21 aprel 2026 12:49
113

"Azərkosmos" məkan məlumatlarını GeoAI əsaslı analitik həllərə çevirir

Peyk və məkan məlumatları artıq yalnız müşahidə deyil, qərarvermə və planlaşdırma üçün strateji alətə çevrilir

"Azərkosmos" peyk və digər məkan məlumatlarının yüksək dəyərli analitik həllərə çevrilməsinə fokuslanır.

Azərbaycan Respublikasının Kosmik Agentliyi - "Azərkosmos" nəzdində fəaliyyət göstərən CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov “İki sahil” qəzetinə açıqlamasında bildirib ki, "Azərkosmos" peyk və digər məkan məlumatlarının yüksək dəyərli analitik həllərə çevrilməsinə fokuslanır.

O qeyd edib ki, əsas məqsəd bu məlumatların yalnız müşahidə və xəritələndirmə üçün deyil, eyni zamanda qərarvermə, monitorinq və planlaşdırma proseslərində praktik alət kimi istifadəsini təmin etməkdir.

Həmid Əskərov bildirib ki, hazırda bir sıra prioritet sahələr üzrə həllər hazırlanır və inkişaf etdirilir. Bunlara meşə ərazilərinin monitorinqi, su hövzələrinin izlənməsi, əkin sahələrinin xəritələndirilməsi, əkin sahələrinin sərhədlərinin müəyyənləşdirilməsi, binaların aşkarlanması, nəqliyyat vasitələrinin müəyyən edilməsi və gəmilərin aşkarlanması daxildir.

Onun sözlərinə görə, bu həllər geniş ərazilər üzrə məlumatların daha sürətli, daha dəqiq və daha avtomatlaşdırılmış şəkildə təhlilinə imkan yaradır. Nəticədə idarəetmə, planlaşdırma və monitorinq prosesləri üçün məkan məlumatlarının analitik dəyəri əhəmiyyətli dərəcədə artır.

CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri əlavə edib ki, bu yanaşma Azərkosmosun yalnız kosmik məlumat təminatçısı kimi deyil, eyni zamanda GeoAI və rəqəmsal məkan analitikası sahəsində innovativ həllər yaradan texnoloji tərəfdaş kimi rolunu gücləndirir.

Yaqut Ağaşahqızı, “İki sahil”