02 aprel 2024 23:45
548

Yüksək etimadın göstəricisi

COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi bir daha sübut edir ki, Azərbaycan sabitliyin ən yüksək səviyyədə təmin olunduğu, ali iradəsinə hörmət qoyulan qüdrətli dövlətdir

Məlumdur ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olaraq hər zaman iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması işinə öz töhfəsini verir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Bu baxımdan Prezidentin Sərəncamı ilə Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi də təsadüfi deyil. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür.

Ötən il dekabrın 9-da Şərqi Avropa regional qrupunun Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP-29) ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirməsi dövlətimizin bu günə kimi qazandığı çoxsaylı uğurlara daha bir əlavədir. Bu qərarın verilməsi ilk növbədə respublikamızın beynəlxalq aləmdə artan nüfuzundan, eləcə də beynəlxalq təşkilatların ölkəmizə olan marağından xəbər verir. Ermənistan və onun Qarabağdakı əlaltısı olan separatçı rejim üzərindəki qələbədən sonra bəşəriyyət üçün olduqca mühüm olan konfransın Azərbaycanda keçirilməsinə razılığın verilməsi bir daha onu göstərir ki, beynəlxalq aləm dövlətimizin Qarabağ siyasətini hüquqi addım kimi qiymətləndirib.

Qeyd edək ki, COP-a ev sahibliyi bir qayda olaraq BMT-nin beş regional qrupu arasında rotasiya edilir. Hər regional qrup üzvlərindən bu konfransı təşkil edəcək bir ölkəni irəli sürmək üçün konsensusla qərar qəbul etməlidir. 2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa regional qrupuna düşmüşdü. Sözügedən qrupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdü. Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da namizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonra Bolqarıstan da namizədliyini geri götürüb. Artıq hər kəs indidən tam əmindir ki, Azərbaycan COP-29-a da uğurlu ev sahibliyi edəcək, ölkəmiz bu sınaqdan da üzüağ çıxacaq. Çünki ölkəmizdə davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlər keçirilməsi ənənə halını alıb. Bunu deməyə əsas verən həm də paytaxt Bakının müasir infrastruktura malik olmasıdır. Azərbaycanın Birinci Avropa Oyunlarına və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi, geridə qoyduğumuz ildə Beynəlxalq Astronavtika Konqresinin 50 ildən sonra ikinci dəfə yenidən ölkəmizdə keçirilməsi, həmçinin Azərbaycanın 120 ölkənin dəstəyi ilə Qoşulmama Hərəkatına dörd il ərzində uğurla sədrlik etməsi bunun əyani sübutudur.

Azərbaycanın COP29-a ev sahibliyini 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Bu təşəbbüs sadəcə rəmzi məna daşımır, həmçinin Azərbaycanın müsbət ekoloji dəyişikliklər yaratmaq məqsədi daşıyan ölkələr üçün model olmaq istəyidir, eyni zamanda, gələcək nəsillər üçün daha yaşıl və sağlam gələcəyin qurulması istiqamətində dəyərli öhdəliyini, strateji məqsədlərini və fəal tədbirlərini əks etdirən addımdır. Azərbaycanın öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyi və COP29-u ən yüksək səviyyədə keçirəcəyi heç kimdə şübhə doğurmur. Hazırlıq işlərinin layiqincə həyata keçirilməsi üçün komanda formalaşdırılıb, bütün qurumlar səfərbər olunub. Azərbaycanın Prezidentinin müvafiq Sərəncamı ilə COP29-un, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsinin təmini məqsədilə Təşkilat Komitəsi yaradılıb. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Qeyd edək ki, 2015-ci ildə imzalanmış Paris Sazişi ilk dəfə olaraq bütün dövlətləri iqlim dəyişmələri ilə mübarizənin ümumi məqsədi ətrafında birləşdirdi. Paris Sazişi ilə ölkələr qlobal istiləşməni sənaye inqilabından əvvəlki səviyyədən 2 dərəcə aşağı salmaq və həddi 1,5 dərəcədə saxlamaq üçün tarixi razılaşma əldə olunub. O vaxtdan bəri danışıqlar Paris Sazişinin müəyyən etdiyi yol xəritəsinə və məqsədlərə uyğun olaraq davam etdirilir. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək.

Sevinc Azadi, “İki sahil”