30 may 2024 02:37
672

“Yaşıl enerji” sahəsində regionun lideri

2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpaolunan enerjinin payının elektrik enerjisinin qoyuluşunda 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir

Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 qiqavat, dənizdə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3000 meqavat, günəş enerjisi üzrə 23000 meqavat, bioenerji potensialı 380 meqavat, dağ çaylarının potensialı 520 meqavat həcmində qiymətləndirilir.

2027-ci ilədək ölkənin enerji sistemində bərpa olunan enerjinin payının 33 faizə çatacağı gözlənilir. Bu barədə Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov ötən ilin noyabr ayında II “Qlobal Cənubun Səsi” Sammiti çərçivəsində enerji nazirlərinin sessiyasındakı çıxışında məlumat vermişdi. Onun sözlərinə görə, 2027-ci ilədək 1870 MVt həcmində “yaşıl güc”lərin ölkənin enerji sisteminə inteqrasiyası nəticəsində bərpa olunan enerjinin payının elektrik enerjisinin qoyuluş gücündə 33 faizə, elektrik enerjisinin istehsalında isə hazırkı 7 faizdən 25 faizə çatacağı gözlənilir: “Bu, 2030-cu ilə olan hədəfimizin artıqlamasilə yerinə yetirilməsi deməkdir. Beynəlxalq enerji şirkətləri ilə qarşıdakı onillikdə daxili istehlak, iqtisadiyyatın dekarbonizasiyası və ixrac məqsədilə 10 QVt-dək “yaşıl enerji” layihələrinin reallaşdırılması üzrə əməkdaşlıq edirik”.

Bununla yanaşı, Azərbaycan hökumətinin bərpa olunan enerji resurslarından istifadə ilə bağlı digər hədəfləri də var. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5-ci bəndi məhz “Təmiz ətraf mühit və yaşıl inkişaf ölkəsi” adlanır. Sənəddə qeyd olunub ki, elmi-texniki nailiyyətlərə əsaslanaraq, iqtisadiyyatın bütün sahələrində bərpa olunan enerji mənbələrinin xüsusi çəkisini artırmaqla iqlim dəyişikliyinin təsirləri azaldılmalıdır. Bu baxımdan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına qoşulan ölkələr, o cümlədən Azərbaycan, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) uyğun olaraq, hədəflərini müəyyən ediblər. Azərbaycan NDC sənədində ölkənin milli şəraitini, gələcək inkişaf perspektivlərini və milli maraqlarını nəzərə alaraq, qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması məqsədilə 2030-cu ilədək istixana qazları emissiyalarının səviyyəsini 1990-cı illə müqayisədə 35 faiz azaltmağı öhdəsinə götürüb. Baxmayaraq ki, hələ 2016-cı ildə aparılan inventarlaşmaya əsasən, Azərbaycan Respublikasının qlobal emissiyalarda payı cəmi 0,15 faizdir”.

Yaşıl enerji planları artıq real nəticələr verməkdədir. Ötən ilin oktyabr ayında açılışı olan 230 meqavat gücündəki “Qaradağ” GES ölkəmizdə 225 milyon dollar məbləğində xarici investisiya hesabına inşa edilmiş ilk stansiyadır. Bu stansiya sayəsində enerji balansımıza ildə 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilməklə 110 milyon kubmetr həcmində təbii qaza qənaət ediləcək. Həmçinin “Masdar” ilə 10 qiqavatadək həcmdə müqavilələr bağlanıb. İlkin mərhələdə quruda sənaye miqyaslı 1 qiqavat gücündə günəş və 1 qiqavat gücündə külək enerjisi, həmçinin 2 qiqavat gücündə dənizdə külək və inteqrə olunmuş yaşıl hidrogen istehsalı layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi imzalanıb. Bu çərçivədə Neftçalada 390 meqavatlıq günəş, Biləsuvarda 445 meqavat günəş və Qobustanda 200-300 meqavat gücündə külək elektrik stansiyalarının inşası nəzərdə tutulur. 240 meqavat gücündə “Xızı-Abşeron” KES-in isə 2025-ci ildə istismara verilməsi qrafikinə uyğun işlər davam etdirilməkdədir. “ACWA Power” şirkəti ilə dənizdə və quruda ümumi gücü 2,5 qiqavatadək külək layihəsinin həyata keçirilməsinə dair İcra müqavilələri çərçivəsində ötən il Batareya Enerji Saxlama Sistemi və quruda 200 meqavat külək layihələri üzrə Yol Xəritəsi imzalanıb. Bundan başqa, Böyükşor gölündə 100 kVt gücündə pilot layihə üzrə ölkəmizdə ilk üzən günəş stansiyası quraşdırılıb.

Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkəmizin işğaldan azad edilmiş ərazilərini “Yaşıl enerji zonası” elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. Çünki, burada enerji təminatını tamamilə bərpa olunan (su, külək, günəş) mənbələrdən əldə etmək mümkündür. Eyni zamanda, mövcud və artırılacaq meşə massivləri emissiya udulmalarını təmin edərək “netto” hədəfə nail olunmasına töhfə verə bilər. Həmin ərazilərdə yaradılan “ağıllı şəhər”, “ağıllı kənd”lər emissiyaların qarşısının alınması tədbirlərini də ehtiva edir. Yeri gəlmişkən, artıq işğaldan azad edilmiş 6 rayonda - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə günəş elektrik stansiyalarının (GES) tikintisi üçün ümumi potensialı 4000 MVt-dən yüksək qiymətləndirilən 8 perspektiv ərazi müəyyən edilib. Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 m/s olduğu geniş ərazilər mövcuddur. Bu ərazilərin infrastruktur, coğrafi relyef və digər faktorları nəzərə alınaraq, ilkin külək enerji potensialı 500 MVt-dək qiymətləndirilir. Onu da bildirək ki, 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onun da potensialı 5 qiqavata qədərdir.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda günəş elektrik stansiyalarında 144,4 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 7,6 dəfə çoxdur. Energetika Nazirliyinin məlumatına görə, dörd ay ərzində ölkədə külək elektrik stansiyalarında 21 mln. kVt·st elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2 faizə yaxın azalma deməkdir. Məlumata görə, hesabat dövründə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 90,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur.

Sevinc Azadi, “İki sahil”