28 may 2024 00:21
404

Təbii zeytun yağını necə seçək?

İnsan orqanizinmə faydaları, tərkibindəki mineral və vitaminləri ilə seçilən məhsullardan biri də zeytundur. Hazırda mütəxəssislər zeytundan alınmış sulu yağı ən faydalı və təmiz məhsul hesab edirlər.

Görəsən, zeytun yağı alarkən nələrə diqqət etmək lazımdır? Təmiz zeytun yağını necə müəyyən etmək olar?

Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova məsələ ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, zeytun yağı yağlar arasında orqanizm üçün faydalı məhsullardan hesab olunur: “Çünki zeytunun tərkibi A, D, Y, K vitaminləri ilə zəngindir. Xüsusilə də orqanizmimiz və genetik kodlarımızın yerli zeytunu tanıması onu asan həzm etməyimizə kömək edir. Həmçinin yerli zeytunların daha yaxşı olmasının səbəblərindən biri kimyəvi gübrələrdən və sintetik dərmanlardan istifadə olunmadan, təbii gübrələrlə yetişdirilməsidir. Əgər təbii zeytun yağı alacayıqsa, ilk növbədə mənşəyi bəlli olan istehsal müəssisəsinin məhsullarına müraciət etməliyik. Çünki bəzən mənşəyi bəlli olmayan, yaxud qablaşdırmasında düzgün qaydalara əməl edilməyən, lakin orqanik qida adı altında satılan zeytun yağları ilə rastlaşırıq. Bu səbəbdən mütləq şəkildə məhsulun etiket məlumatlarına diqqət yetirməliyik. Etiket məlumatlarında istehsalçı müəssisənin ətraflı məlumatı, ünvanı, qaynar xətti, məhsulun istehsal və son istifadə tarixi, tərkibində istifadə olunan inqridientlər haqqında tam məlumat verilməlidir. Bütün bunlar məhsulun keyfiyyətli və etibarlı mənbədən alındığını göstərməlidir. Zeytun yağının rəngi əsasən, sarımtıl-yaşıl, yaxud qızılı-sarı rəngə çalır. Əgər yağ bulanıq olarsa, bu onun öz təbii xüsusiyyətindən qaynaqlana bilər. Amma kəskin sarı və yaşıl rəngdədirsə, burada məhsulun hazırlanmasında qida boyalarından istifadə edildiyini deyə bilərik. Bəzən dibində bir az çöküntü olması zeytun yağının orqanik olduğunun göstəricisidir. Bu yağın qoxusu isə təzə və xoşagələn zeytun ətri verməlidir. Əgər heç qoxusu yoxdursa və ya zəifdirsə, bu onun təbii olmadığını göstərir. Dadı isə xoşagələn olmalı, yüngül şəkildə zeytun tamı hiss etdirməlidir. Lakin kəskin dad hiss olunursa, ağızda acı tam verirsə, bu, onun tərkibində əlavə qatqılardan istifadə edildiyini göstərir. Zeytun yağının üzərində soyuq-sıxım və ya ekstra virgin qeyd edilməsi yağın mexaniki yolla əzilərək əldə olunduğunu göstərir. Bu üsulla hazırlanan zeytun yağı insan orqanizminə daha çox fayda verir. Ümumiyyətlə, zeytun yağı alarkən tünd rəngli şüşədə olmasına və daha sərin yerdə saxlanıldığına diqqət etməliyik. Çünki belə şüşə yağı işıqdan qoruyur və keyfiyyətli qalmasına kömək edir. Müsbət 4 dərəcədə belə zeytun yağının donmasına baxmayaraq, onu sərin yerdə saxlamağımız önəmlidir. Eyni zamanda, uzun müddət zeytun yağından istifadə edəcəyiksə, yaxşı olar ki, 0.25 və 0.5 litr kimi kiçik şüşələrdə olanı alınsın. Çünki hər dəfə şüşənin qapağı açıldıqca oksigenlə reaksiyaya məruz qaldığı üçün tərkibi dəyişir. Bu isə insan orqanizmində bir çox həzm problemlərinə səbəb ola bilər. Zeytun yağını evdə 15-20 dərəcə olan qaranlıq yerdə saxlamaq olar. Diqqət edəcəyimiz əsas məqamlardan biri rəf ömrü daha az olan məhsullara üstünlük verməkdir. Çünki istifadə müddəti uzun olan məhsullarda daha çox kimyəvi qatqı maddələrindən istifadə olunur. Bu isə ən çox xaricdən gələn məhsullarda da özünü göstərir”.

Sayalı Abasova,“İki sahil”