13 iyun 2024 16:18
206

Azərbaycanın xilas tarixi- 15 İYUN

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Çünki, Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş, Azərbaycanın xilas tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Ulu Öndər Heydər Əliyevdir.

Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətlərindən danışarkən, ilk növbədə, kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Onun Azərbaycan dövlətçiliyini xilas etməsini, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmasını qeyd etmək vacibdir. 
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.

Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi.

Siyasi liderin gücü və qüdrəti onun elan etdiyi məqsəd və vəzifələrin, ideoloji prinsiplərin cəlbediciliyi ilə deyil, ilk növbədə, qarşıya qoyduğu vəzifələri real həyatda tətbiq imkanları ilə ölçülür. Bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqının milli kimliyinin və özünəməxsusluğunun bariz təcəssümünə çevrilmiş mütərəqqi ənənələrin təkmil ideoloji konsepsiya halına gətirilməsi və konkret dövlət modelində reallaşdırılması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasi kurs bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir.

Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısında ən mühüm xidmətlərindən biri Azərbaycanın tərəqqi yolunda əmin addımlarla irəliləməsini təmin edəcək layiqli varis, qətiyyətli lider yetişdirməsidir. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. 

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrildi.

Əminə Ağazadə,

Milli Məclisin deputatı