12 mart 2024 12:28
1803

Sahura oyanmayanların orucu qəbul olunurmu? - İSLAMŞÜNAS ORUCLA BAĞLI HƏR ŞEYİ AÇIQLADI

11 ayın sultanı olan Ramazan ayının ikinci günüdür. Bu ayda oruc tutanlar niyyətlərinin qəbul olunması üçün nələrə diqqət etməlidirlər?

Mövzu ilə bağlı “İki sahil”in suallarını Qafqaz Müsəlmanları İdarəsinin “TəzəPir” məscidinin imamı, islamşünas Hacı Ağasəid Yaqubov cavablandırır:

Hər gün niyyət etdikdə səfər günlərində niyyət pozulmur

- Ramazanda hər gecə niyyət edilməlidirmi? Niyyət nə qədər önəmlidir?

- Ramazan ayında ilk öncə niyyət etmək insanın sual qarşısında verdiyi cavabdır. Niyyət axşamı bilməlisən ki, bu gecə oruc tutmaq üçün sahur vaxtı duracağam. Sual olunur ki, niyə yatmamış niyyət edirlər? Birdən sahura ayılmaz. Sahura ayılmasa da sübh azanına qədər yatmamışdan etdiyi niyyət də qəbul olunandır. Sübh vaxtı, yaxud da ümumi Ramazan ayı boyunca oruc tutursansa niyyət edirsən ki, bir ay müddətinə oruc tutacağam. Ancaq belə niyyət etdikdə ay ərzində səfərə çıxmamalı, orucu pozmamalısan. Hər gün niyyət etdikdə isə səfər günlərində niyyətin pozulmur. Ümumilikdə hər səhər sahura qədər niyyət etmək daha qəbulolunandır.

- Sahura qalxmadan oruc tutmaq olarmı? Sahura oyanmayanların orucu qəbul olunurmu?

- Hər imsaka oyanmaq, adi süfrə hazırlamaqla sahur etmək sənin niyyətin hesab edilir. Ümumilikdə deyə bilərəm ki, niyyət üçün ayrıca bir ayin icra olunmur. Sadəcə olaraq məqsəd bəlli olsun. Lakin sahura qalxmadan da oruc tutmaq mümkündür və mütləqdir. Sahura qalxmamaq fiziki cəhətdən sənin zəifliyinə səbəb olarsa o zaman gün ərzində özün-özünə zülm etmiş, günaha batmış olursan.

Qüsul alınmalı, daha sonra niyyət edilməlidir

- Oruc tutmaq üçün Ramazan ayının xüsusi qüsulu varmı?

- Ramazan ayı başlayarkən qüsul almaq ayı görən insanlar üçündür. Yaxud da Ramazan ayı ərəfəsində niyyət axşamı qüsul alınması yaxşı olar. Daha sonra niyyət etmək lazımdır.

- Sahurun dində əhəmiyyəti nədir?

- Həzrəti Peyğəmbərimiz (s.a.s.) buyurur ki, sahura qalxın. Ramazan ayında sahura qalxan insanlar üçün mələklər istiğfar edirlər, həmin şəxslər üçün dua edirlər. İnsan sahura qalxmaqla səhəri oyaq qalmalı olur və bu vaxt dua etməklə həm də cənnət əhlinin xüsusiyyətlərini qazanmış olurlar.

Orucu pozan bəzi əməllər...

- Hansı halda oruc pozulur?

- Orucu pozan bəzi əməllər var. Birinci növbədə yemək və içməkdir. Sonra cinsi yaxınlıq etmək. Daha sonra imalə etmək. Boğaz vasitəsilə çoxlu miqdarda toz qəbul etmək. Siqaret çəkmək də bura aiddir. Ən əsas amillərdən biri isə Allah və Həzrəti Peyğəmbər adından yalan danışmaqdır. Sübh azanına qədər boynunda vacib qüsul almaq varsa onu etməsəniz həmin gün tutduğunuz oruc batil hesab olunur. Sonradan orucun qəzasının tutulması vacibdir. Əgər bilərəkdən qüsul almasan kəffarə də boynuna gələ bilər.

Oların məqsədi oruc deyil, arıqlamaqdır

- Arıqlamaq üçün oruc tutmaq nə dərəcədə doğrudur?

- Oruc niyyət edərək Allaha xatir tutulur. Yəni, arıqlamaq üçün insanlar bəzi vaxtlarda pəhriz saxlayırlar. Onların həmin əməllərinə Allah tərəfindən heç bir mükafatı yoxdur. İnsan pəhriz saxlaya bilər. Pəhriz saxlamaq şəriətdə də var. İnsan çox yeməməlidir, qidasına nəzər salmalı, düzən verməlidir. Əgər bir insan sübh azanından əvvəl, şam azanından sonra yesə həmin gün onun məqsədi oruc tutmağa hörmət etməkdir. Əgər əməli, niyyəti sağlamdırsa tutduğu oruc qəbul olunur, İnşallah Allah da onu qəbul edər. Əgər bir insan vaxta riayət etməsə bilin ki, onun əməli oruc deyil, arıqlamaq məqsədi daşıyır.

DİQQƏT: Damar və əzələ daxilinə dərman qəbulu mümkündür

- Oruclu halda bədənə dərman vasitələri yeritmək olarmı?

- İstər Ramazan ayı boyunca, istərsə də digər vaxtlarda oruc tutulanda bədənin səthinə dərman vasitələri vurmaq olar. Ağız, göz, burun, qulaq vasitəsilə dərman qəbul etmək olmaz. Damar və əzələ daxilinə dərman qəbulu mümkündür. Lakin bu vitamin, qida əlavəsi olmamalıdır. 

Oruc tutanın yanında yemək olar, amma...

- Oruclu insanın yanında su içmək, yemək yemək dini baxımdan qəbulediləndirmi?

- Dini baxımından oruc tutan insanın yanında digər insan nəsə yeyə və içə bilər. Burada heç bir qadağa yoxdur. Etik normalara riayət edilsə daha məqsədəuyğun olar.

Əgər verdiyi süfrədə nemət haramdırsa günahı onun öz boynuna yazılır

- Hər hansısa iftar süfrəsinə (iaşə obyekti nəzərdə tutulur) dəvət olunarkən verilən bəzi yeməklərin halallığına şübhə yaranır. Belə olan təqdirdə dəvət olunan şəxs nə etməlidir?

- İftar süfrəsini təşkil edən insan müsəlmandırsa, oruc tutandırsa o zaman onun verdiyi nemətləri rahatlıqla yemək olar. Onun halal, yaxud haramlığına baxmağa ehtiyac qalmır. Əgər verdiyi süfrədə nemət haramdırsa günahı onun öz boynuna yazılır. İstər haramı ye, istərsə də yedizdir eyni günahı daşıyırsan.

Sübh azanı oxumağa başlananda...

- Ramazanda sübh azanı oxunmağa başlandığı vaxt yemək və ya içmək olarmı?

- Oruc tutan insan sübh azanını eşidəndə yeməyi dayandırmalıdır. Təbii ki, oruc tutan şəxs bu zaman ağzındakı loxmanı uda və ya suyu içə bilər.

Orxan Vahidoğlu, “İki sahil”