25 aprel 2024 14:20
374

Hər iki valideynin işləməsi valideyn-övlad münasibətlərində müəyyən qədər məsafə yaradır - Təranə Paşayeva

Evdə olduğunuz zaman, işdən sonra bir neçə saat uşağınıza diqqət ayırın və vaxtınızı onunla keçirin, evlə iş arasında dəqiq sərhəd yaradın və işdə olan problemləri evdə övladlarınıza əks etdirməyin

“Son illərdə öncəki dövrlərlə müqayisədə dəyişən tendensiyalardan biri də ailədə işləyən anaların sayının artmasıdır.  Doğrudur, burada qeyri-adi bir hal yoxdur, amma milli-mənəvi dəyərlərlə bağlanılaraq ailədə xanımların bir yerdə işləməsi hər zaman müzakirə mövzularından biri olub. Bəzi hallarda xanımlar adətən ailə qurduqdan sonra ya birdəfəlik, ya da müvəqqəti olaraq iş həyatından uzaqlaşırlar. Hətta karyerasının ən yüksək zirvəsini yaşayan qadın belə bu addımı atmaq məcburiyyətindədir. Düzdür, bəzən kişilər xanımların işləməsinə qadağa qoysalar da, bu məsələdə şəxsi təşəbbüs göstərən qadınların da sayı az olmur. Bunun ən çox yayılmış izahı isə ondan ibarətdir ki, xanım daha çox uşaqların tərbiyəsi ilə məşğul olmalıdır.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva bildirdi.

Həm iş, həm də ana olmaq asan deyil

Təranə Paşayevanın sözlərinə görə, ailədə övladlar üçün valideyn tərbiyəsi önəmlidir, amma bu, ananın birdəfəlik iş həyatına son qoyması üçün başlıca səbəbdir ya yox bu artıq bir ayrı müzakirə mövzusudur. Dünyada olduğu kimi, ölkəmizdə də son illərdə çalışan ailəli xanımların sayında artım müşahidə olunmaqdadır. Amma xüsusilə azyaşlı uşağı olan analar bu məsələyə həssas yanaşmalı və hər bir incəliyi nəzərə almalıdırlar. Uşaqlar valideynlərinin daha çox vaxtlarını onlarla keçirmələrini çox sevirlər. Müəyyən dövrdən sonra isə ananın işləməsinin uşaqlar tərəfindən o qədər də xoş qarşılanmadığınının şahidi olursunuz.  Həm iş karyerasını uğurla həyata keçirmək, həm də ana olaraq övladının inkişafı, təlim-tərbiyəsi ilə məşğul olmaq o qədər də asan deyil.

Bu yaş dövründə ananın övladına daha çox vaxt ayırması məqsədəuyğundur

Psixoloq qeyd etdi ki, hər zaman müzakirə olunan məsələlərdən biri də tabeliyində azyaşlı bir övladı olan ananın nə zaman işə başlaması məsələsidir. İlk öncə onu qeyd etməliyəm ki, burada hər hansı bir yaş tələbi yoxdur, lakin bir qayda olaraq, 0-3 yaş arası dövrdə uşağın anaya daha çox ehtiyacı olur. Bu dövrdə ananın övladı ilə daha çox vaxt keçirməsinin, onların fiziki və psixoloji ehtiyaclarının qarşılanmasının önəmli olduğunu və bu yaş dövründə emosional sferanın inkişafı baxımından övladın ana tərəfindən daha çox diqqətdə saxlanmalı olduğunu nəzərə alaraq bu yaş dövrü üçün ananın  övladına daha çox vaxt ayırması məqsədəuyğun hesab olunur. Amma bəzən maddi, bəzən də sosial və digər səbəblərdən analar daha erkən zamandan işlərinə dönə bilirlər.

Həmsöhbətimiz vurğuladı ki, övladları üçün daha yaxşı şərait yaratmaq məqsədilə çalışan ata və analar bəzən özləri də bilmədən övladları ilə aralarında böyük məsafə yaradır, övladların psixoloji inkişafına təsir göstərirlər. Gündəlik müşahidələrimiz göstərir ki, hər iki valideynləri çalışan uşaqlar ya dayələrlə, ya da nənə-baba və ya digər qohumları ilə günlərinin əksər vaxtlarını keçirirlər. Sözsüz ki, bu da uşaqlarda valideynlərə qarşı münasibətdə özünü büruzə verir. Hər iki valideynin işləməsi, günün çox hissəsini uşaqlarla bərabər olmaması valideyn-övlad münasibətlərində müəyyən qədər məsafə yaradır. Övlad ata-anadan istədiyi qayğını görməyəndə eqoistləşir. Bundan əlavə iş sonrası yorğunluqdan dolayı övladlarına zaman ayırmamaları, onların isti münasibətlərini hiss etməmələri nəticəsində həmin uşaqlarda özgüvən yetərsizliyi, özünəqapanma, aqressiya halları formalaşır və bəzi uşaqlarda bu kimi hallar böyüsələr də uşaqlıq travması kimi qalır.

Hər zaman valideyn nəzarətində olan, onların aşırı diqqət qayğısını hiss edən uşaqlar...

Psixoloq qeyd etdi ki, bəzən cəmiyyətdə anaların işləməsinin uşaqların formalaşmasına, sosiallaşmasına da mənfi təsir göstərməsi ilə bağlı fikirlər bildirilir. Anaların işləməsi onların övladlarının sosiallaşmasına təsiri tək səbəb deyil. Bu gün heç bir yerdə işləməyən, bütün gününü övladları ilə keçirən yetərincə analar vardır ki, həmin övladlarda sosiallaşmasında ciddi problemlər olur. Əslində daha çox qayğı görən uşaqlarda da ərköyünlük deyilən bir cəhət formalaşır. Hər zaman valideyn nəzarətində olan, onların aşırı diqqət qayğısını hiss edən uşaqlar həyata atılanda daha passiv olurlar, müstəqil hərəkət edə bilmirlər. Odur ki, ananın işləməsi və ya işləməməsi deyil, uşağa  ayrılan  zamanın keyfiyyətli olması daha önəmlidir. Bu ananın övladına qarşı münasibətindən, qayğısından asılı olan bir məqamdır. Psixoloq kimi, ailədə hər iki valideynin işləməsini istəyən cütlüklərə, xüsusilə analara öz uşaqları ilə münasibətlərini sağlam qoruyub saxlamaq barədə bəzi tövsiyələr vermək istərdim.

Təranə Paşayeva tövsiyə edir ki, evdə olduğunuz zaman, işdən sonra bir neçə saat uşağınıza diqqət ayırın və vaxtınızı onunla keçirin. Özünüzü həddən artıq məşğul edərək və yaxud göstərərək evdən kənarda vaxt keçirməyə çalışmayın. Uşağınız üçün onun özünü sağlam, təhlükəsiz hiss edəcəyi və onu inkişaf etdirəcək keyfiyyətli uşaq qayğısı həyata keçirən müəssisə tapın. Evlə iş arasında dəqiq sərhəd yaradın və işdə olan problemləri evdə övladlarınıza əks etdirməyin. Hər zaman övladlarınızı sevdiyinizi, onun işləsəniz belə yanında olduğunu nümayiş etdirin. Həftəsonlarını  gəzintilər təşkil edərək zamanınızı onunla birlikdə  keçirin.

Yaqut Ağaşahqızı, “İki sahil”