28 mart 2024 01:15
548

COP29-un nəticələri iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirəcək

COP29-a ev sahibliyi Azərbaycanın yaşıl keçid istiqamətində səylərinin nəticəsidir

Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi statusunu uğurla daşımaqdadır.

2024-cü ildə COP-29-un məhz Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynalxalq arenada durmadan artan nüfuzunun göstəricisidir. Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu missiyaya verilən dəyərin təsdiqidir. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyini nümayiş etdirir. Eyni zamanda, bu, ölkəmizin gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Azərbaycanın öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi artıq heç kimdə şübhə doğurmur.  Bu əminlik martın 14-də ölkəmizin paytaxtında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumunda səslənən çıxışlarda da bir daha öz təsdiqini tapdı.

COP29-un Təşkilat Komitəsinin üzvü, Qadın, İnkişaf, Gələcək İctimai Birliyinin sədri Gülşən Axundova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında diqqətə çatdırdı ki, bu il martın 14-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışı  bütün dünyanın diqqətinı cəlb etmişdir: “Forumun əsas mövzusu olan parçalanmış dünyanın bərpası öz aktualliğı ilə hər birimizin danışmalı və paylaşım etməli olduğumuz bir mövzudur. Bu çağırış konkret addımların atılması, ən əsası ədalətin və beynəlxalq hüququn qorunmasını sözdə deyil, əməldə də təsdiqləmək tələbidir. XI Qlobal Bakı Forumunda dünyanın 68 ölkəsindən 400-dən çox qonaq iştirak etmişdir. Forumda bir sıra mühüm məsələlərin həlli yolları, qlobal idarəçilikdə iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və ona yaxın ölkələrlərlə əlaqələr, gənclər siyasəti, qlobal çağırışlara qarşı dayanıqlılığın yaradılması yolları, qeyri-bərabərlik, təbii resursların qıtlığı və hərbi miqrasiya kimi məsələlər müzakirə olunmuşdur. Bütün müzakirə olunan məsələlər yeni dövrün tələblərinə cavab verir. Prezident İlham Əliyev Forumdakı çıxışında bir daha bəyan etdi ki, Azərbaycan daim Qarabağ məsələsini yalnız sülh yolu ilə həll etməyə çalışmışdır. Lakin bu mümkün olmamışdır. Cənab Prezident 44 günlük Vətən müharibəsinin və 24 saatlıq antiterror tədbirlərinin qaçılmazlığını şərtləndirən amillərin hər kəsə bəlli olduğunu qeyd etmişdir. Həmçinin Prezidentimiz Azərbaycanda separatçılığa birdəfəlik son qoyulduğunu və suverenliyimizin, ərazi bütövlüyümüzün bərpa edilməsini bir daha vurğulamışdır”.

Təşkilat Komitəsinin üzvünün sözlərinə görə, hələ 2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilmiş COP26 konfransında Azərbaycan Respublikası qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması ilə bağlı yeni təşəbbüslə çıxış edərək, 2050-ci ilə qədər əlavə könüllü öhdəlik kimi emissiyaların 40 faizədək azaldılmasını və işğaldan azad edilmiş ərazilərdə 2050-ci ildə “netto sıfır emissiya” zonasının yaradılması niyyətini bəyan etmişdi. Hazırda qlobal iqlim dəyişikliyi problemlərini həll etmək üçün Azərbaycan məsuliyyəti öz üzərinə götürür və yaşıl keçid istiqamətində fəal işləyir. Bu səylər nəticəsində ölkəmiz iqlim dəyişikliyi ilə mübarizənin əsas aspektlərinin təqdim ediləcəyi və müzakirə olunacağı COP29-un ev sahibliyinə layiq görüldü. Son onilliklərdə Azərbaycan ekoloji cəhətdən davamlı layihələrin hazırlanması və həyata keçirilməsində regionda liderlərdən birinə çevrilib. Ölkə alternativ enerji mənbələrinə, bərpaolunan enerji mənbələrinin inkişafına, eləcə də istixana qazlarının tullantılarını azaltmaq üçün yeni texnologiyaların inkişafına fəal şəkildə sərmayə qoyur. Bu siyasətin nəticəsidir ki, Azərbaycan artıq ətraf mühitin inkişafı sahəsində mühüm uğurlar əldə edib ki, bu da ona beynəlxalq diqqəti cəlb etməyə və COP29 kimi irimiqyaslı tədbirə ev sahibliyi etməyə imkan verir.

Gülşən Axundova vurğuladı ki, 2012-ci ildə “Azərbaycanda Yaşıl İqtisadiyyat üzrə 2020-ci ilə qədər Dövlət Strategiyası” elan edilmişdir. Bu strategiya çərçivəsində istixana qazları emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrinin inkişafı üçün tədbirlər hazırlanıb həyata keçirilib. 2016-cı ildə Azərbaycan Respublikası Paris İqlim Sazişini qəbul edərək, istixana qazlarının emissiyalarını azaltmaq öhdəliyini bir daha təsdiqləyib. Bu saziş çərçivəsində ölkə karbon qazı emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması üzrə bir sıra tədbirləri özündə əks etdirən iqlim dəyişikliyi üzrə milli fəaliyyət planı hazırlayıb. Bundan əlavə, Azərbaycan ekologiya və davamlı inkişaf sahəsində birgə layihələrin hazırlanması və həyata keçirilməsi üçün digər ölkələr və regional təşkilatlarla fəal əməkdaşlıq edir. Beləliklə, COP29-a ev sahibliyi etmək Azərbaycanın davamlı inkişaf sahəsində rolunun və yaşıl keçidə sadiqliyinin növbəti təsdiqinə çevrilir. 

Həmsöhbətimizin qənaətinə görə, Azərbaycanın COP29-a ev sahibliyi bir sıra mühüm nəticələrə gətirib çıxaracaq və ölkəmizdə yaşıl keçidə əhəmiyyətli təsir göstərəcək: “Birincisi, Azərbaycanın bu beynəlxalq tədbiri keçirməsi onun iqlim dəyişikliyi ilə mübarizədə fəal rol oynamağa və dayanıqlı iqtisadi modelə keçməyə hazır olduğunu təsdiqləyir. Bu, ölkənin müsbət imicini yaratmağa və yaşıl sənayenin inkişafı üçün investisiya cəlb etməyə kömək edir. İkincisi, COP29 Azərbaycana digər ölkələrlə ən yaxşı təcrübə mübadiləsi aparmaq imkanı verəcək. Ölkə bərpaolunan enerji, enerji səmərəliliyi, tullantıların idarə edilməsi və yaşıl inkişafın digər aspektləri sahəsində qabaqcıl texnologiyalar və innovativ yanaşmalar haqqında məlumat əldə edə biləcək. Bu, Azərbaycana ekoloji siyasətini təkmilləşdirməyə və yaşıl məqsədlərinə nail olmaq üçün effektiv strategiyalar hazırlamağa imkan verəcək. Bundan əlavə, COP29-un nəticələri iqlim dəyişikliyi ilə mübarizədə qlobal əməkdaşlığı gücləndirəcək yeni beynəlxalq saziş və müqavilələrin hazırlanması üçün əsas olacaq”.

Yaqut Ağaşahqızı, “İki sahil”