23 may 2024 17:16
210

YAP Xətai rayon təşkilatının Süleyman Vəzirov küçəsi 11 ünvanı üzrə yeni ərazi partiya təşkilatı yaradılıb - FOTO

Mayın 23-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının Süleyman Vəzirov küçəsi 11 ünvanı üzrə  yeni ərazi partiya təşkilatı yaradılıb.

Bununla bağlı keçirilən tədbiri giriş sözü ilə açan YAP  Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yaxın gunlərdə müstəqillik tariximizin   106-cı ildönümünü qeyd edəcəyimizi bildirərək diqqəti bu dövrün Heydər Əliyev mərhələsinə yönəldib. Bildirib ki,  Azərbaycan 1991-ci ilin 18 oktyabr tarixində  müstəqilliyini bərpa etsə də  ölkədə  xaos hökm sürürdü. Belə ki, müstəqilliyimizin ilk illərində Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ölkədə ictimai-siyasi durumun gərginləşməsinə, xaosun, anarxiyanın, özbaşınalıqların baş alıb getməsinə səbəb olmuşdu. Ölkə vətəndaş qarşıdurmasını yaşayır, sabaha olan ümidlər tamamilə itirdi. Müstəqilliyini, bir dövlət kimi varlığını itirmək təhlükəsini yaşayan Azərbaycanı bu çətin vəziyyətdən xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, zəngin təcrübəsi, yüksəl idarəçilik qabiliyyəti çıxardı. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Azərbaycanın  müstəqillik tarixinin yeni, parlaq səhifəsini yazdı.  Dövlət başçısı İlham Əliyev  “Bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” söyləyərək bildirir ki, çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi. Azərbaycan müstəqil siyasət apara bilirdi? Yox! Öz hüdudlarını qoruya bilirdi? Yox! Beynəlxalq aləmdə öz sözünü deyə bilirdi? Yox! Bəs bu, nə müstəqillikdir?

 Vüqar Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanı qalibiyyətə qovuşdurdu. Artıq 4 ilə yaxındır ki, bayramları, tarixi günləri  Zəfər ovqatında qeyd edirik. Bu gün Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin  tam bərpa olunması ilə dünyanın diqqətindədir. İşğaldan azad edilmiş ərazilərini yeni reallıqlar əsasında cənnət məkana çevirən Azərbaycan bir daha sübut edir ki, tarixinə, torpaqlarına sahib  çıxan xalq yenilməzdir.

YAP Xətai rayon təşkilatının sədri  müstəqillik tariximizin uğurlarına bələdçilik edən yaranması və inkişafı Ulu Öndər Heydər Əliyevin adı və titanic fəaliyyəti ilə bağlı olan Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan,  qəbul etdiyi qərarların, irəli sürdüyu təşəbbüslərin Azərbaycanın daha da möhkəmlənməsinə, xalqımızın yüksək rifahının təmin edilməsinə xidmət etməsindən söhbət açıb. Bildirib ki, Ümummilli Liderin «Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır» çağırışı bütün dövrlərdə aktuallığını qoruyur, partiyanın fəaliyyətinə bələdçilik edir. Son  20 ildən  artıq dövrdə Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə  müasir müstəqil Azərbaycan ən yüksək zirvələri fəth edir, müstəqillik tariximizi Zəfər səhifələri ilə zənginləşdirir. Son 20 il Yeni Azərbaycan Partiyasının da həyatında mühüm uğurlarla yadda qalıb.

Tədbirdə çıxış edən partiya üzvü Nizami Mehdizadə böyük qürur hissi ilə suverenliyimizin, ərazi bütövlüyümüzün tam bərpa edilməsindən, тарихи Зəfərimizin  bütün sahələrdə yeniliklərə, islahatlara yol açmasından bəhs edib. Bildirib ki, Yeni Azərbaycan Partiyası daim yeniliyə maraq göstərən və bunu fəaliyyətində təsdiqləyən partiyadır. Böyük qürur hissi ilə qeyd edib ki, Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin uğurla rəhbərlik etdiyi partiyanın sıralarında  təmsil olunmaq böyük şərəfdir. Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır.

Sonra təşkilati məsələyə baxılıb. Nizami Mehdizadə yeni yaradılan ərazi partiya təşkilatının sədri, Əsmər Əliyeva isə sədr müavini seçiliblər.

Tədbirdə YAP sıralarına yeni qəbul olunan Nərgiz İsmayılovaya partiyanın üzvlük vəsiqəsi təqdim olunub.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni yaradılan ərazi partiya təşkilatına fəaliyyətində uğurlar arzulayıb.