25 may 2024 15:05
295

Müstəqillik Günü Budapeştdə də qeyd olunub

Azərbaycanın Macarıstandakı səfirliyi Budapeştdə İslam dünyasında ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü şərəfinə qəbul təşkil edib.

“İki sahil” xəbər verir ki, məşhur “Aranybástya” zalında təşkil edilən tədbirdə Macarıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, bu ölkənin tanınmış siyasət və mədəniyyət xadimləri, Azərbaycan diasporunun təmsilçiləri, həmçinin bu yaxınlarda Budapeştdə keçirilmiş yarışlarda medallar qazanmış azərbaycanlı gimnastlar daxil olmaqla 200-dən çox iştirakçı olub.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının və Macarıstanın Dövlət himnləri səsləndirilib. Sonra ölkəmizin Macarıstandakı səfiri Tahir Tağızadə və Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Boqlarka İlleşin çıxışları olub.

Səfir Tahir Tağızadə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən, həmçinin onun 1991-ci ildə Azərbaycan xalqının dövlət müstəqilliyinin bərpasında əhəmiyyətindən, Cümhuriyyətin varisi olan Azərbaycan Respublikasının siyasi kursundan və iki dost ölkə arasında münasibətlərin inkişafından bəhs edib. O, habelə Azərbaycanın azad olunmuş ərazilərində aparılan bərpa işlərində Macarıstanın töhfəsini qeyd edib.

Boqlarka İlleş, öz növbəsində, Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edərək vurğulayıb ki, iki ölkənin rəhbərlərinin və digər yüksək səviyyəli şəxslərin qarşılıqlı səfərləri sayəsində dinamik inkişaf edən ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və ölkələrimiz arasında həqiqi dostluğa səbəb olub. O qeyd edib ki, Macarıstan ilə Azərbaycan arasında münasibətlər Avropa kontekstində, habelə beynəlxalq miqyasda milli maraqlar və qarşılıqlı hörmət əsasında bərabərhüquqlu, şəffaf əlaqələrin nümunəsinə çevrilib.

Çıxış edənlər Macarıstanın Avropa İttifaqında sədrliyinin və Azərbaycanda keçiriləcək COP29 iqlim sammitinin ikitərəfli münasibətlərə yeni təkan verəcəyinə əminlik ifadə ediblər.

Diplomatların çıxışlarından sonra Azərbaycanın Macarıstandakı səfirliyi adından rəsmi qəbul olub.

Tədbirin fəxri qonaqları arasında Macarıstanın Dövlət Məclisinin sədr müavini Şandor Lejak, milli təhlükəsizlik üzrə müşavirin müavini Jolt Bunford, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, “Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov olublar.