Yaxın illər üçün əsas prioritetlərdən biri mövcud həllərin daha da təkmilləşdirilməsi və onların tətbiq sahələrinin genişləndirilməsidir.
Azərbaycan Respublikasının Kosmik Agentliyinin — Azərkosmos nəzdində fəaliyyət göstərən CİS Mərkəzinin Süni İntellekt bölməsinin rəhbəri Həmid Əskərov “İki sahil” qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, əsas məqsəd yalnız ayrı-ayrı texnoloji həllərin yaradılması deyil, bu həllərin daha sistemli şəkildə formalaşdırılması və geniş istifadəçi auditoriyası üçün praktik alətə çevrilməsidir. Bu istiqamətdə həm süni intellekt modellərinin inkişafı, həm də yeni tətbiq sahələrinin müəyyənləşdirilməsi mühüm yer tutur.

Həmid Əskərov qeyd edib ki, hazırlanacaq həllərin “Platerra” kimi platformalar vasitəsilə istifadəçilərə təqdim olunması əsas prioritetlərdəndir. Eyni zamanda, dünyada baş verən texnoloji yeniliklərin daim izlənilməsi və bu yeniliklərin yerli ehtiyaclara uyğunlaşdırılması da strateji istiqamət kimi müəyyənləşdirilib.
Onun vurğulamasına görə, ümumi məqsəd məkan məlumatlarını yalnız müşahidə vasitəsi kimi deyil, daha ağıllı və operativ idarəetmə üçün strateji bir alətə çevirməkdir.
Həmid Əskərov əlavə edib ki, CİS və süni intellekt texnologiyalarının inteqrasiyası gələcəkdə həm innovasiyanın, həm də praktiki tətbiqlərin əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək.
Yaqut Ağaşahqızı, “İki sahil”