30 aprel 2024 23:32
275

Qlobal neft və qaz kəşfləri rekord həddə azalıb

Keçən il neft və qaz kəşfləri 5 milyard barel neft ekvivalenti təşkil edərək, rekord səviyyədə aşağı düşüb, kəşfiyyat xərcləri isə iki dəfəyə yaxın artıb.

Qaz İxrac Edən Ölkələr Forumunun (GECF)  verdiyi məlumata görə, 5 milyard barelin 60%-i yeni neft, qalanını isə qaz kəşfləri olub.

Hesabatda qeyd olunur ki, bu, əvvəlki ildəki 10,5 milyard barel neft ekvivalentində yeni kəşflərlə müqayisədə, tələbin artmasına baxmayaraq, sənayenin yeni neft və qaz tədarükünə kifayət qədər sərmayə qoymadığına dair OPEC-in arqumentlərini təsdiqləyir. OPEC bu tendensiyanın səbəbini keçid tərəfdarı olan proqnozçuların və hökumətlərin investisiya həvəsinin azalması ilə əlaqələndirib.

Xərc problemi də çox güman ki, investisiya nisbətinin aşağı düşməsində rol oynayıb. GECF neft ekvivalentinin bir barelinin kəşfiyyat xərclərinin keçən il 2,60 dollardan 5,30 dollara yüksəldiyini bildirib.

GECF-in məlumatına görə, neft üçün kəşfiyyat xərcləri də əhəmiyyətli dərəcədə artıb, 2022-ci ildə neft ekvivalenti üçün 3,50 dollardan bir barel üçün 8,80 dollara qədər yüksəlib. Bu, ən çox yeni kəşflərin baş verdiyi ərazilərlə əlaqədar ola bilər. Belə ki, yeni kəşflər daha çox dərin sulu dəniz bloklarını əhatə edib. GECF-in məlumatına görə, keçən il yeni kəşflərin 41%-i ultradərin sularda, 30%-i isə dərin su sektorlarında edilib.

Coğrafi bölgüyə gəlincə, 2023-cü ildə yeni kəşflərin ən böyük hissəsi Asiyada (32%), ikinci əsas hissəsi isə Latın Amerikasında (21%) baş tutub. Avropa və Afrika hər biri 11% payla üçüncü yerdə qərarlaşıb.

Nubar Süleymanova, “İki sahil”