yazısı ilə hazırlanıb ki, bu da eşitmə qabiliyyəti məhdud olan seçicilərin maarifləndirilməsində əhəmiyyətli rol oynayıb.

İclasda seçkilərin geniş aşkarlıq mühitində keçdiyi də xüsusi qeyd olunub. Prezident seçkilərində şəffaflığın yüksək səviyyədə təmin olunması üçün digər vasitələrlə yanaşı, bütün respublika coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində internet vasitəsilə səsvermə prosesini əvvəldən-axıradək, fasiləsiz və birbaşa izləmək imkanı verən veb-kameralardan danışılıb. Bildirilib ki, bu seçkilərdə veb-kameralar yüksək texniki parametrlərə cavab verməklə, yenilənmiş müşahidə sistemi üzərindən daha yüksək və aydın vizual görüntü effektini təmin edib. Müşahidə sisteminin avadanlıq və proqram təminatı baxımından komponentləri və səsvermə günü seçki məntəqələrindəki prosesləri canlı izləmək üçün internet səhifəsi də tam şəkildə yenilənib. İnternet istifadəçiləri istər ölkə daxilindən, istərsə də xaricdən MSK-nın internet səhifəsinə daxil olaraq heç bir qeydiyyat tələb edilmədən seçki məntəqələrində səsvermə günü baş verən bütün prosesləri real zaman rejimində izləmək imkanına malik olublar.

Eləcə də məlumat verilib ki, prezident seçkilərinin müşahidəsinə 72 nüfuzlu beynəlxalq qurumu və 89 ölkəni təmsil edən 790 beynəlxalq müşahidəçi qatılıb. Eyni zamanda, dünyanın 110 aparıcı xarici media subyektindən 217 təmsilçi MSK tərəfindən müvafiq lövhəciklə təmin edilərək seçkiləri izləyib. Respublikada fəaliyyət göstərən yerli media nümayəndələri isə heç bir əlavə akkreditasiya tələb olunmadan, seçki marafonu başlayandan sonadək sərbəst və maneəsiz şəkildə seçkilərin izlənilməsində iştirak ediblər.

Seçkilərin müşahidəsinə, həmçinin çoxsaylı siyasi partiyaları, qeydə alınmış namizədləri, qeyri-hökumət təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını və ictimai birlikləri təmsil edən, eyni zamanda, öz təşəbbüsləri ilə seçkilərə qatılmış 90 mindən artıq yerli müşahidəçi qatılıb. Qeyd etmək lazımdır ki, siyasi partiyalar bu seçkilərə xüsusilə ciddi maraq göstərib. Prezidentliyə namizədləri qeydə alınan 5 siyasi partiya da daxil olmaqla, 19 siyasi partiyanın və öz təşəbbüsü ilə seçkilərə qatılan namizədlərin ümumilikdə 51 mindən artıq müşahidəçisi seçkilərdə şəffaflığın təmin olunmasında yaxından iştirak ediblər. Prezident seçkilərinin müşahidəsində qeyri-hökumət təşkilatlarının yüksək fəallığı aşkar diqqət çəkib. Belə ki, seçkilərin müşahidəsinə bütövlükdə 83 qeyri-hökumət təşkilatı, vətəndaş cəmiyyəti institutu və ictimai birliklərin 7000-ə yaxın müşahidəçisi də fəal şəkildə qoşulub. Bütün bunlarla yanaşı, ixtisaslaşmış 3 təşkilat tərəfindən seçkilərdə “exit-poll” keçirilib ki, onlardan 1-i öz fəaliyyətini xarici tərəfdaşı ilə birgə təşkil edib. “Exit-poll”ların nəticələri MSK-nın rəsmi nəticələri ilə demək olar ki, üst-üstə düşüb.

Ümumiyyətlə, seçkilərə hazırlıq, səsvermə günü və ondan sonrakı dövrlərdə istər yerli və beynəlxalq müşahidəçilərə, istərsə də yerli və beynəlxalq media nümayəndələrinə öz fəaliyyətlərini sərbəst və maneəsiz həyata keçirmələri üçün bütün imkanlar yaradılıb. Aparılan müşahidələrə əsasən demək olar ki, on minlərlə müşahidəçinin qatıldığı seçkilər onlar tərəfindən azad, ədalətli və müasir tələblərə cavab verən proses kimi qiymətləndirilib.

Seçkilərdə vətəndaşların konstitusion hüquqlarının daha səmərəli təmin olunması üçün yaradılan imkanlar barədə də ətraflı məlumat verilib. Bildirilib ki, bütün seçki kampaniyası boyunca MSK-ya cəmi 1 şikayət daxil olub və həmin şikayətlə bağlı operativ qaydada müvafiq tədbirlər görülüb. Seçki günü və ondan sonrakı günlər də daxil olmaqla, MSK-ya və aşağı seçki komissiyalarına hər hansı qanun pozuntusu barədə heç bir şikayət daxil olmayıb. Səsvermə günü seçicilər tərəfindən seçki məntəqələrinin ünvanları, seçici siyahıları və digər bu kimi məsələlərlə bağlı Komissiyanın 115 saylı və elektron qaynar xətlərinə daxil olmuş sorğu xarakterli müraciətlərə isə dərhal reaksiya verilərək, operativ şəkildə lazımi addımlar atılıb.

İclasda, habelə diqqətə çatdırılıb ki, prezident seçkiləri 125 seçki dairəsi üzrə 6319-u daimi, 218-i müvəqqəti olmaqla, ümumilikdə 6537 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 47-si işğaldan azad olunmuş ərazilərdə, 49-u Azərbaycanın 37 xarici ölkədəki səfirlik, konsulluq və diplomatik nümayəndəliklərində yerləşib. Səsvermə günü seçicilər yüksək fəallıqla, azad və sərbəst şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə ediblər. Ümumilikdə ölkə üzrə seçicilərin 76,43 faizi səsvermədə iştirak edib. Seçki günü ərzində 5 dəfə seçicilərin fəallığı barədə məlumatlar Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemi üzərindən xüsusi proqram təminatı vasitəsilə birbaşa Mərkəzi Seçki Komissiyasına ötürülərək ictimailəşdirilib və Komissiyanın internet səhifəsində yerləşdirilib. Səsvermə günü seçki məntəqələri bağlandıqdan sonra fasiləsiz olaraq səslərin hesablanması həyata keçirilib, məntəqə seçki komissiyalarının ilkin protokol məlumatları operativ şəkildə MSK-nın internet səhifəsinə qoyulub və bir neçə saat ərzində seçki məntəqələrinin mütləq əksəriyyətindən daxil olmuş məlumatlar əsasında səsvermənin ilkin nəticələri ictimaiyyətin diqqətinə çatdırılıb.

Həmçinin qeyd olunub ki, səsvermənin nəticələrinə dair yekun protokollar və digər seçki sənədləri qanunla müəyyənləşdirilmiş müddətdə və qaydada məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına, oradan isə MSK-ya təqdim edilib. Dairə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları və onlara əlavə edilmiş sənədlər obyektiv və hərtərəfli yoxlanılıb. Eyni zamanda, seçki günü müxtəlif mənbələrdə, hətta onlayn platformalarda olan məlumatlar belə fərqli alternativ resurslardan, eləcə də seçki məntəqələrində quraşdırılmış veb-kamera görüntülərindən istifadə edilməklə mümkün qədər geniş və hərtərəfli araşdırılıb.

Komissiya aparılan araşdırmalar nəticəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən qanun pozuntuları aşkarlanan 41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsinin 38 saylı, 61 saylı Qusar seçki dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin 2 saylı, 77 saylı Lənkəran şəhər seçki dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş seçki dairəsinin 6 saylı, 99 saylı Bərdə seçki dairəsinin 2 saylı, 114 saylı Şəki şəhər seçki dairəsinin 1 saylı və 115 saylı Şəki kənd seçki dairəsinin 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsinə və həmin seçki məntəqələrinin məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib.

İclasda prezident seçkilərinin nəticələri haqqında MSK-nın Protokolu tərtib edilib və bütün Komissiya üzvləri tərəfindən imzalanıb təsdiqlənməklə seçkilərə yekun vurulub. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, MSK-nın Protokolunun müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiqlənməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edilməsi, həmçinin dərc olunması qərara alınıb.