19 fevral 2024 22:36
1084

COP29-a möhtəşəm beynəlxaq dəstək

Azərbaycanın düşünülmüş xarici siyasəti dünya ictimaiyyəti tərəfindən də dəstəklənir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı  BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə Qoşulmama Hərəkatına sədr seçməzdi. Ötən ilin sonlarında Azərbaycana daha bir beynəlxalq etmad göstərilib. Belə ki, dünya birliyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un indiyə qədər bir sıra beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etmiş, bu sahədə kifayət qədər təcrübə toplamış Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edib.

Bəri başdan qeyd edək ki,  COP29 bu vaxta qədər ölkəmizdə keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Belə ki,  2015-ci ildə Avropa Oyunları 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonağın iştirakı ilə keçirilmişdi. Ancaq bu ilin noyabr ayında keçiriləcək COP29-da 70-80 min  xarici nümayəndənin ölkəmizə gəlməsi gözlənilir.  Şübhəsiz, belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi həm də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Neft-qaz ölkəsi olan Azərbaycan “yaşıl enerji” növlərinin ya­radılmasını və onun dünya bazarlarına nəqlini enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyənləşdirib. Bu məsələdə Prezident İlham Əliyevin bərpaolunan enerji potensialının gerçəkləşdirilməsi ilə bağlı məqsədyönlü fəaliyyəti də əsaslı rol oynayıb. Xatırladaq ki, hazırda Azərbaycanın ümu­mi enerji istehsalında bərpaolunan enerjinin payı 17,3 faiz təşkil edir. Amma Azərbaycan yerində saymaq fikrində deyil. Ölkəmizin alternativ və bərpaolunan enerji potensialı isə olduqca yüksəkdir.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin yenidən Azərbaycan Prezidenti seçilməsi ilə əlaqədar dövlətimizin başçısına gələn təbrik məktublarında COP29-un geniş miqyasda iqtisadi layihələrin reallaşdırılması potensialının gücləndirilməsinə xidmət edəcəyi, həmçinin digər qlobal problemlərin həllinə töhfələr verəcəyi də vurğulanır. Məsələn, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş yenidən Azərbaycan Prezidenti seçilən İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirib ki, COP29-a 2024-cü ildə ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim böhranı ilə bağlı beynəlxalq təşəbbüslərə rəhbərlik etməkdə xüsusi rol oynayacaq.  

GOP29-un Bakıda təşkili Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən 30-a yaxın  görüşdə də əsas müzakirə mövzularından biri olub. Belə ki,  ABŞ-ın Dövlət katibi Antoni Blinken indiki zaman kəsiyində Azərbaycanın COP rəhbərliyini öz üzərinə götürməsini çox vacib məsələ olduğunu vurğulamaqla yanaşı, bu məsələni ölkəsi tərəfindən ciddi dəstəkləndiyini bildirib. COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini dövlət başçımıza çatdıran ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun Maltanın da kiçik ada ölkələrinin iqlim dəyişikliyi nəticəsində üzləşdiyi problemlərə həssaslıqla yanaşdığını və bu xüsusda Azərbaycan ilə birgə əməkdaşlığa hazır olduğunu qeyd edib. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso COP29 çərçivəsində AYİB-lə Azərbaycan arasında əməkdaşlıq məsələlərinin, bu xüsusda ölkəmizin bərpaolunan enerji layihələri və yaşıl keçid istiqamətində siyasətinin də rəhbərlik etdiyi qurum tərəfindən təqdir edildiyini və dəstəkləndiyini diqqətə çatdırıb.

ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib və özü də həmin tədbirdə məmnuniyyətlə iştirak edəcəyini vurğulayıb. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts isə qeyd edib ki, COP29 əsnasında Ermənistanla Azərbaycan arasında əldə olunan kompromislər, eləcə də bu mötəbər tədbirin Bakıda keçirilməsi sülh gündəliyinin də irəli aparılması üçün əlverişli imkanlar və şərait yaradır. ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmidlə görüşdə COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb. Prezidenti İlham Əliyev ilə İtaliyanın “Leonardo” şirkətinin baş həmdirektoru Lorenzo Mariani,  ABŞ Prezidentinin qlobal infrastruktur və ener­ji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteyn, Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir arasında və digər şəxslərlə keçirilən görüş­lərdə də ölkəmizdə COP29-un reallaşdı­rılmasının daha geniş miqyasda iqtisadi layihələrin gerçəkləşdirilməsi potensialı­nın gücləndirilməsi işinə xidmət etdiyi bil­dirilib. Qeyd edək ki, hazırda COP çərçivəsində üçlük mexanizmi yaradılıb ki, bu, Birləşmiş Ərəb Əmirliklərini, Azərbaycanı və Braziliyanı bir araya gətirir.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, dünyanın bir çox yerlərində qlobal miqyasda böyük maraq doğuran COP29-un Bakıda keçirilməsi yeni iqtisadi layihələrə meydan açacaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”