03 aprel 2024 01:59
419

Xəzər dənizində istehsal olunacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulur

Azərbaycanın uğurlu diplomatik addımları çoxsaylı ölkələrlə siyasi, iqtisadi, mədəni əlaqələrimizin genişlənməsinə təkan verib. Bu baxımdan Azərbaycan-Rumıniya  münasibətləri xüsusi əhəmiyyət kəsb edir.  Xatırladaq ki, Rumıniya  dünyada Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. 1998-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq dövlətimizin Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Ümummilli Lider Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Bu mənada  münasibətlərin uğurlu, həm də davamlı inkişafını təmin edən  şəxs  Ulu Öndər Heydər Əliyev olub. Yeri gəlmişkən,  2004-cü ilin oktyabrında Rumıniyanın paytaxtı Buxarestdə görkəmli siyasi xadim Heydər Əliyevin şərəfinə abidə ucaldılıb. 2007-ci ilin sentyabrında isə burada Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkın açılışı olub.

2003-cü ilin oktyabrında cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirilib.

2009-cu ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə  və 2011-ci ildə imzalanmış Strateji tərəfdaşlığın həyata keçirilməsi üzrə Birgə Fəaliyyət Planı, həmçinin ötən dövrdə imzalanmış 60-dan çox əməkdaşlıq sənədi iki ölkə arasında əlaqələrin dinamik inkişafına təkan verib. Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb.

Bütün bunlar Azərbaycan və onun strateji müttəfiqi olan Rumıniya arasında həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə imkan yaradıb. Bəri başdan bildirək ki, Rumıniya Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyin təminatında həmişə maraqlı olub. Elə bu səbəbdən də Azərbaycanın bu istiqamətdə atdığı addımları həmişə dəstəkləyib. Yəni, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi yolunda əlindən gələni əsirgəməyib. Bir sözlə, Rumıniyanın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləməsi bu etibarlı münasibətlərin əsasını qoyub. Dövlət başçılarının qarşılıqlı səfərləri iki ölkə arasında yüksək səviyyəli fəal siyasi dia­loqun daha da inkişafına xidmət edib. Ötən il fevralın 2-də bu məsələyə toxunan Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevlə birgə  mətbuata bəyanatında bildirmişdir ki, Rumıniya Azərbaycanın səmimi və əsl dostudur:  “Rumıniyanın mövqeyi hər zaman bəlli olub. Biz ölkələrin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləmişik”.

İndiyədək Rumıniya Azərbaycana 30 milyon ABŞ dolları, Azərbaycan isə Rumıniyaya 90 milyon ABŞ dolları dəyərində investisiya yatırıb. Ötən il Azərbaycan ilə Rumıniya arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə təqribən 30 faiz artaraq 670 milyon ABŞ dolları olub. Bu isə o deməkdir ki,  dinamika artan xətt üzrə gedir. Şübhəsiz, bu, çox sevindiricidir. Qeyd edək ki, ticarət dövriyyəsinin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.

Energetika sahəsində Rumıniya və Azərbaycan Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən mühüm layihələrin həyata keçirilməsi üzərində uğurla birgə çalışırlar. Bunlara ilk növbədə Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan formatında Xəzər dənizinin Azərbaycan şelfindən Qara dəniz vasitəsilə Konstansaya yaşıl enerjinin ötürülməsi aiddir. Yeri gəlmişkən, “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası çərçivəsində “yaşıl enerji dəhlizi” layihəsinə Rumıniyanın dəstəyi ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Bu layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir. Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb. Ümumiyyətlə, Azərbaycanda “yaşıl enerji” istehsalının inkişafı perspektivləri regional və beynəlxalq əhəmiyyət daşıyan tədbirlərdə geniş müzakirə olunur. Məsələn, 2024-cü il martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.  Cənub Qaz Dəhlizi “yaşıl enerji” sahəsində vacib əməkdaşlıq platforması kimi çıxış edir. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoq mühüm əhəmiyyət kəsb edir ki, bu da təsadüfi deyildir. Çünki “yaşıl hidrogen” istehsalı yeni iqtisadi imkanlar yaratmaqla, enerji sektorunda innovativ texnologiyaların tətbiqini sürətləndirir.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 1-də Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında iştirak etmək məqsədilə ölkəmizə gəlmiş Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edərkən ölkəmizdən təbii qazın və Qara Dəniz vasitəsilə yaşıl enerjinin Rumıniyaya ixracı ilə bağlı fikir mübadiləsi aparılıb və Azərbaycanın şaxələndirilmiş şəkildə Rumıniyanın energetika bazarına daxil olmağı hədəfləndiyi bildirilib. Şübhəsiz, Azərbaycanla Rumıniyanın iqtisadi əməkdaşlığında neft və qaz kifayətedici deyil. Odur ki, həmin söhbət zamanı kənd təsərrüfatı, səhiyyə və təhsil sahələrində də əməkdaşlığın genişləndirilməsi məmnunluqla vurğulanıb. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanla Rumıniya arasında birbaşa aviareys də açılacaq. Şübhəsiz, birbaşa uçuşların təsis edilməsi xalqlarımız arasında əlaqələrin genişləndirilməsinə xidmət etməklə yanaşı, biznes əlaqələrinin inkişafına da təkan verəcək. Rumıniya-Azərbaycan əlaqələrinin hazırkı mərhələsi deməyə əsas verir ki, genişlənməkdə olan əməkdaşlıq həm qaz, həm yaşıl enerji dəhlizləri, həm də  digər sahələrdə daha  gözəl nəticələrə gətirib çıxaracaq.

Qvami Məhəbbətoğlu, “İki sahil”