20 may 2024 23:45
396

Duz yükü...

Hər bir insanın gündəlik istifadə etdiyi qidalar arasında duz önəmli yerə sahibdir. Lakin bu gün bir çox insanların normadan artıq duzdan istifadə etməsi onların müxtəlif problemlərlə üzləşməsinə səbəb olur. 

Bəs görəsən, duzdan düzgün istifadə qaydası necədir?

Gündə 5 qram...

Həkim-dietoloq Leyla Zülfüqarlı məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, tərkibi natrium xlorid olan duz üzvi birləşmə olaraq orqanizmdə çox vacib maddədir: “Lakin dahi Nizami Gəncəvinin yazdığı kimi “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”. Bu fikir duz üçün xüsusilə keçərlidir. Çünki onun dozasını aşanda çox ciddi xəstəliklərə səbəb ola bilir. Sözügedən xəstəliklər arasında hipertoniya, böyrək funksiyalarının pozulması, böyrəkdə daşların yaranması, limfostaz var. Eyni zamanda, təzyiqin yüksəlməsinin səbəbləri arasında duzun həddən artıq çox istifadə olunması da durur. Ancaq duzun heç istifadə olunmaması da bir sıra xəstəliklər yaradır. Çünki bu vacib maddənin gündəlik sutkalıq tələbata uyğun olaraq bir çay qaşığı yəni 5 qram dozada qəbul olunmasına ehtiyac var. Lakin bir sıra maddələri ionlar şəklində tərəvəzlərdən aldığımız üçün bu məhsulları duzlayıb qəbul etməməliyik. Yaxud gün ərzində çörək məmulatı da qəbul edirik. Çörəyin də tərkibində duz olduğu üçün süfrəyə qoyulan duzdan çox istifadə olunmasına ehtiyac yoxdur. Eyni zamanda, turşuların yeyilməsi duzun dəfələrlə şişirdilmiş dozasının qəbul edilməsi deməkdir. Ölkədə bir sıra xroniki xəstəliklərin artmasının digər səbəbləri olduğu kimi, duzun da bu məsələdə öz rolu var. Bu səbəbdən insanlara 5 qram dozanın aşılmaması ilə bağlı çağırışlar edirik.”

Duzun faydası olsa da, miqdarının çoxluğu orqanizm üçün zərərlidir

Digər dietoloq Sevinc Həsənzadə isə bildirdi ki, bu gün bir çox insanlar duzdan qaynaqlanan problemlərlə üzləşir. Duz əskikliyi orqanizmdə bir çox xəstəliklərə səbəb olur. Duz mineralı azaldıqda əsəb sistemi yaxşı çalışmır, əzələ hərəkətləri gücsüz hala düşür. Təbii antibiotik olan duz orqanizmdə az olduğu zaman insanı depressiyaya sala bilər. Duzdan artıq istifadə isə bir çox xəstəliklər yaranda bilər. Belə ki, bunlar arasında ürək xəstəlikləri, infarkt, su itkisi, sümük əriməsi, həzm pozğunluqları, hormonal pozuntular var. Duz təbii mineral olduğundan orqanizmdə mövcud qan miqdarı və təzyiq səviyyəsi üçün vacibdir. O cümlədən duzdan az istifadə edən şəxslərdə həddən artıq bəlğəm ifraz olunduğu müşahidə edilir. Bu isə yuxu zamanı ağız suyunun axıntısına səbəb olur. Yatmazdan əvvəl duzlu su içmək serotinin hormonunu balanslaşdıraraq stress və gərginlik kimi xoşagəlməz halların qarşısını alır. Bundan əlavə, yuxu problemi olan insanlarda yuxunu tənzimləməyə kömək edir.

Sayalı Abasova, “İki sahil”