28 may 2024 15:50
238

Müstəqillik Gününü İstanbulda böyük coşqu ilə qeyd edilib

28 May - Müstəqillik Günü İstanbulda böyük coşqu ilə qeyd edilib.

“İki sahil” xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və İstanbuldakı Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə iki qardaş ölkənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi yad olunub.

Sonra Azərbaycanın müstəqillik tarixinə həsr olunan videoçarx nümayiş etdirilib.

Dərnəyin Baş katibi Metin Yıldırımın təqdimatı ilə keçirilən tədbirdə çıxış edən İSTAD-ın sədri Səfər Qaraqoyunlu, Azərbaycanın İstanbuldakı Baş konsulluğunun konsulu Cavid Ələkbərov və TADEF-in sədr müavini Pərviz Məmmədzadə Azərbaycanın müstəqillik yolunda keçdiyi çətin, bir o qədər də şərəfli yoldan danışıblar.

Bildirilib ki, tarix boyu heç bir əsarətə boyun əyməyən Azərbaycan xalqı daim öz müstəqilliyi uğrunda mübarizə aparıb, bu yolda minlərlə şəhid verib. Dünya hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilən tarixi Zəfər Azərbaycanın əzminin və cəsarətinin ən bariz nümunəsidir. Bu gün Qafqazın parlaq ulduzu olan Azərbaycan dünya dövlətləri arasında söz sahibinə çevrilib.

Türkiyə-Azərbaycan qardaşlığından bəhs edən natiqlər tarixin dərinliklərindən gələn bu birliyin gələcəkdə daha da güclənəcəyinə əminliklərini bildiriblər.

Bayram proqramı bədii hissə ilə davam etdirilib.