30 aprel 2024 17:37
325

ADNSU-da 30 aprel faciəsinin 15-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirildi - FOTO

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel faciəsinin 15-ci ildönümü münasibəti ilə ağacəkmə aksiyası keçirilib. Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror aktının növbəti ildönümüdür. Terror hadisəsindən 15 il ötür. Kütləvi qətllə nəticələnən faciə 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusunda baş verib. Ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər kəsə “Makarov” tipli tapançadan atəş açıb, nəticədə 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Hadisəni törədən şəxs binanın sonuncu mərtəbəsində əlindəki silahla özünü vuraraq intihar edib. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərovun, universitetin professor-müəllim heyəti və qətliam zamanı həyatını itirənlərin yaxınlarının iştirak etdiyi tədbir 30 aprel faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önünə əklil qoyulması və gül dəstələrinin düzülməsi ilə başlanılıb. 

Sonra universitetin həyətində faciə nəticəsində həyatını itirənlərin əziz xatirəsinə ağac əkilib. Ağacın önündə qurarşdırılımış lövhədə QR kod vasitəsi ilə universitetin web saytına giriş edib 30 aprel qətliamı zamanı həyatını itirənlər və zərərçəkənlər haqqında ətraflı məlumat almaq mümkündür.

Ağacəkmə aksiyası başa çatdıqdan sonra anım tədbiri universitetdə çay süfrəsi arxasında davam edib. ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov çıxış edərək 30 aprel qətliamından danışıb. O bildirib ki, universitetin çox dəyərli müəllim və tələbələrinin həyatına son qoyulduğu bu hadisə təkcə ADNA (ADNSU) tələbələrinə və əməkdaşlarına qarşı yox, Azərbaycan təhsilinə, insanlığa qarşı törədilmiş qətliam idi. Dosent Vazeh Əskərov onu da qeyd edib ki, artıq 15-ci ildir ki, hər il aprelin 30-da universitetdə anım tədbiri keçirilir, faciə zamanı həyatını itirənlərin ailə üzvlərinin və yaxınlarının da iştirakı ilə onların xatirəsi yad olunur, bu hər zaman da belə olacaq.  

Sonra hadisə şahidi və zərərçəkmiş, ADNSU-nun “Sənaye maşınları” kafedrasının dosenti Zemfira Hüseynli, faciə zamanı həyatını itirən universitetin əməkdaşı Şəfa Məmmədovanın valideyni Xuraman Məmmədova, həlak olmuş tələbələrin valideynləri və faciənin şahidi olan universitet əməkdaşları çıxış edərək həmin qanlı gün haqqında təəssüratlarını bölüşüblər. Faciə qurbanlarının yaxınları onların həlak olmuş əzizlərinin xatirəsinin daim anıldığına görə ADNSU-nun rəhbərliyinə, müəllim və tələbə heyətinə təşəkkürlərini bildiriblər. 

Şəmsiyyə Əliqızı, “İki sahil”