15 may 2024 00:45
652

Biz Qaraqoyunlu Dərəsinə qayıdacağıq!

Mən Cəfərova Fatma Əjdər qızı 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın İcivan (Karvansaray) rayonunun Salah kəndində anadan olmuşam. Anadan olduğum Salah kəndi Qaraqoyunlu Dərəsinə (Mahalına) aid olub.Qaraqoyunlu Dərəsində 8 kəndin tamamında Azərbaycanlılar yaşayıb. Qaraqoyunlu Dərəsində yaşayan əhali qədim Azərbaycan dövlətini yaradan Qaraqoyunlu tayfasına aid olub. Kəndimiz iki dağın arasında Tərsəçay boyunca çox mənzərəli yerdə yerləşirdi. Kənd əhalisi əkinçiliklə, maldarlıqla məşğul olurdu. Kənddə yaşamaq çox çətin olduğuna görə hər bir valideyin övladının ali təhsil almasını, kənddən uzaqlaşmasını istəyirdi. Çünki bizim rayon sırf ermənilərdən ibarət idi. Heç bir azərbaycanlının yüksək vəzifələrdə işləməsinə yol verilmirdi. Ona görə də kəndimizdə elə ev yox idi ki , oradan ali təhsil alan çıxmasın.Bizim üçün ali təhsil almağın da çətinlikləri var idi. Həmin dövrdə İrəvan şəhərində ali təhsil almaq bizə çox rahat olardı. Amma ermənilər hər yerdə olduğu kimi, İrəvanda da azərbaycanlıları çox incidir, daim aşağılayır, təhqir edirdilər. Ona görə də biz ali təhsil almaq üçün Bakı və Gəncəyə üz tuturduq. Kəndimizdən 1988-ci ilə qədər onlarla alim, professor və elmi işçi çıxmışdı.

Onlardan keçmiş təhsil naziri Mərdanov Misir Cumayıl oğlunu, fizika elmləri doktoru, professor Qocayev Niftalı Mehralı oğlunu, professor Qocayev Eldar Mehralı oğlunu, polis polkovniki Qocayev Nizami Mehralı oğlunu, alim Qarayev Paşa Tapdıq oğlunu, alim Dəmirov Aslan Həsən oğlunu, alim Dəmirov Xançoban Həsən oğlunu, tibb elmləri doktoru Həsənov Faiq Paşa oğlunu, tibb elmləri doktoru Dəmirov Novruz Hüseyn oğlunu, Keçmiş SSRİ Neft və Qaz Sənayesi Nazirliyində şöbə rəisi, Ümumittifaq Dəniz Neft-Qaz İnstitutunun direktoru, Beynəlxalq Elmi-Texniki konfransların sədri, icraçı katibi, Rusiya Fedarasiyasının Ali Dövlət mükafatları lauratı, ABŞ, Almaniya, Polşa, Norveç, Finlandiya, Rusiya Elmlər akademiyalarının müxbir üzvü, hidrotexnik, texnika elmləri doktoru, professor, hazırda elmi-texniki mərkəzin baş direktoru Dilican Mirzəyevi misal göstərmək olar.

Kəndimiz əhalinin səyi, zəhməti sayəsində çox abad idi. Gözəl məktəbimiz var idi. Mən orta təhsilimi kənd məktəbimizdə almışam. IX sinifdə oxuyanda riyaziyyat fənnindən olimpiadanın respublika turuna keçmişdim. Orada mənə ciddi təyziqlər edərək nəticə qazanmağa qoymadılar. Amma buna baxmayaraq 1978-ci ildə həmin məktəbi başa vurub Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşam.1983-cü ildə universiteti başa vurub kəndimizə qayıtmışam.1984-cü ildən kənd məktəbimizdə müəllim kimi pedaqoji fəaliyyətinə başlamışam.

Ermənilər hər zaman azərbaycanlılara qarşı aqressiv olmuşlar. Bunu həm böyüklərdən, həm də yaşadığım dövrdə özüm şahid olmuşam. Belə ki, babam danışırdı ki, 1918-ci ildə ermənilər bizi kəndimizdən qovdu. Bu hadisə baş verən zaman yüzlərlə azərbaycanlı erməni vəhşiliyinin qurbanı oldu.

Babamın söylədiyinə görə, onun qardaşını da həmin hadisələr zamanı ermənilər qətlə yetirmişlər. Yenə babamın söylədiklərinə görə, onlar ac-susuz bir neçə gün arabalarla yol qət edərək Azərbaycanın aran bölgəsinə yerləşiblər. Dağlıq ərazidən gəldiklərinə görə qocalar, uşaqlar istiyə, aclığa dözməyib dünyasını dəyişiblər. Bir müddət sonra yenidən öz doğma kəndlərinə qayıdıblar. Sonrakı dövrlərdə ermənilərin xalqımıza qarşı kini, nifrəti davam etmişdir. Rayonda hər bir idarə-müəssisədə ermənilər azərbaycanlılardan öndə dururdu. 1969-cu ildə atam kolxoz işindən qayıdarkən avtomobil qəzaya uğrayıb yerindəcə dünyasını dəyişmişdi. Avtomobilin sürücüsü erməni idi. Amma ona çox cüzi bir cəza verdilər. 1987-ci ildə kəndimizdən bir qadın xəstələnib və onu rayon xəstəxanasına aparıblar. İki gün sonra həmin qadına iynə vurub öldürmüşdülər.

O dövrdə azərbaycanlıların heç bir şikayətinə baxılmırdı. Sumqayıt hadisələrindən sonra isə azərbaycanlıları görmək belə istəmirdilər. Xəstəliklə bağlı rayona xəstəxanaya getməkdən belə qorxurduq. Hərbi xidmətdə olan gənclər döyülür, müxtəlif işgəncələrə məruz qalırdılar.

1988-ci ilin 29 noyabrından başlayaraq kənd əhalisi Azərbaycanın bir çox rayon və şəhərlərinə köç etmək məcburiyyətində qaldı. Min bir əzab-əziyyətlə tikib yaratdığımız ev-eşiyimizdən, qohum-əqrabamızdan demək olar ki bir gecədə ayrıldıq. İndi 36 ildir ki, atamın qəbrini ziyarət edə bilmirəm. Mənim kimi minlərlə, on minlərlə övladlar var ki, Qərbi Azərbaycana günü səbirsizliklə gözləyirlər. Elə bir günümüz olmur ki, keçmiş xatirələrimizdən, kəndimizdən, qohum-qonşumuzdan danışmayaq, el oba həsrəti çəkməyək.

Qərbi Azərbaycana qayıdış proqramını həyata keçirmək üzrə olan Azərbaycan Respublikasının Prezidentinə dərin təşəkkürümü bildirir və bu layihəyə hər cür dəstək göstərməyə hazırıq.

Fatma Cəfərova,
Oğuz şəhər Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin müəllimi